MƏNİ DƏ APAR
İSTANBULA
Məni də apar İstanbula,
apar, apar içində -
qəlbinin ən dərin,
ən gizli yerində...
Məni də apar İstanbula
və sadəcə sən bil
sirr düyünçəsinin -
qıraqları güllə işlənmiş
məndilin
arasında olduğumu...
Məni də apar İstanbula,
avtobuslarda
çamadanların,
çantaların
içini yoxlayırlar ən çox.
Kimin ağlına gələcək ki,
qəlbinə baxsın?
Bir də baxsalar nə olacaq?
Sevgi Allah işidir -
gözlə görünməz!
Məni də apar İstanbula,
İnan,
sənə zərrə qədər də
yük olmaram;
səhər-səhər
aynanın önündə
saçlarına bəzək-düzək verərkən
səsimi də çıxarmaram...
Öz-özünə danışarsan:
"Bəlkə yana darayım?
Bəlkə
boynumun arxasında
düyünləyim?
Bəlkə açıb töküm?"
Amma
nə sirdisə, axırda yenə
mənim ürəyimdən keçəni
eləyirsən...
Məni də apar İstanbula,
apar, apar içində -
qəlbinin ən dərin
ən gizli yerində...
Məni də apar İstanbula
və sadəcə sən bil
sirr düyünçəsinin -
qıraqları güllə işlənmiş
məndilin
arasında olduğumu...
Bir biletlə
minək Kadıköy gəmisinə,
göyərtəyə qalxaq,
saçlarını gözləyir
yüz ilin küləkləri,
həsrət içində,
həsrət içində...
Məni də apar İstanbula,
Ortaköydə qəhvə içək,
ya da eşq,
buğlu-buğlu,
udum-udum...
Yük olmaram,
yormaram səni demişdim...
Amma, nə edim,
dinc dura bilmirəm,
səndən nəsə istəyirəm,
dirənə-dirənə,
ayaqlarımı yerə döyə-döyə,
içində böyümüş
bir çocuq kimi...
Səfərdən qayıdarkən, inan,
qəlbin yenə mənimlə dolu olacaq -
İstanbul xatirələrini
qoymağa yer tapmayacaqsan...
SƏNİNLƏ
Dostum Erola
Biz uşaqlığımızı
əski nağıllardakı
alma bağlarında
qoyub gəldik,
Biz baharımızı
sentyabrın son günlərində
solğun bənizli günəşin
batdığı yerdə unutduq.
Biz ana südü dadmadıq:
həyata və ölümə
çarpa-çarpa böyüdük -
içimizdəki "mən"i "biz" yapdıq,
çoxaldıqca, çoxaldıq, çoxaldıq...
Doğrudur,
plastik oyuncaqlarımız olmadı,
Amma bizə
sevgidən və torpaqdan
nələr düzəltməmişdilər...
Təkərləri çöpdən
bir arabamız vardı -
nə, nə axtarırdıq
Kəloğlanın keçib getdiyi
yollarda?
Biz
anaların qızlarına
rəngli qumaşlardan
bəbələr tikdikləri
günlərdən gəldik.
Birlikdə böyüdük səninlə,
Birlikdə çəkdik ilk siqaretimizi
Birlikdə dayandıq kürək-kürəyə,
ilk gənclik davalarımızda.
Sevgimi dilə gətirməkdə
çətinlik çəkəndə,
mənə filmlərdən
dadlı-dadlı sözlər əzbərlətdin,
cəsarət bəxş etdin
titrəyən səsimə -
Biz bu günlərə qovğalarla
və eşqlə gəldik!
Riyaziyyatdan,
kimyadan zəif idik,
Amma həyatdan -
dostluqdan,
mərdlikdən
başımız çıxırdı,
ətlə dırnaq kimiydik!
Solmasın deyə
bağçamızda çiçəklər,
gül açsın deyə
çocuqların üzü
göz yaşını yağış,
acını nemət bildik.
Bir udum suyu,
bir tikə çörəyi,
bir də
saf qəlbimizi
bölüşdük...
Bir qab isti şorbanı
qonum-qonşudan əsirgəyəndə,
içimizi üşüdən sazaqlardan gəldik.
Körpələr ağlamasın,
gəlinlər qara bağlamasın deyə
dönmədik yolumuzdan -
əyilmədən, sarpmadan gəldik.
Böyümədən yaşlandıq -
mən hələ də həyata
bir çocuğun
sual dolu
gözləri ilə baxıram:
biz bu dünyaya niyə gəldik?
Təkərləri çop arabalar...
İlk siqaret...
İlk dava-dalaş...
Biz bu dünyaya
Eşq ilə, yaşamağa,
Eşq ilə ölməyə gəldik!..
GƏL, BİR DƏLİLİK ELƏ
Gəl, bir dəlilik elə, Cimcimə,
günəş ol bu sabah.
Sonra bir fırça al əlinə, işıqdan,
küçənizdəki
bütün maşınların üstünə
günəş çək:
yaşıl, sarı, turuncu rəngdə.
Amma gözlə ha,
yaxalanma.
