Sən elə biləcəksən...
Sevginin gözü kordu, məni görməyəcəksən,
Sinəndən ürək boyda ağrı dərməyəcəksən.
Taleyin qapısından qoşa girməyəcəksən,
Sən elə biləcəksən ömür belə olurmuş...
Nə ayrılıq, nə həsrət ömründən ötməyəcək,
Yolların güzgülərdən çəkilib getməyəcək.
Ağladığın sularda ümidin bitməyəcək,
Sən elə biləcəksən ömür belə olurmuş...
Saçlarının sığalı küləklərə qalacaq,
Həyatın dumanların, yağışların olacaq.
Xəyallar, xatirələr gözündən yol salacaq,
Sən elə biləcəksən ömür belə olurmuş...
Gəlib dağlar tutacaq yoxluğun arasını,
Bir ölüm sağaldacaq məhəbbət yarasını...
Yüz il saxlayacağam «əlvida»nın yasını,
Sən elə biləcəksən ömür belə olurmuş...
Soyuq şöhrət səsini işığına bükəcək,
Bu dünya əvvəl-axır üzündə qəm əkəcək.
Qış gəlib pəncərənə ürək şəkli çəkəcək,
Sən elə biləcəksən ömür belə olurmuş...
Dünyanın toy üzünə yanağın getməyəcək,
Ürəyin gedən yerə ayağın getməyəcək...
Solan gözəlliyinə yaz yaxın getməyəcək,
Sən elə biləcəksən ömür belə olurmuş...
Baxışından hər baxış ağrı dadıb gedəcək,
Soyuqlar çarpayında hər gün yatıb gedəcək.
Bir gün ahın da səni tamam atıb gedəcək,
Sən elə biləcəksən ömür belə olurmuş...
Qocalar evində
rəqs edən ana…
Ömrünü gözünün selində yuyub,
Gəlib sükutuna yad olmuşların.
Dünyanın işini dünyada qoyub,
Artırıb sayını atılmışların -
Qocalar evində rəqs edən ana.
Ölüb oğul-qızla öpüşü daha,
Bilmir, bu dünyanın nə zamanıdı.
Yıxılıb əksindən gülüşü daha,
Üzü sevincinin qəbiristanıdı -
Qocalar evində rəqs edən ana.
Gecələr gözündən qaçıb yuxusu,
Oğlunun üstünü örtüb qayıdır.
Onu atanları atmır duyğusu,
Hər kəsin hayına yetib qayıdır -
Qocalar evində rəqs edən ana.
Daha saçlarından ağdı qarğışı,
O kimə qarğasa günü ağ olar.
Qocalar evində qəmdi tanışı,
Qəmsiz də rəqs edib oynamaq olar?
Qocalar evində rəqs edən ana.
Süzür, göz yaşının əlindən tutub,
Əl çalır, oynadır xəcalətini.
Dərdini hamıdan uzaq, gen tutub,
Tanrıya saxlayıb şikayətini -
Qocalar evində rəqs edən ana.
Gəlinmi köçəcək? Fatası yoxdu,
Vaxt çatıb, zamansız yerə gedəcək…
«Vağzalı» çalınır, xatası yoxdu,
Burdan da ölümə ərə gedəcək -
Qocalar evində rəqs edən ana…
Saatlar
Sənin gəlişində saat neçədi?
Bu axşam ulduzda işartı yoxdu!
Gəlmə, ol işində, saat neçədi?
Mənim əlvidamın saatı yoxdu!
İşə bax, mən sənə çatandan sonra
Qayıdıb gəzirəm özümdə səni.
Hamının saatı yatandan sonra
Tapıram, zamansız - gözümdə səni!
Alın qırışlarım göylərdə bitən
Tale ağacının budaqlarıymış.
Əyib taleyimi budaq-budaq sən-
Hər gün yellənirsən, bu da varıymış!
Mənim saatımdı o mavi dəniz,
Sənin saatındı - əsən küləklər!
