"Yollar əvvəl-axır dönür məbədə, - Yurdum, gözün aydın, mən də qayıtdım!" - Şeirlər - Rafiq YUSİFOĞLU

 

 

Ata ocağı

 

Murdar haramzadələr nəfslərinə quldular,

Halal-hümmət evləri çapıblar, talayıblar.

Atıb abır-həyanı bu oğrular, quldurlar

Şəhərləri, kəndləri odlara qalayıblar.

 

Yaralı ürəyimdə nifrət seli çağlayır,

Xəbis ömrü uzunu qılınclayıb kölgəmi.

Baxıram evimizə ürəyim qan ağlayır,

Gör nə günə salıblar topdağıtmaz mülkümü?

 

Namərd əllər uçurub neçə isti yuvanı,

Cənnəti talayanı cəhənnəmə qovarlar.

Sökülüb daşınsa da, pəncərəsi, tavanı,

Düşmənlərin önündə diz çökməyib divarlar...

 

Bütün sinə dağları əvvəl axır sağalır,

Nəfəsim dolur evə açıq pəncərələrdən.

Hər daşında atamın əllərinin sığalı,

Uşaqlığım boylanır uçuq pəncərələrdən...

 

Qan ağlayan gözümdə nifrət selləri daşır,

Köksümdə bir saralmış yarpağa dönür ürək.

Divarlara hörülən hər qara çaylaq daşı

Nəfəsimiz dəyəndə kömürtək közərəcək...

 

Nələr keçirdiyimi bilər qəlbi incələr,

Çətin ki, geri dönə, o günlərim, o çağım.

Bu həyətə gələndə nəvələr, nəticələr

Yenidən isinəcək mənim ata ocağım...

 

Nə o kənd o kənddi,

nə də mən mənəm

 

Köçəri quş imiş insan, sən demə,

Xəyal köhlənimi minib çapıram.

Sevinclə dönürəm doğma kəndimə,

Xaraba yurdumda saray yapıram...

 

Dözə biləcəkmi qəlb bu sevincə? -

İlk vüsal gününü düşünürəm mən.

Qəlbim yarpaq kimi titrəyir necə! -

Həsrət sazağında üşüyürəm mən...

 

Orda kim olacaq dərdimə şərik? -

Suallar pərt edir adamı necə?

O evin yerində ev də tikərik,

Geri qaytaracam anamı necə?

Geri qaytaracam atamı necə?

 

Xiffətdi qəlbimdə gur ocaq çatan

Babam, nənəm varmış, atam var imiş...

Bu daşa, torpağa gözəllik qatan

Bizə doğma olan adamlar imiş...

 

Elə bil həyat da olub mənasız,

Məni cəlb eləyən nə yer, nə göydü...

Babasız, nənəsiz, ata, anasız

Doğma kənd elə bil mənə ögeydi...

 

Yuvası boş qalan quşlar uçubdur,

Bu doğma dağ-dərə mənə bəs etmir...

Sanki çörəyimin duzu qaçıbdır,

Ən qaynar ocaq da məni isitmir...

 

Atalar, analar, nənələr köçüb,

Niyə ögey oldum axı mən mənə?

Aradan ağrılı sənələr keçib,

Nə o kənd o kənddi,

nə də mən mənəm...

 

 

Ömrün qış çağında Qubadlı qışı

 

Otuz il getmədi yuxu gözünə,

Doğmalar qoynundan uzağa düşdü.

Qubadlım, biz həsrət qaldıq üzünə,

Ümid çiçəyimiz sazağa düşdü...

 

Gözümdən sıçrayan həsrət qorudu -

Mürgülü ocağı oyatmaq üçün.

Şükür yaradana, bizi qorudu

Təzədən qoynuna qayıtmaq üçün...

 

İçimi yurd etdi həsrət qoşunu,

Ağrı mərmiləri başıma düşdü.

Otuz ildən sonra sənin qışını

Görmək ömrümün də qışına düşdü...

