Qoru bu sevdanı
Bir də həyatına gəlməz bu bahar,
Bir də ürəyində bitməz bu çiçək.
Ölüncə içindən getməz bu sevda,
Qoru bu sevdanı, qoru, əzizim!
Həyat başdan-başa sınaqdı, ömrüm!
Payız ürəyində açan bir gülüm.
Keşik çək, könlümə gəlməsin ölüm,
Qoru bu sevdanı, qoru, əzizim!
Bilirəm, günahdı günah bu sevda,
Aldığım son nəfəs, ahdı bu sevda.
Bu qul ürəyimə şahdı bu sevda,
Qoru bu sevdanı, qoru, əzizim!
Mən dərdə girovam, sözə əsirəm,
Bir sevən baxışa, gözə əsirəm.
Sevda küləyitək yaza əsirəm,
Qoru bu sevdanı, qoru, əzizim!
Mələktək yaşadım mələk dünyanı,
Öpüb əzizlədim çiçək dünyanı.
Bölək bu sevdanı, bölək dünyanı,
Qoru bu sevdanı, qoru, əzizim!
Aldandım
Bulud-bulud hönkürməyə göyüm yox,
Uşaq kimi ağlamağa bucağım.
Özüm tikib, öz əlimlə uçurdum
Mənim üçün tikilməyən ocağı.
Bir səhrada suya həsrət çiçəkdim,
Gündə yağan yağışına aldandım.
Bulud-bulud karvanları ötürdüm,
Bircə damla göz yaşına qalandım.
Həyat mənə çox xalılar toxudu,
Mən yeridim tikan üstə, ot üstə.
Çiçək olub, bağ-bağçada bitərdim,
Mən cücərdim cadar-cadar çat üstə.
Böyümədim, boy atmadım sevgiyə,
Yaz ömrümü tez dəyişdim payıza.
İllərdi ki, yatmadığım gecələr
Bənzədilər alnımdakı yazıya.
Aləm, daha çiçək açmaz, gül açmaz!
Nə Günəşə, nə bulağa güvənmə.
Sevirsənsə, sevdiyini söyləmə,
Nə dodağa, nə qulağa güvənmə!
Elə öldür
Bəlkə bir qu kimi çırpınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq.
B.Vahabzadə
Aç qolunu, çağır məni yanına,
Bulud olub, yağıb, yerə tökülüm.
Bükülməyə beşcə arşın bezim yox,
Qoy, bir ovuc torpağına bükülüm!
Ay göylərdə taxtın qurub oturan,
Qoy, bir ağız ağı deyim, ağlayım!
Həyat verib, yaşatdığım birini
Yoxluğumla içdən-içə dağlayım.
Nə çəkirəm, sən bilirsən, bir də mən,
Səndən gələn hər əzaba razıyam.
Tərəzinin bir gözündə savablar,
Bir gözündə yüz dərdimin azıyam.
Hikmətinə sual yoxdu əzəldən,
Nəyi, nəyə böldüyümü bilirəm.
Niyə gəldim bu dünyaya bilmirəm,
Amma nədən öldüyümü bilirəm!
Aləm adlı bu qızını bağışla!
Qoy, diz çöküb, qüdrətinə dayanım.
Nur içində yaşamadım, bilirsən,
Elə öldür, qoy nuruna boyanım!
***
Sənsiz yorulmaqdı həyat.
Boş verməkdi bütün arzulara,
Unutmaqdı ürəyində gülməyi.
Yaşamaq söz verməkdi
sadəcə qayğılara.
Öyrənməkdi acılara sinə gərmək.
Yağan buludlarla yağmaqdı,
Yay günündə donmaqdı,
Duyğularından özünü asmaqdı,
Sənsizliyə alışmaqdı göz yaşının dilini bilmək.
Kor olmaqdı gözəlliklərə,
Lal olmaqdı bağırmalara,
Yüyürə bilməməkdi gələcəyə,
Bilməkdi hər şeyi görməzdən gəlmək.
Haqlı suallara susmaq,
Qəlbində saxladıqlarına gülmək,
Hər gecə qorxulara ölmək
Və sənsizlikdi həyatı öz-özüylə bölmək.
Unutmaqdı dünən etdiklərini,
Yaşamaqdı hər gün bildiklərini,
Atmaqdı hərdən sevdiklərini,
Sənsizliyə çarə bilməkdi hər gün ölüb-dirilmək.
