Ukraynanın tanınmış şairi Dmitro Çistyak 1987-ci ildə Kiyevdə dünyaya gəlib. Taras Şevçenko adına Kiev Milli Universitetində (fransız və ingilis ədəbiyyatı, dilçilik və tərcüməçilik) ali təhsil alıb. 2012-ci ildə M. Meterlinkin erkən dramaturgiyasında mətnlərin mifoloji linqvopoetikası üzrə namizədlik dissertasiyası müdafiə edib. Həmin universitetin tərcümə və filologiya kafedrasının dossentidir.Dünyanın çeşidli ölkələrində çap olunmuş poeziya, nəsr, tədqiqat yazıları və (əsasən fransız dilindən ya da və fransızcaya) tərcümələr olmaq üzərə 40-dan çox kitabın, 300-dən çox əsərin müəllifidir. "Raduqa" nəşriyyatının "Dünya şairləri" və "Sammit-Kniqa" nəşriyyatının (Kiyev) "Avropa Akademiyası" kitab seriysının təsisçisidir. Şeir,nəsir, tərcümə kitabları Albaniya, Belçika, Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya və Fransada nəşr olunmuşdur. Çoxsaylı milli və beynəlxalq ədəbi mükafatların sahibidir. Bunların arasında ədəbi tərcümə üzərə Walloon Federasiyası Brüssel (Belçika, 2012),P.P.Negos medalı (2014, Çernoqoriya), M.Eminesku Beynəlxalq Əməkdaşlıq mükafatı (Rumıniya, 2017) göstərmək olar. Dmitro həm də bir çox milli və beynəlxalq elm və ictimai təşkilatların üzvüdür. Bunların arasında - Ukrayna Ali Təhsil Akademiyası (2014), İncəsənət və Ədəbiyyat Avropa Akademiyasının (Paris, 2016), və s göstərmək olar. D.Çistyak eyni zamanda Ukrayna Milli Yazıçılar Birliyinin Kiyev təşkilatının İdarə heyətinin üzvüdür.
Bir neçə dildə mükəmməl danışan D.Çistyakla bu ilin iyun ayında İtaliyada keçirilən şeir festivalında tanış olmuşdum. Aramızda ən gənc olmasına baxmayaraq, hamının diqqət mərkəzində idi.
Dmitro ilə bu ilin sentyabr ayında Rumıniyada təşkil olunan dünya şeir festivalında yenidən görüşəcəkdik. Və aramızda yaş fərqi olmasına baxmayaraq ikinci görüşümüz dostluğumuza da səbəb olacaqdı. Onun şair kimliyini oxucularımıza təqdim etmək üçün elə bilirəm İtaliya şeir festivalında bizimlə birlikdə olmuş köhnə dostum, çağdaş rus şeirinin öndə gələn təmsilçisi Mixail Sinelnikovun mənə göndərdiyi məktubdakı fikirlərə istinad etsəm daha doğru olacaq: "Əziz Məmməd, bildiyin kimi, festivalda bizimlə İtaliyada müxtəlif növ müəlliflər vardı, amma orada yalnız D.Cistyak mənə əsl şair kimi göründü. Ukraynanın şeir mətnlərini başa düşürəm və ümumiyyətlə, Ukrayna poeziyası haqqında fikrim yüksəkdir. Ukrayna dilinin lüğəti çox zəngin və təzədir. (Bizim rus dili artıq uzun müddətdir ədəbi forma almışdır və bir çox sözlərimiz köhnəlmişdir - biz klişelərlə mübarizə etmək, köhnə sözləri diriltmək məcburiyyətindəyik). Ölkələrimiz arasındakı hazırkı xoşagəlməz vəziyyət ədəbi münasibətlərimizə təsir etməməlidir Şeir siyasətdən üstündür."
Yeri gəlmişkən onu deyim ki, haqqında səslənən bu fikirlərdən Dmitronun hələlik xəbəri yoxdur, həm də bu fikirləri bir başqası yox, böyük ədəbiyyatın həqiqi təmsilçisi və əsla nəyinsə xatirinə kiməsə boğazdanyuxarı tərif söyləməyən M.Sinelnikov yazmış. M.Sinelnikovun D.Çistyak haqqında yuxarıdakı fikirlərinə mən də qoşuluram və inanıram ki,oxucular A.Şıxılının və mənim mütəvazi tərcümələrimizdə belə, D.Çistyakın şeirlərindən"Ukrayna şeirinin "fikir təzəliyini" yetərincə hiss edəcəklər...