 

Üstündə var imiş Tanrı nəzəri,

Qışın da gözəldi, yazın da gözəl...

Sənin çaylarının varmı bənzəri?

Çardaxlı düzün də, Yazın da gözəl.

 

Çaylağın kol-kosu meşə olubdur,

Bərgüşad hönkürür hey için-için.

Elə bil təbiət meşə salıbdır,

Yurdu bəd nəzərdən qorumaq üçün...

 

Həkəri kövrəlib, bulud tək dolub,

Doğma övladların axıb dalınca.

Çaylaqda hər ağac cəngavər olub,

Hər budaq çevrilib iti qılınca...

 

Qayıtsa ömrümün güllü baharı,

Hönkürən ürəyim kiriyə bəlkə.

İllərin üst-üstə qalanan qarı

Vüsal günəşiylə əriyə bəlkə?

 

İzn ver, nazını çəkim, Qubadlı,

Ömrün qış çağında ürək yar umur.

Ağ xalat geyinib həkim Qubadlı,

Bəlkə o sağalda könül yaramı...

 

Həsrət şimşəkləri bəzəyib göyü,

Kömür arzuları nura bələdi.

Çox şükür, Yaradan bu gözəlliyi

Görməyi bizə də qismət elədi...

 

Kəlbəcərin dağlarına yağdı qar

 

Ana yurdum, daha sənin nə dərdin?

Övladların ağ etdilər üzünü.

Közərtdilər kül altında gizlənən

Ocaqların bizə həsrət közünü...

 

Bu yerlərdən kəsilmişdi ayağım,

Qan qardaşım oldu mənim dayağım...

Zirvəsində dalğalanır bayrağım,

Ulu Murov xoşbəxt sanır özünü.

 

Saray olmaz namərdlərin damından,

Hünərin var burun çıxart komandan,

Yumruğunu düyünləyib komandan

Daddınızmı qalxan deşən gürzünü?

 

Pay umanlar paylarını aldılar,

Zingildəyib haray-həşir saldılar,

Zəfər çaldıq, yana-yana qaldılar,

Azmanların yerə vurduq dizini.

 

Ulu Tanrım oldu mənim dayağım,

Çəkil get öz xarabana, a yağı!

Bura dəyməz bir də düşmən ayağı,

Bədxahların kor elədik gözünü...

 

Qəlbdə sevgi, inam varsa, zəfər var,

Bu gün ulu bir diyara səfər var,

Kəlbəcərin dağlarına yağdı qar,

Silmək üçün yağıların izini...

 

Xatirə leysanı

 

Həsrət gəmilərim üzür dərinə,

Mürgülü hissləri oyadıram mən.

Baxıb göndərilən şəkillərinə

Xəyalən kəndimə qayıdıram mən.

 

Nələri anmıram, burda nələri?

Ulu yurd yerinə sevgim dənizdi.

Xırdaca kəndimin xərabələri

Böyük şəhərlərdən mənə əzizdi...

 

Dizimi qanadan tikan  sevinir.

Hayana baxırsan, kol-kos, ağacdı...

Bizsiz qəribsəyən məkan sevinir,

Burda aldığımız nəfəs qazancdı...

 

Yamaclar üstündə quş olur ürək,

Dikilib dağların gözləri bizə...

Burda gördüyümüz hər ot, hər çiçək

Tanrı bəxşişidi gözlərimizə...

 

Sönən ocağımız bəlkə oyana?

Bəlkə kül altnda  közüm sevinir?

Gəzirəm, baxıram o yan-bu yana.

Ayağım sevinir, gözüm sevinir...

 

Divarlar üstümə gəlir elə bil,

Həsrət alovuna qəlbim yanıbdır...

Burda həyət-baca, küçələr deyil

Sanki ürəyim də minalanıbdır...

 

Yoxdur qonum-qonşu,

kənd həmin kənddir,

Dindirsən, evimiz  ağlayacaqdır.