Hər gün sinəmizin altında, səssiz,
İşləyir, tövşüyür saat ürəklər!
Mən bəxt saatını geri çəkmişəm,
Sən eşq saatını əzizləyirsən!
Sənin saatında mən gecikmişəm,
Mənim saatımda yol gözləyirsən...
Quranın ad gecəsi
Göylər üzümüzə açıb qapını,
Yaradan səbrini yetirib bizə.
Bu gecə Allahın son kitabını,
Mələklər çiynində gətirib bizə,
Bu gecə Quranın ad gecəsidi!
Dünya qurulurdu, haqq memarıydı,
Palçığı səbrdi, kərpici - hesab.
Üç kitab dünyanın üç divarıydı,
Dördüncü divardı dördüncü kitab,
Bu gecə Quranın ad gecəsidi!
Bu gecə Əzrail can almayacaq,
Qəza şələsini yığıb qaçacaq.
Bu gecə ağlımız yanılmayacaq,
Şeytan içimizdən çıxıb qaçacaq,
Bu gecə Quranın ad gecəsidi!
Adəmdən bu vaxta ölən kəslərin
Ruhları bayrama qədəm basacaq.
Bu gecə dünyaya gələn kəslərin
Alnına mələklər ayə yazacaq,
Bu gecə Quranın ad gecəsidi!
Çəkib üzümüzə əllərimizi,
Göylərin nurunu gözləyəcəyik!
Qədr gecəsində dillərimizi,
Quran ayəsiylə bəzəyəcəyik,
Bu gecə Quranın ad gecəsidi!
Sözün köynəyində
gəlmişəm, dünya…
Əməl dərsindəyəm bu kainatda,
Hesabım cəmlənir vaxtda, saatda.
Sənə qaranquşun köksünün altda,
Durna lələyində gəlmişəm, dünya.
Mələklər göylərdə ulduz sayanda,
Bəxtin gözü qalıb ulduz payımda.
Narağacı gecə ulduzlayanda,
Bir nar çiçəyində gəlmişəm, dünya.
Xəbərçi küləyin pıçıltısında,
Sənə kəpənəyin pıçıltısında,
Arıyla çiçəyin pıçıltısında,
Bir bal pətəyində gəlmişəm, dünya.
Qəlbimə nur düşüb, Tanrı təbindən,
Min yol kəsilmişəm bəxt məktəbindən.
Mən sənə qələmin mürəkkəbində,
Sözün köynəyində gəlmişəm, dünya.
Dərə sevgisinin, dağ məzarının,
Quran ayəsində sirli yazının, -
Mən sənə anamın - o türk qızının,
Oğul diləyində gəlmişəm, dünya.
Sözün canındadı andı şairin,
Hər sözü xətadı, qandı şairin.
Aydın Murovdağlı adlı şairin
Sənə ürəyində gəlmişəm, dünya.
O böcək, qara böcək…
Palçıqdan top düzəldib,
Görən hara aparır?
Ayağıyla, başıyla
Vura-vura aparır,
O böcək, qara böcək!
Ondan ötrü dünyanın,
Var-dövləti budumu?
Anlamır apardığı
Yaşdımı, qurudumu,
O böcək, qara böcək!
Tez-tez yorğunluğuna,
Söykənir torpaq topu.
Gah “top” böcəkdən qopur,
Gah böcək “top”dan qopur,
O böcək, qara böcək!
Toplu, böcəkli dünya,
Ax, necə də gözəldi!
Bilmir ki, yer şarının
Heykəlini düzəldib,
O böcək, qara böcək...
Kəpənək
Hara uçsan qabağını gül kəsir,
Döşənibdi ayağına gül həsir.
Təbiətin uçan gülü gül gəzir,
Yarı güldü bu yaz, yarı kəpənək!
Ha yüyürsə tuta bilməz meh səni,
Nur darağın - güzgün olsun şeh sənin.
Uç, barışdır sözlərimdən küsəni,
Bu sevgidən sən də yarı, kəpənək!