Məmməd İsmayıl
***
Mən sənə axşamların süsən rəngini gətirdim
(Ölmüş qohumlar tərəfindən əkilmiş onlar),
Qızılı yağışlar nikahımızı qılanda bizim
və ortaq bir röyada görəndə özümüzü,
sabit və çoxillik həyat keçid verməyəndə -
Göz yaşlarını saxlaya bilməz əski süsənlər...
***
Sükutun ilk görünüşü,
ancaq oyanmazsan, məni qanadınla qucaqlayarsan,
Nəfəsin daha sakit və zərif
yaşıl yuxulara gömülür.
Bənövşəyi göy gurultuları çox uzaqlarda,
pəncərə önündə qızılı rəngə çalan salxım,
Aşağıda nəfəs alıb-verən dəniz
və sən məni qanadınla qucaqlayırsan ...
Qısa və parlaq olacaq günlü yağış,
Sonra bənövşəyi qara gün sürəcək,
Arxasınca, sel daşqınları bürüyəcək hər yanı ...
Səhərin arxasınca gəlməyəcək gündüz
Nə qədər ki, məni qucaqlamısan…
***
Bağça payız rənginə boğuldu,
Amma bu rəng boğulanların dibə çöküşüdür,
Gün batışı üzlərimizdən silinir aramla
və ulduzlar düşür qucağımıza...
Bütün bu uçuş və ölüm illərindən sonra
Sükut və dostluq zamanı gəldi,
uzaqdan çay çağırır
və görünüşündə qu üzüntüsü.
Üzüm salxımları qucağımızda,
bir ucdan düşür ulduzlar,
sanki ilk gecə,
Röyalar dənizdən-dənizə üzərkən,
Səsini tapdı bağçadakı hər şey...
***
Qısa ömürlüdür bütün röyalar.
Uzaqlarda yaralardan qan axır artıq,
Payız get-gəllərindən çarəsizcə qışqırır şüalar,
Erkən sisdə ilan və ya quşların siluetləridir görünən,
dəyişdirilə bilən səslər - yaranmayan bədəni aldatmaqdı,,
vücud belə deyil - üfüqün parçalanmasında görməli vizyon
Ona inanarsan, bu röyada onlara nüfuz edərsən,
Sadəcə bir sürə üçün: hələ gənçsən, hələ əmin deyilsən
və hələ səssizliyə inamın yox ...
Şəfqətli Sebastianın təbəssümünə layiq deyilsən
(və Mələklər, Virginlə, Uşaqlarla, daşqınlarla oynayacaq)
Qan və oxlar içindən cənnətə baxmaq üçün,
Axı heç kim müqəddəsin xatirinə birliyin ipini kəsməz,
ən saf baxışları kim ayıra bilər ki Rəbdən,
mahnı dayandırıla, şəfəq söndürülə bilməz ...
Hələ gəncsən və hələ geniş dənizlərdən əmin deyilsən,
Payız get-gəllərindən çarəsizcə qışqırır şəfəqlər,
Sən ey soyuq yaralarım, qanayıb yandırma məni,
Bir anlığa yenidən birləşmək üçün başqa bir yol bildiyim yox...
Tərcümə: Məmməd İsmayıl
***
Qızılı suların üstdən adlayıb gəlirəm sənə doğru,
Alaqaranlığın ipək ağuşunda
Bəyaz çiçəklərlə gəlirəm.
Əski cərəyanlar hələ dövr edir canımda,
Gah doğur, gah alışır, gah da sönürlər
İçimdə o əski qığılcımlar,
O əski ulduzlar.
İlahi bir qüvvə sənin sələfin kimi zöhr edir qarşımda,
Və sanki, dan yeri də çırpınır bir anlığa
Əksimiz canlananda gözlərimizdə.
Sənin baxışlarında - o yanar baxışlarında,
Və alaqaranlığın ipək ağuşunda
Şövqlə dalıb gedəcəyəm bəyaz çiçəklərlə birgə
Harmoniyaya doğru...
Sular bizi dövrəyə alan zaman
Qayıq da axtarmayacağıq biz...