Xatirə leysanı bir himə bənddir,

İndi gözlərimdən çağlayacaqdır...

 

Həsrət gəmilərim üzür dərinə,

Mürgülü hissləri oyadıram mən.

Baxıb göndərilən şəkillərinə

Xəyalən kəndimə qayıdıram mən...

 

Yaralı xatirələr

 

Dönüb qara xəbər bir qara yelə,

Heç kəs onu yolda ləngidə bilmir...

Bəzən heç qələbə sevinci belə

Ürək ağrısını səngidə bilmir...

 

Kimi şəhid oldu, kimisi qazi, -

Kimin kimliyini seçdi döyüşlər!

Çətin ki, silinə bu dağın izi,

Sütül cavanları biçdi döyüşlər.

 

Nəmli kirpiklərdə bərq vurur inci,

Yeddi qabaqdadı, üçündən keçib...

Dərdsizlər nə bilsin zəfər sevinci

Hansı ağrıların içindən keçib?

 

Yaralı qəlblərə hey köz ələnir,

Kədər neçə evin qonağı olub...

Ağrılar, əzablar hey çözələnir,

Qazilər xatirə yumağı olub...

 

Onların hər sözü titrədir yeri,

Ümid şəfəqləri bizi isidir...

Döyüşün yaralı xatirələri

Zəfər yürüşünün salnaməsidir...

 

Gülür bayrağımın ulduzu, ayı,

Hamı öz dərdini çəkir içində...

Yaxşı ki, axmayıb bu qan havayı, -

El təskinlik tapır şükür içində...

 

Gün həsrət buzunu çətin əridə,

Ağır xəbərləri dağ uda bilmir.

Zəfər bayrağının şəfəqləri də

Həsrət buludunu dağıda bilmir...

 

Yaralı çiçəklər boylanır yerdən, -

Gül olub bu yurdda bitən sağ olsun!

Qan axır yaralı xatirələrdən, -

Təki yurd yaşasın, Vətən sağ olsun!

 

Qayıtdım

 

Səndən ayrılanda cavandın, dağlar,

İndi hüzuruna qoca gəlmişəm.

Qasım Qasımzadə

 

Kəndim, gözün aydın, azadsan daha,

Dayana bilmədim gendə, qayıtdım.

Yaddaşım qoymadı sənə yadlaşım,

Yurd sevgisi varmış gendə, qayıtdım.

 

Əzablar, ağrılar görəndi ömrüm,

Ən tər çiçəkləri dərəndi ömrüm,

Qocalıq dağına dirəndi ömrüm,

Qalıb uşaqlığım səndə, qayıtdım...

 

Ayrılığa dözmək çətinmiş, çətin!

Sən varkən ömrümü kimə həsr edim?

Qürbətə gedirdim, sənin həsrətin

Oldu ayağımda kündə, qayıtdım.

 

Ümid bağlamışdım nurlu səhərə,

Şirin xəyallarım döndü zəhərə,

Ömrün yaz fəslində gedib şəhərə,

Ömrün qış çağında kəndə qayıtdım.

 

Ağsaqqal eləyib zaman uşağı,

Qamətim əyilib indi aşağı,

Yoluma nur saçır sevgi işığı,

Bir qatı dumanda, çəndə qayıtdım...

 

Yerə buludlardan su axıdardım,

Dəryaya çevrilib mən dağ udardım,

Bir zaman sel kimi bənd dağıdardım,

Elə ki, duruldum, bəndə qayıtdım.

 

Kim dönə bilib ki, ömrün yazına?

İman nuru düşüb qəlbin pasına,

Düşmüşdüm tanrılıq iddəasına,

Mən olub bir mömin bəndə qayıtdım...

 

Sevgi ölüm kimi bilmir vaxt-vədə,

Mən xilaf çıxmadım verdiyim vədə!

Yollar əvvəl-axır dönür məbədə, -

Yurdum, gözün aydın, mən də qayıtdım!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!