Söykənmişəm səsinə
Gözlərin azanımdır -
Gündə min yol məni sevgiyə çağıran...
Könlüm sənə səcdədə,
Qəlbim qəlbinə sonsuz bir rüku...
Bu sevda nə sevdadır belə? -
Sultanlığı olmayan bir quyu...
Adın dodağımda dua kimi səsləndi,
Yaxşı olmağıma bəsdir bir "necəsən"in,
Gül qoxudu gülməyin.
Gəmiləri torpaqdan keçirən
Fatehin inadkarlığıyla
istədim səni!
Səndən məcburi köçkün bədənimi
harada gizlədim,
Vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki,
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum bimirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
Söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri
bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri
bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə sevmək səni.
Qaldırdım bütün ağ bayraqları
Eşq cəbhəsində,
Təslim, təslim,
Təslim bu sevdaya!
Söykəndim səsinə,
Quşlara dedim duamı
Çatdırsın səni mənə verənə
aləmlərin rəbbinə...
Azadlığım
Sənlə gedə bilmədiyim
bütün parklar
ağaclardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
Bütün şəhərlər
Binalardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün küçələr
adamlardan hörülmüş həbsxanalardır.
Sənlə üzə bilmədiyim
bütün dənizlər
sulardan hörülmüş həbsxanalardır.
Sənsiz
məhbusam
ağaclar, binalar, adamlar, sular arasında...
Hardasan, mənim azadlığım?
Ay
Yalquzaq bu şəhərdə,
Bircə qonşum var - Ay.
Hər axşam ona baxdıqca
Düşünürəm Aya baxan adamları.
"İndi" dediyimiz
durmadan keçmiş olan
Bu zaman dilimində
Nə etdiyini düşünürəm.
Bilirəm sən də Aya baxırsan
və səbəbsiz darıxırsan.
Görməsəm də üzünü,
Gözlərim gözlərində yuva qurmasa da
Bilirəm gözlərimiz qovuşur Ayda,
Üzünü, gözlərini görürəm
Ayın sarı işığında...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!