Baxışlarımızda titrəyəcək sadəcə
Ortaq ulduzumuz...
Bizim ulduzumuz...
***
Gecəyə doğru... boz kül ələnir üstümüzə,
Üzü dənizə durur soyuq simalar,
Axşam dalğası isə sənin mavi gözlərini yuyub aparır...
Barmaqlarım arasından sızıb tökülür qum dənələri,
O soyuq üzlərdə donub qalır küllər...
Təkcə gözlərinin dərinliyində əks olunan bənövşə
Hələ də titrəyir zirvədə...
Birdən bir ulduz doğur,
Uzaq sədəflərin parıltısı kimi.
Bəyaz yelkənli bir gəmi görünür qayalar arxasından,
Gənc bir nəğmə qopur o qayalardan -
Şərab kimi suların daşqını,
Bir qayıdış nəğməsi...
Sahildə isə bu nəğmənin səsinə səs verirlər
Nəvaziş və şəhvətlə...
Və bir mayak kimi yanır baxışların qəfildən...
Nədir bu: təsadüfmü, Tanrının iradəsimi,
Yoxsa qaçılmaz məhəbbətmi?..
HAYQIRTILARIMIZ GÖYƏRİR GECƏLƏRDƏ...
Yelkənli gəmilər gözdən itmiş,
Dodaqların ehtirasa susamış...
Aramızda göz yaşı kimi titrəmədə
Səssiz illərin yağmuru,
Sanki bir an sonra bizi udacaqmış kimi gömgöy uçurum.
Bax, artıq şimşəklər od yağdırır göylərdən,
Qaça bilmərik onlardan,
gizlənmək istəsək də qısır qalacaq sevişmələrdə.
Dağlar dənizə üz tutur,
Daş daşa dəyir,
Yara üstə yara gəlir -
Qəddar çiçəklər baş qaldırır bizim cütlüyümüzdən,
Və hayqırtılarımız göyərir gecələrdə...
AXŞAMÜSTÜ...
Kəhər atlara bax,
Axşam sularında ayaqları bala batmış sanki...
Bal sıçrayır ətrafa onların qaçışından,
Ulduz axını kimi...
Sənin məbədinsə
Tutqun görünür bu gecə,
Oysa ki, hələ bu gün necə də parlaqdı...
Gənclərə bax... şənlənirlər,
Şipşirin alma qoxuyur hər tərəf...
Kədərlidir... - sənin susqun gözlərində
Yovşanlar çiçəkləyəcək cünki...
Yaşıl ilğımdakı cığır da uzanacaq
Sükutunu pozmayan axşam bulaqlarına doğru...
Aydınlıq... özü gələcək - səsləmə onu,
Səndənsə... xəbər yoxdur hələ də,
Susursan...
Bu yerlərdə yanğı və həyəcan var yalnız,
Sənsə... yenə itirsən üfüqlər arxasında,
Dövr edirsən həmişəki kimi...
Boz rəngli uçurtma ilanlar ağlayırlar sanki...
İtmiş kimilər solub gedən çəmənlikdə...
Təsəlli istərsənmi:
Gecə hamını öz qoynuna alacaq,
Alatoran şərabla dolduracaq qədəhləri...
Aydınlıqsa özü gələcək - səsləmə onu,
Və sən də dönəcəksən özgələrə...
Amma hələ... bir-birimizə sarılmışıq
Dəniz həsrətli dalğalarla...
***
Nə vaxt ki,
bütün yollar tərk edəcək səni,
son yarpaq düşəcək
və ilk qar yağacaq,
Dneprin üzərini alacaq qurğuşun rəngli duman
və bozumtul qığılcımlarla çaxacaq sonuncu şimşək...
O zaman,
axşamın bütün gözəlliyilə qoynuma sığın,
necə ki, dənizin rəngbərəng dalğaları sahilə sığınır
və lərzə gəlsin cahan,
ölü diyarın soyuq sərhədlərini,
tənha bağın soyuq tuzaqlarını aşıb keçsin,
nur yağsın bəyaz yelkənli gəmiyə...
Mən sənin gözlərində sübh göyərçinin uçuşunu görürəm...
Bizə vəd olunan torpaqları görürük röyalarımızda...
Tərcümə: Afaq ŞIXLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!