Divarda olmayan rəsmindi ağlayan,
Arxadan ata bilmədiyin sudur ağrıyan,
Qayğılarındı özündən qaçmaq yollarını bağlayan,
Gəlməyini hər axşam qarşılamamaqdı sənsizlik.
Bir həzin, bir kövrək nəğmədi həyat.
Yenilməkdi ölümə saatbasaat.
Sənsizliyi bağrına basıb, bağırmaqdı,
Sevməyini için-için hönkürməkdi...
***
Açıl, ey sabahım, doğ ey, Günəşim!
Bəlkə, bu gecədən sağ çıxa bilim.
Bu qədər ağrının, yükün altında,
İlahi, səninçün darıxa bilim!
Bəlkə, bu şeirlə qatıb başımı,
Dərdimi sabaha daşıya billəm.
Bu ağır gecədən səhərə çıxsam,
Bəlkə yüz il ömür yaşaya billəm.
Gözümdən sürüşən yuxularımı,
Kirpiyim yorulub, saxlaya bilmir.
Ürəyim heyrətdən ağrımır daha,
Nə də ki, gözlərim ağlaya bilmir.
İlahi, bu dünya sənin əlində!
Bir az da bizləri güldür, İlahi!
Bir az yaxşıları qoru, əzizim!
Bir az ölməlini öldür, İlahi!
Yenə diz çökmüşəm sənin önündə,
Əl məndən ətək də səndən, Sevdiyim!
Məni bu gecədən ötür sabaha,
Əfv səndən, günah da məndən, Sevdiyim!
Haqsız ömür
Mən də belə yaşadım
Çoxdan öldüyüm ömrü.
Ölə-ölə yaşadım,
Baxıb, güldüyüm ömrü.
İstəyirsən, soruş bir,
Xətrinə kim dəyməyib?!
Kim söz verib gəlməyə,
Gedib, bir də gəlməyib?!
Soruş, harda qalmısan?!
İndi hansı yaşdasan?!
Hər gün ayaqlanan qız,
Niyə belə başdasan?!
Səni niyə atıblar
Çox sevdiyin adamlar?!
Niyə dərdindən ölür
Yox dediyin adamlar?!
Bir də soruş, gör hələ
Ən gözəl günüm hansı?!
Çaşıb əlimdəm salım,
Qoy, qırılsın hamısı!
Ən gözəl gündən başlar
Həyatın bitdiyi gün.
Bəlkə ən gözəl gündü
Həyatdan getdiyin gün?!
Nə söz-söhbətim bitər,
Nə də gözümün yaşı.
Nə boy verib, böyüyər
Yetim qalan on yaşı.
Bir soruş ki, ay Aləm,
Bu nə giley-güzardı?!
Sənə bu haqsız ömrü
Tanrı özümü yazdı?!
Atama bənzəyən adam
Bir yol var, sənə gələr,
İşıq, nur yoludu o yol.
Sən uzaqlardakı üfüq kimi görünür,
Günəş kimi uzaqlarda da batırsan,
Ay kimi ömrümdə doğmayan,
Atama bənzəyən adam!
Yaza bilmədiyim şeir kimisən.
Yaşaya bilmədiyim sevinc qədər
Ağrıdırsan dünyamı,
Xəyalların adamı!
Dəniz qədər genişsən,
Üzə bilmədiyim qədər dərin.
Qağayı kimi ömrüm boyu nəğmə dedim sənə,
Ömrünə sığmadığım dünyam,
Atama bənzəyən adam!
Əlimi uzatsam, çatacaq qədər yaxın,
İllərlə yol gedib, çatmayacaq qədər uzaqlardasan.
Bir gün o işığı tutub,
gələcəyəm sonsuzluğuna.
Mənimçün doğulub, özgəsini isidən,
Ömrümə qar kimi yağan,
Gözlərimdən bulud kimi boşalan,
Atama bənzəyən adam!
O dünyadan gələn məktub olsan,
Öncə əllərini oxuyaram,
Sonra tellərini.
Ağ-qara ömrümün rəngli şəkilləri kimisən,
İçimdə doğulub, içimdən ölən
Günəş kimi.
Maraqsız dünyamın maraqlı yuxuları
hələ də çin çıxır.
Yoza bilmədiyim röyalarımdı
sabah açılanda uçub gedən
ruhumun unutduğu yol.
Yapış əllərimdən, gedək sonsuzluğa,
orada bizi kim tanıyar?!
Özümüzdən başqa hər şey yalan,
Atama bənzəyən adam!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!