Gəl, bir dəlilik elə, Cimcimə,
Dəniz ol bu sabah,
içində kəşf edilməmiş
dərinliklər olsun.
Amma gözlə ha,
batma.
Gəl, bir dəlilik elə, Cimcimə,
həyat ol bu sabah.
Sonra həyatın mənasını sor
anandan,
riyaziyyat müəllimindən,
babandan,
tanıdığın hər kəsdən.
Və aldığın cavabları
bir yerə yığanda
"Boş" alınsa,
sakın, çaşma.
Gəl, bir dəlilik elə, Cimcimə,
məktəb önlüyü ol bu sabah,
Doqquz yaşında
bir çocuğu bəzə.
Təbaşirdimi üstündəki o ləkə?
Çocuqlar qədər təmizdir
kirli önlükləri də -
Sakın ha,
Ağlından çıxarma.
Bir dəlilik elə, Cimcimə,
kəpənək ol bu sabah.
Amma unutma
Ömrünün
ilk anı ilə son anı arasında
qocaman bir gün var!
Gəl, bir dəlilik elə, Cimcimə,
yuxu ol bu sabah,
Məsələn, bir filin
özünü göyərçin hesab etdiyi
bir yuxu.
Sən də ona qoşul uç,
Amma yıxılıb
bir yerini sındırma!
Gəl, bir dəlilik elə, Cimcimə,
Şeir ol bu sabah.
Günəş olsun, dəniz olsun,
həyat olsun, bulud olsun,
məktəb önlüyü olsun
və kəpənəklər uçsun içində.
Eşqi gör misralarında,
Amma sakın ha,
dəlilik eləyib,
aşiq olma!
BİR NAĞIL YAZAQ
Səninlə bir nağıl yazaq,
"Sonsuz eşq" olsun adı.
İçində quş ürəkli
yunus balıqlarının üzdüyü
işıq rəngli dənizlərdə çimək.
Hər səhər pəncərəmizi
kəpənəklərin və mələklərin uçduğu
masmavi göyüzünə açaq.
Fağır-füqaradan
öyrənsin dostluğu qırx quldurlar.
Qardaş olsun cinlərlə pərilər.
Yüz illər boyunca köksümüzdə
həp çocuq ürəyi gəzdirək.
Bütün kainatla gizlənpaç oynayaq
mavi gecədə,
bir ulduzun təbəssümündə,
baharı
yeddi iqlimin qışında
nərgiz çiçəyinin ətrində tapaq
və biz gizlənək,
bütün kainat əl-ələ versin,
arasın bizi
göyqurşağının rəngində,
rüzgarların zümzüməsində,
çiçəklərin səsində,
buludların yuxusunda.
amma sonda səni mənim,
məni sənin qəlbində tapsınlar.
GECƏ KİMİ
Bu gecə yarısı
səni düşünməklə məşğulam,
Qəlbimizin açıq pəncərəsindən
eyni ulduza baxdığımızı
bilirəm.
Bir dilək tuturam,
yəni, Tanrıdan səni istəyirəm.
Bir gecənin,
bir də gözlərinin qarasına
vuruluram.
Qəlbimizin açıq pəncərəsindən
eyni ulduzla danışırıq, bilirəm.
Min kilometrlərlə
uzaq olsan da məndən,
Gecə yorğan kimi
örtür üstümüzü...
Artıq sən yanımdasan,
Gecə heç bitməsin deyirəm
və hər gün
ürəyimin üfüqünə
gecə kimi enməyini gözləyirəm...
GÜLBƏYAZ
Gülbəyaz -
ailənin dördüncü qızı
Ankarada
bir gecəkonduda doğuldu.
Atası istəyirdi oğlan olsun,
Amma qismət -
Allahın yazdığı yazı!
Atası oğlan üçün
yəqin gözləyəcək
başqa bir yazı...
Gülbəyaz -
yoxsulluğun əmizdirdiyi uşaq -
bərk-bərk yapışdı həyatdan,
pambıq kimi yumuq-yumuq ağ əlləri...
Gülbəyaz
yoxsulluğu
süfrədəki
bürüşmüş zeytun dənəsində,
yanmayan sobanın
soyuq üzündə,
atasının acıqlı səsində gördü.
Böyük bacılarının
köhnələri ilə böyüdü -
ayağında iri, yırtıq ayaqqabılar,
əynində
günəşin soldurduğu paltarlar...
Amma
yenə də sevdi göyüzünü,
Baxarkən
şüşəsiz pəncərələrindən:
"Mənim də ürəyim
sənin qədər geniş və böyükdür." -
dedi ürəkdən.
Gülbəyaz
sevdi,
amma vermədilər sevdiyinə,
on dördündə, on beşində
yoruldu körpə ürəyi -
və çox sevdiyi
göyüzünə getməkdə
tapdı çarəni...
Gülbəyaz -
gül budağında
solan qönçə,
gecəkondunun tavanından
asdı özünü...
Gülbəyaz -
qara talenin Ay üzlü qızı,
Gülbəyaz -
o gündən
içimdə incə-incə
sızıldayan bir sızı...
Hazırladı:
Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!