"Nə qədər Vətən var, hələ sağam mən!" - Şeirlər - Güləmail MURAD

 

Şəhidlərimi -

Göydə buludlar hönkürüb mərsiyə deyir,

yerdə ana-bacıların göz yaşı,

layla-bayatısı ilə yuyulur.

 

 

Şəhid anasıyam

 

Şəhid anasıyam, qoy bilsin ellər,

Amma göz yaşımı boğacağam mən!

Bətnimdən doğduğum şəhid balamı

İndi öz ruhumdan doğacağam mən!

 

Mənimdir Kür çayı, Göyəzən dağı,

Hər daşım, hər qayam aslan yatağı!

Sinəmə dağ çəkmək istəyən yağı,

Görsün necə zirvə, necə dağam mən!

 

Ah çəksəm, ahıma dinər ulduzlar,

Göylərdən yerlərə enər ulduzlar!

Üçrəng bayrağıma dönər ulduzlar,

Ana görkəmində bir bayrağam mən!

 

Oğulsuz keçsə də neçə illərim,

Dərddən ağarsa da qara tellərim,

Deməz qədirbilən, doğma ellərim,

Deməz xəzan vurmuş bir yarpağam mən...

 

Düşmənlər yurduma girməyəcəklər,

Bağımdan gül-çiçək dərməyəcəklər!

Şəhidlər ölməyib, ölməyəcəklər,

Nə qədər Vətən var, hələ sağam mən.

 

Əsgərliyə gedən oğlan

 

Vətən yolunu gözləyir,

Əsgərliyə gedən oğlan!

Polad qolunu gözləyir,

Əsgərliyə gedən oğlan!

 

Ana üçün balasan sən,

Bir alınmaz qalasan sən!

Tarixlərdə qalasan sən,

Əsgərliyə gedən oğlan!

 

Əsgərlik bir rəşadətdir!

Yurda, elə məhəbbətdir!

Bir gözəl sənə həsrətdir,

Əsgərliyə gedən oğlan!

 

Nə gözəldir səndə vüqar!

Kürəyin gen, boyun çinar...

Qara gözün alov saçar,

Əsgərliyə gedən oğlan!

 

Salamlayır sabah səni!

Vətən bilir pənah səni!

Qoy, qorusun Allah səni!

Əsgərliyə gedən oğlan!

 

Nizami səsi gəlir

 

Dahi şairimizin ruhu həmişə şad olsun

 

Səkkiz yüz səksən ildir

Nizami səsi gəlir.

Bu səs susan deyildir,

Nizami səsi gəlir.

 

Hər sözündə var səsi,

Nə şirindi kəlməsi!

Eşitmirəm heç kəsi,

Nizami səsi gəlir.

 

Heyran etdi kim məni?

Eşitmirəm kimsəni.

Oxuduqca "Xəmsə"ni

Nizami səsi gəlir.

 

Sən çoxmusan? Birmisən?

Hər ürəyə girmisən.

Sakit, eşidirmisən?

Nizami səsi gəlir.

 

Çiçəyindən, gülündən,

Bülbüllərin dilindən

Azərbaycan elindən

Nizami səsi gəlir.

 

 

Vətən

 

Cəsur igidlərtək düzülüb dağlar,

Uca zirvələrdən şəlalə çağlar.

Qısılıb döşünə bulaqlar ağlar -

Vətən!

 

Alovu düşməni yandırıb-yaxır,

Qan damarlarıdır Kür, Araz - axır.

Əyilib Xəzərdə özünə baxır -

Vətən!

 

Qız qalası kimi təmizdir adı,

Anatək, atatək əzizdir adı.

Dəryadır, ümmandır, dənizdir adı -

Vətən!

 

Şeirim qanadlanır səni andıqca,

Sənin eşqin ilə alovlandıqca,

Üçrəngli bayrağın dalğalandıqca -

Vətən!

 

 

Azərbaycan bayrağı

 

Sən Tanrıdan qismətim, sən taledən payımsan!

İşıq saçan ulduzum, nur çiləyən ayımsan!

Min illik diləyimsən, yüz illik harayımsan!

Ey iki sözlü yazı, üçrəngli göy qurşağı!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!

 

Göy rəngin millətimin hünər, qeyrət rəngidir!

Yaşıl rəngin inancım, dinim, hümmət rəngidir!

Qırmızın azadlığım, şərəf, şöhrət rəngidir!

Qalibiyyət rəmzisən bu dövranın, bu çağın!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!

 

Bir əsrdir ucaldın, dalğalandın, enmədin!

Döndərmək istədilər, məramından dönmədin!

Elə bir məşəlsən ki, alovlandın, sönmədin!

Qaranlıq gecələrdə haqqın sönməz çırağı!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!

 

Öndərim öpdü səni, yenə dalğalan dedi!

Yolunda həlak olan şəhidlər can-can dedi!

Bir bayrağın altında neçə qəhrəman dedi:

"Sənə kəc baxanlara çəkdirərik göz dağı!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!"

 

Ucalardan ucasan dağda şəlalə kimi!

Gözün dəniz kimidir, yanağın lalə kimi!

Başımızın üstündə yandıqca halə kimi

Uzaq planetlərə qoy yayılsın sorağın!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!

 

Ali Baş Komandanım elin bayraqdarıdır!

Yolumuz haqqa doğru, zəfərlərə sarıdır!

Bayrağım millətimin, ölkəmin vüqarıdır!

Qazandıq, itirmərik bir daha bu növrağı!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!

 

Haqqın əliylə yanan bir ocaqsan, bilirəm!

Qalxdın Lələtəpədə, çünki haqsan, bilirəm!

Gün gələcək Şuşada qalxacaqsan bilirəm,

Atəşlərdən ucalan bir səməndər sayağı!

Azərbaycan bayrağı, Azərbaycan bayrağı!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!