Nağıl kimi
Qədim nağıl kimi əzizsən mənə,
Cırtdan olmağın var, Div olmağın var.
Tufana qərq edib dünyamı, yenə
Gəlib də evimdə ev olmağın var.
Bilirsən, bilirsən,
Bilirsən özün,
Mən ölüm qoxusu gəlməyən eşqə,
Və ölüm qorxusu olmayan əhdə,
Vəfaya, ilqara bel bağlamadım...
Bu könül dünyama kim yaxın oldu
Ona qucaq açdım, əl bağlamadım...
Mən ölüm qorxusu gələn sevginin,
Və ölüm qorxusu olan istəyin
Yolunda ərənlər ərəni oldum.
Eşqin daşı altda baş qoyanların
Məcnunu, Fərhadı, Kərəm oldum.
Şamın eşq havası titrətdi məni,
Əridim bu şamın eşq havasında.
Sənə yenilməyim və itaətim
Məni sağ çıxartdı Eşq davasından.
Qədim nağıl kimi əzizsən mənə,
Dünyanın hər üzün səndə aradım.
Tək sənli dünyamda gözüm göz oldu -
Baxanda gördüm ki, hara haradı!..
Avtoportret
Mən bir Eşq yaşadım,
bir eşq yaşadım,
Fərhadda, Şirində, Əsli-Kərəmdə...
Məcnun səhraları ruhumda gəzdi,
Leyli bir şam kimi əridi məndə.
Mən oldum qəm dolu qəlbin həmdəmi,
Məğlub sevdaların yasını tutdum.
Gəlib məndən keçdi Yusifin qəmi,
Züleyxa dərdini məndə unutdu.
Gəlib məndən keçdi bütün sevgilər,
Bütün sevdalara könül bağladım.
Pünhan dərdlərimə bir pərdə kimi
Hər qəlbin qəmini tutub ağladım.
Mənəm Yer üzündə ən bəxtli adam,
Varam sevdaların olduğu yerdə...
Bütün gedənlərlə gedib dünyadan,
Bütün gələnlərlə gələcəm bir də!
Çərçivə
Kimim var, şəklənəm kimim də gedə,
Görən gedənlərin kimində gedə?
Fotosu bir tanış cibində gedən
Şəkil çərçivəsi kimiyəm indi.
Şəkil çərçivəsi kimiyəm indi,
Suallar qəlbimdə qara daş qalıb.
Mənim bir sifətim varıydı orda,
İlahi, necə də yeri boş qalıb.
Harda, hansı qorxu qovub, teyləyib?
Gəlmir bir xatirən ələ, çərçivə.
Səndəki şəkili illər neyləyib,
Nədən boş qalıbsan belə, çərçivə?
Dəniz asacaqdım, dağ asacaqdım,
Bir barlı-bəhərli bağ asacaqdım,
Nə assam dipdiri, sağ asacaqdım,
Nədən boş qalıbsan belə, çərçivə?
...Yenidən qayıda ömür, yenidən,
Bir can bahasına alam çərçivə.
Gətirib o şəkli yerindən asam,
Bir də öpüb qoyam gözümün üstə,
Bir də o şəkilə olam çərçivə...
Evlər heykəlidi ayrılıqların
Qəşəm Nəcəfzadəyə
Daha kənd deyil ki...
bir muzeydi bu;
Açılır anamın xatirəsilə,
bağlanır atamın addım səsilə...
Evlər heykəlidir ayrılıqların,
Hər uşaq bir nəslə abidədir, bax!..
Əsrin o üzüdür keçdiyim çığır,
Ömrün o yanıdır atlandığım arx...
Daha kənd deyil ki...
Bir muzeydi bu;
İlləri nar kimi yaddaşa sıxır.
Girişi yenə də İşıqgələnə,
Çıxışı İthürən tərəfə çıxır.
Qardaş əvəzidir burda hər çinar,
Söyüdlər doğmaca bacı kimidir.
Analar,
analar anam əvəzi,
Atalar başımın tacı kimidir.
Daha kənd deyil ki, Feyruz kişidi,
Əbülfət, Bahadır, Əyyam dayıdır,
Ya Əmrah, ya da ki Şirin əmidir...
Bura Mirzə adlı, Hüseyn adlı
Halallıq üzünə gəlinməlidir!..
