Əziz qələm dostum və istəkli qardaşım Azər Turan bəy!
Müqəddəs Vətən müharibəsinə həsr etdiyim dörd fəsilli "Zəfər nəğməsi" poemamın sevimli "Ədəbiyyat qəzeti"mizdə çapından xeyli müddət keçib. Qəribə olsa da, boynuma alım ki, iftixar və qürur duyğuları ilə yaranan həmin ithaf poemam poeziya aləmində ilk mətbu əsərimdir. Mənim poetik uğuruma sevinən izzətli oxucularımız da, dəyərli dostlarımız da birdən düşünərlər ki, deyəsən, Abuzərin bir atımlıq barıtı varmış, atdı və yatdı. Sayqıdəyər nəcib insanları şəkkaklıqdan xilas etmək naminə doğma qəzetimizdə işıq üzü görmək gümanı ilə indiyəcən gizlin saxladığım şeir "sandıqçamdan" sənə bir dəstə lirik nümunələr göndərirəm. Tanrının hökmüylə davamı da olacaq, sağlıq olsun...
Dərin ehtiramlarla, Abuzər Turan (Bağırov).
Tələsmə
Dördcə sətir şeir uman gözəlim,
Bu miskin könlümün şah əsərisən.
Duyğumun məlhəmi, ilkim, əzəlim,
Ruhumun ilhamı nazlı pərisən.
Gözəllərə dörd gözlə mən baxardım,
Camalın şövqündən qamaşdı gözüm.
Sevgi ümmanında hey vurnuxardım,
Mənim bəxt ulduzum, tükənməz sözüm.
Tələsmə, mehrabım, yazacam hələ,
Bac alıb hüsnündən hey zaman-zaman.
İçimdə boy verir belədən-belə
Məhəbbət adında bir ülvi dastan!
12.12.1996
Mənim
İsminin ətrindən bihuş oluram,
Bircə gün görməsəm gültək soluram,
Bulud olub, boşalıram, doluram,
Xəstəyə can verən cananım mənim,
Ürəkdən halıma yananım mənim.
İllər qalaqlanıb, qalxsa belimə,
Qəddim əyib, çəlik versə əlimə,
Kürmək salıb, düyün vursa dilimə,
Gözümdən mətləbi qananım mənim,
Özünə baş tacı sananım mənim.
Qayğıkeş anasan, ay gözəl insan,
Səmimi qəlbin var, yara mehriban,
Keşik çəkdin ocağıma hər zaman,
Zirdələyən yaxşı-yamanım mənim,
Ağrı-acısını dananım mənim.
Qayğı, kədər başdan aşıb çoxalsa,
Toqqa altı tək bircə yol toxalsa,
Var-dövlətim, şan-şöhrətim yox olsa,
Adımı izzətnən ananım mənim,
Sədaqət məbədim, imanım mənim,
İnanc qibləgahım, gümanım mənim!
01.02.2012
Vəsiyyət
Mən öləndə qıyya çəkib saç yolma,
Sakit ağla, omaxşı il boyunca.
Göz yaşını leysan kimi axıtma,
Çilə qəbrim üstə, rahat olunca.
Ölənlə ölməzlər, ömrünü yaşa,
Həyat gözəl nemət, xoş bir tamaşa,
Şirin balalarla verib baş-başa,
Dünyadan kam alın, kəsir qoyunca.
Məzarıma qızılgüldən çəpər çək,
Yaz olanda pardaqlansın gül-çiçək,
Başdaşı yerinə qoşa çinar ək,
Sonra unut məni, bəsimdir bunca.
Haqqın dərgahında qaydadır, bilin,
Gərək tamamında öldüyüm ilin,
Çatam hüzuruna inkir-minkirin,
Goreşənlər kəfənimi soyunca.
Sirat körpüsündən adlayam gərək,
Günahım azdımı, çoxdumu görək,
Hər şeyi biləcək bircə cüt mələk
Qollarımı yavaş-yavaş ovunca.
Cənnət qismət olsa, səni gözlərəm,
Vəfalıyam, ayrılığa dözərəm,
Qırra verib, huriləri üzərəm,
Sən gələnə darıxaram doyunca.
Cəhənnəm odunda təkcə yanaram,
Özümü suçlu bir bəndə sanaram,
Abuzərəm, hər an səni anaram,
Gülüm, kül-kömürüm tam soyuyunca.
24.03.2021
Sən yuxuma girəndə
Sozalardım, solardım,
Bulud kimi dolardım,
Vallah, dəli olardım,
Saçlarımı yolardım
Sən yuxuma girəndə.
Məni doğma bilərdin,
Qucaqlayıb gülərdin,
Qəm-qüssəni silərdin,
Ayrı şeylər dilərdin...
Sən yuxuma girəndə.
İstəməzdin ayrılaq,
Hicran çəkib qovrulaq,
Külə dönüb sovrulaq,
Xəmir kimi yoğrulaq,
Sən yuxuma girəndə.
Gecə qoşa qalardıq,
Canı oda salardıq,
Hey sükuta dalardıq,
Dinməz ləzzət alardıq,
Sən yuxuma girəndə.
Təntidərdim özümü,
Deyəmməzdim sözümü,
Üstün tutub dözümü,
Hey döyərdim gözümü,
Sən yuxuma girəndə.
Açılmadı lal dilim,
Gecə, gündüz, nə bilim!
Hədər getdi çox ilim,
Ahıl çağı neyləyim,
Sən yuxuma girəndə?
Ovsunlu mələk oldun,
Bəxtimə kələk oldun,
Ömrümə külək oldun,
Başıma ələk oldun,
Bir zalım fələk oldun,
Sən yuxuma girəndə.
31.03.2021
Vaxtıdı
Ağlımı çaşıran ayüzlü gözəl,
Bilirsənmi, mən axıram, sən əzəl?!
Ayıbdı şəninə oxusam qəzəl,
Ayağın altında olsam da xəzəl,
Umsunma, şəhvətin güman vaxtıdı.
Əlimə düşsəydin gənclik çağımda,
Pərvanəm olardın solu-sağımda,
İndi qınc atırsan xəzan bağımda,
Nə gəzirsən bostanımda, tağımda?
Ay zalım, hər şeyin yavan vaxtıdı.
Nazəndələr qulluğumda durardı,
Tumarlayıb şəvə saçım burardı,
Ruhum göydə şıdırğılar vurardı,
Gur yığnaqlar, şən məclislər qurtardı,
Kefimin səngiyən, uyan vaxtıdı.
Dəfədaraq, hazıryaraq ustadam,
Daha ağıl dərsi verirəm, qadam,
İşvəli canlara biganə, yadam,
Şirəsi sıxılmış qaxac bir zadam,
Arvada xidmətin yaman vaxtıdı.
Ömrün tər qönçədi, sənə uğurlar,
Açıqdı qarşında yollar, cığırlar,
Qoyma sənə yaxın düşə dılğırlar,
Sənsiz Abuzər də solar, tıncıxar,
Daha onun evdən uman vaxtıdı.
17.05.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!