"Beyni səma, qəlbi dəniz..." - Şeirlər - TOFİQ

 

Əksin tərsi

 

Necə uçurumdursa,

"Tullan" fısıldanır qulağa.

Necə səmadırsa,

Ucaldıqca ucalmaq istənilir.

Necə torpaqdırsa,

Endikcə basdırılmaq istənilir.

Necə dənizdirsə,

Üfüq arzulanır.

Necə dərindirsə,

Boğulmağa can atılır.

Necə bir aydırsa,

Günəş işığı sevmir.

Necə küləkdirsə,

Gözlər bərəlmək istəyir.

Necə qasırğadırsa,

Biri orada mülk almaq istəyir.

Necə yağışdırsa,

Qurumaq lənətlənir.

Necə bir vulkandırsa,

Buza nifrət edilir.

Necə sürətlidirsə,

Məfhumlar axsın istənilir.

Necə yumşaqdırsa,

Daşlardan un düzəldilir.

Necə narkotikdirsə,

"Birini də ver" deyilir.

Necə qaranlıqdırsa,

Cəsarətin varlığını sübut edir.

Necə aydınlıqdırsa,

İşığı əvəzolunmaz edir.

Necə qırmızıdırsa,

Qalıb dadlanmasına səbr çatmır.

Necə qaçırsa,

Dincəlməyə macal çatmır.

Necə bir rəqsdirsə,

Ayaqlara "dayanma" deyilir.

Necə bir kitabdırsa,

Son sözə çatmaq istənilmir.

Necə bir dumandırsa,

Siqaret tərgidilmir.

Necə bir rəqəmdirsə,

Əksi ilə vəhdət olsun istənilir.

Necə bir cüt sırğadırsa,

Qulaqlar dinləmək istəyir.

Necə bir cüt gözdürsə,

"Boşluqdan boşdu" deyilir.

Necə bir duruşdursa,

Əyrilər heyrət edir.

Necə istidirsə,

"Udqunmaq günahdır" deyilir.

Necə bir yuxudursa,

"Oyanmaq bitirməkdi" deyilir.

Necə bir həyatdırsa,

Varoluş sancısı istənilir.

Necə bir ölümdürsə,

Arafda gəzinmək istənilir.

Necə bir Sondursa,

İkinci sezon gözlənilir.

Beyni səma, qəlbi dəniz,

            vücudu təbiət, ruhu torpaq.

Ən altda qalan ən çox arzulanan..

 

 

İkinci yolun əvvəli

 

Evə gedən bir yol var.

Tək və bəyaz otaqda

        bircə qara tablo yelləyir kirpikləri.

Dəzgahdakı aslan paslanır.

Divarın biri nəm həsrəti çəkir.

Asqılardan əyilir sarı parik.

Divanın qıcırtısı Handeli ifa edir.

Qapının cingiltisi səni.

Dənizlə hörülmüş pəncərədən

                        şüa damcıldayır hərdən.

Təbiətdən asılmış tavan

                        basdırır ağuşuna səni.

Qırmızı tökülüb köhnə bir kitab qapağına.

Rəngi bitmiş bir qələmin yanında.

Can suyunda muhafizə olunan balıq,

Nəzərlərini sancaqlayıb gözündən axanlara.

Paslanan aslan isə,

Gözlərinə.

Məqam tapsalar əgər,

Parik saçlarına hörülər,

Aslan ruhuva təpilər.

Balıq gözlərindən,

Divarın biri çiynindən daxil olar yaş qəlbinə.

Divan pıçıldayar qulağına nəğməni,

Qapı bəstələyər.

Stəkan dibində qurumuş qırmızı,

Axar boynundan aşağı.

Pəncərə selə qərq edər səni,

Təbiət tavan palçığı ilə başdan yaradar.

Evə gedən yol beyninə,

Qara tablo.

Qara tablo isə qara dodaqlarına gedər.

 

 

Payız yarpağı (Ən)

                     

Sovurur damcılarını,

Duzlu suyun.

Küləyini özü yaradır,

Dönərək, əvvəli bulaq olanın ətrafında

Köhnə qan nə zaman quruyar paltarda?

Təzəsinin yerini bilməkdən ötrü.

Küləyin gücü bəs edərmi qurutmağa?

Şiddətli çovğunu başqa damarları kəssə bəs?

Barmaqları batır könlünün quyusuna,

                                     payız yarpağının.

Duzlu su axır döyməli qollarından.

Yarpaq kəllə vurar bəlkə quyuya.

İçində batmayacağını bildiyiçün.

Duzlu su batırmaz, amma nüfuz edər.

İçilməz, amma balıqları dadlı olar.

Boylanıb quyudan, "Bura gözəldir" desə yapraq,

Gülər bütün ağaclar.

Aid olduğu yerin budaq olduğunu pıçıldayarlar,

Quyu eşitməsin deyə.

Suyu quruyub, duzu qalmasın deyə.

 

 

***

Aldatma özünü, Tərs münafiq!

Qəlbi qıfıllı zadsan Sən.

Diliylə Qəlbi tərs düşən,

Yazıq zadsan Sən!

 

Əməli münafiq, Dili kafir, Könlü mömin!

Ziddiyyətlər toplusu.

3-ü də bir-birinə söz keçirə bilmir.

Könül dildə təsdiq tapmır.

Dil əmələ sadiq qalmır.

Ey, Var ilə Yoxun Sahibi!

Bu Könlü sök yerindən!

Qoy, dillə əməl at oynatsın.

O atı Öz yanında qamçıla.

Burax burada həvəslə nal çapsın.

 

Naxçıvan


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!