Hər cığır yaddaşa açılan qapı,
Hər addım doğulan yeni həyatdı.
Daha kənd deyil ki...
bir muzeydi bu,
gördüyüm nə varsa eksponatdı.
Eşqin ölməzliyi
Ağaclar yarpaq-yarpaq
yerə basır əlini...
Buludlar damcı-damcı
torpağa əl aparır-
And içirlər elə bil
asi olmadıqlarına!
Ağaclar yarpaq-yarpaq
yerə basır əlini...
Buludlar damcı-damcı
torpağa əl aparır -
And içirlər elə bil
Eşqin ölməzliyinə.
...Dönür ana bətninə
ağaclar yarpaq-yarpaq,
buludlar damcı-damcı...
Özünə dönür hər şey,
qayıdır yenə, yenə!
Şükür olsun, İlahi,
Sənin böyüklüyünə,
Eşqin ölməzliyinə!
Bilirəm ki...
Əzizim Nəriman Həsənzadəyə
Zəng etmirəm,
bilirəm ki, "can" deyəcəksən,
"Sənə qurban" deyəcəksən,
kövrələcəm mən!
"Can" sözünü bir dünyalıq ənam eyləyib
Balan kimi qoruyacam son günüməcən.
Sənsiz evdə sənin ilə böyüyənəm mən,
Müəllimim söz mülkündü, özün bilirsən.
Sən böyütdün ürəyimi keçdiyim yerdən
Fənar kimi asıb keçmək istəyimi, sən!
Mələklər var çiynimizdə, hesabı yazır;
Yaxşılığın bir itsə, mini qalacaq.
Hökmdarın hökmlüsü, Nəriman qağa,
Şairlərin sənin kimi piri qalacaq!
Ərəfə
Məni o gözəl şeir,
O gözəl söz etdi şairliyimdən.
O şeirə, o sözə
Çata bilmədikcə yaza bilmədim.
Məni şeir istəklisi,
şeir dəlisi
bir oğlan eylədi şairliyimdən.
O çiçək oğlana,
O gül oğlana
Çata bilmədikcə yaza bilmədim.
Hər gözəl yazımdan o söz boylanıb,
O şeir yenidən qalxıb, dikəlib,
O oğlan əl edib, mənə əl edib.
Ən gözəl şeirim
həmin o misradı,
həmin o sözdü,
həmin o oğlandı -
tapıb oxuyun...
Bil ki...
Baxma yol gedirəm, səfər üstəyəm;
Uçaqda, qatarda, ya bir maşında...
Bil ki, yanındadı fikrim, xəyalım,
Sənə yol gedirəm yaranışından...
Bil ki, üstündədi gözüm həmişə
Qızım, sən dünyaya gələndən bəri.
Səndən uzaq olsun, gen dursun deyə
Canıma çəkirəm xəstəlikləri.
Qorxma, önləyəcək hər qaranlığı,
Qorxma, haxlayacaq xatanı, qızım!
Bil ki, sən sarıdan nigaranlığı
Diri saxlayacaq atanı, qızım!..
İtkilər, ayrılıqlar...
Kinolardan izləyirdik ölümləri biz,
Filmlərdən seyr edirdik ayrılıqları.
Necə gəldi ömrümüzə o səhnələr, de,
Kimlər çəkdi bəxtimmizə o kadrları?
Ömrümüzdən keçib gedən səhnədi indi
O itkilər, ayrılıqlar, ölümlər daha.
On qəpiyə saatlarla göz atdığımız
Səhnələrin gerçək üzü ömürdən baha.
Göz yaşına eynəyimiz pərdə tutub, bax,
Fona dönüb axşamımız, səhərlərimiz.
Ömrümüzdən keçib gedən günlərin indi
Bir kadrını dəyişməyə çatmır əlimiz.
Kinolardan izləyirdik ayrılıqları,
Filmlərdə seyr edirdik ölümləri biz...
Necə gəldi o səhnələr ömrümüzə ki,
Bircə kadrı saxlamağa yetmir əlimiz?
Çıxılmazlıq
Hamı sözlər yazılmış,
Hamı laflar edilmiş...
Doğru, yalan, ikili -
Nə ki, yol var gedilmiş...
Bir sən,
bir mən qalmışıq,
Bax, keçilməz yol kimi...
Yaşayırıq bir canda
Gah padşah, gah qul kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!