Bahar açıb, yerə sərib şalını,
Sınan qəlbim qanadların qalını.
Səndən alıb sevgilim üç xalını -
Bir xal da ver mən aparım, kəpənək!
Şirin dilin hər çiçəyi yoxlayır -
Bir çiçəkdə bir baharı qoxlayır,
Pıçıltını əmanətmi saxlayır -
O gül çəpər, o gül barı, kəpənək!
Külək əsir, qalxan tutub göy otlar,
Bulaq göydən su gətirir buludlar.
Hər çiçəkdə nəfəsin var, hənrin var,
Çiçək üstə qocal, qarı, kəpənək!
Yerin məxmər yaxasında düyməsən,
Gün əyilməz, gülüşünlə əyməsən.
Çiçəklərin köynəyini geymisən -
Çiçəklərdi toy paltarın, kəpənək!
Sənsən, mənə bu baharın təltifi,
Mehə batmış yuxuların təltifi.
Bağla, olsun tül qanadın tənzifim -
Aç yaramı, bir də sarı, kəpənək!
Mənim ürəyimin çatı Arazdır
Ünlədim, keçmədi ün arasından,
Pərdədir, asılıb çən arasından...
Azərlə Baycanın tən arasından.
Bir qəmli çay axır, adı Arazdır!
Dünya anasıdı yas ilə toyun,
Durnalar, dərdimi dənləyin, doyun...
O tay qara oyun, bu tay ağ oyun,
Bu Vətən şahmatdı, matı Arazdır!
Suyunu ovcuma içirəmmirəm,
Boyunu gözümə köçürəmmirəm
Üstündən o taya keçirəmmirəm,
Göz yaşım suyunda batır, Arazdır!
Tikanlı məftillər yolları boğdu,
Bu yurdda torpaq da, ölüm də toxdu...
Yüz ildir çağırıb ayıldan yoxdu,
Həsrətə baş qoyub yatır, Arazdır!
Qar altda gizlədib dağlar sirrimi,
Arazdan göyərdib fikirlərimi...
Gəlişsiz-gedişsiz körpülərini,
Əynindən soyunub atır, Arazdır!
Azdı qayğısına ömür vətənin,
Adını, haqqını bölür vətənin.
Hər gün sınığında ölür vətənin,
Məzarı Xəzərə çatır, Arazdır!
Dağlar da yaylıqdı - göz yaşı silən,
Bölüb yolları da, vətəni bölən...
Bir xalqın ağrısı sığışa bilən,
Mənim ürəyimin çatı Arazdır...
Poetik etiraf
Səhərdən axşama min il vaxt ölür,
Əllərin açılmaz dərd düyünündə.
Ürəyin qu quşu - nəğməsi ötür,
Məni gözləyirsən qara günündə.
Baxışın saatın əqrəblərini,
Əyib-əzişdirir, ləng gedir deyə!
Döyüb oyadırsan əsəblərini,
Yollar gəlişimi ləngidir deyə.
Seçilmir qonşumuz Sənəm qarıdan,
Ehtiyac çənənin altını kəsir!
Kirayə mənzilin otaqlarından-
Üstünə yeriyir sükutun səsi...
Məni gözləyirsən,
Mən hardayam ki... -
Çörək tapmaq üçün daş sındırıram!
Gözlərin çəkdiyi yollardayam ki,
Səhərdən axşama baş sındırıram...
Məni gözləməkdən saçların bezib,
Əllərin üşüyüb qoynuna girir!
Mənli həyatının tumarı bezib,
Yolumu gözləmək oynuna girib...
Hər gün şumlayıram ağ kağızları,
Kotanım qələmdi, xışım qələmdi!
Say, mənim sevgilim, say ulduzları -
Ulduzun hər biri qəm piyaləmdi…
Gəlirəm, axşamın əlindən tutub,
Sənə gətirirəm yorğunluğumu!
Gəlib görürəm ki, üzün dən tutub,
Bir gözlərin bilir, bir də göz yaşın -
Səhərdən axşama yox olduğumu..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!