Bir əsgərin qeydləri
1
...Döyüşürəm ölümlə
həyat üçün -
ölüm-dirim savaşı bunamı deyirlər...
Düşmən əsgərini
barmağını tətiyə aparmağa qoymamalısan,
tutaq ki, gecədi;
əgər işıq işinə mane olarsa,
səhəri açılmağa qoymamalısan!
Yəni bir an
döyüş vaxtı üçün uzun bir zamandı, inan...
2
Döyüşün sağı, solu yoxdu,
düz yolu yoxdu.
Çox böyüdüm bir-iki günün içində -
neçə təcrübə böyüdüm;
22 yaşlı bir "körpə" gəlmişdim,
sanki 22 sənə də böyüdüm...
3
Döyüşə bilmək sizə asan gəlməsin,
çətindi ən əvvəl döyüşə girmək;
bir evə girmirsən,
yatağa girmirsən -
döyüşə girirsən;
onda özün öz yaranı sarımalı
və sağaltmalı olacaqsan...
Bir də öz yarandan əvvəl
torpağın yarası canını çox incidir;
axı, torpağın aldığı yara hamının -
hər kəsin yarasıdır,
sağ qalmaq, ya qalmamağı heç düşünmürsən...
4
Sanırsan ayağın ayaqqabıda yalındı,
atəşlərin içi də yolundu...
Həm də sənə elə gəlir
əyninə zireh geymisən;
fəqət əsl gülləkeçirməz ruhun olmalı,
bu məqamda güclü Vətən duyğun olmalı,
nə bilim, doğma ev, yurd,
doğma adamlar hissin
qəlbindən fışqırmalı!..
5
Vətəni bir bayraq
qaldırmaq
bilirsiz nə deməkdi?!.
Qazi
...Çoxumuza addım atıb
necə yerimək öyrətdi
ayaqlarını Qarabağ savaşında
qoyub gələn qazi...
Daha çox izlər qoymuş
heç yürümədiyi dağlarda, düzlərdə,
ürəklərdə -
hər yerdə,
əzizlərini görəndə
heç nə olmamıştək gülən qazi...
Həm də şəhid olmuş
yoldaşlarının həyatını yaşayır,
Arzularının çin olmasına çalışır
min əllə, min ayaqla
ayaqlarını itirmiş qazi...
O ayaqlar ki,
ən keçilməz qayalıqlardan keçir indi də;
onlar üçün
dayanmaq yox, durmaq yox,
diz yerə vurmaq yox...
Ayaqlarının üstündə
mərd-mərdanə durmağı bacardı
vətənə qurban etdiyi ayaqlarıyla
bu qadir, yenilməz qazi
edərək özünə heyran bizi!
Oxu, tar...
Oxu, tar,
neçə-neçə gündüzüm tar;
işıq oxu,
eşq oxu, tar,
Müşfiq oxu...
Səsinlə aramıza girə bilməz
heç bir münafiq, oxu...
gözlərimin önündə aydınlansın üfüq, oxu,
Müşfiq oxu, tar!
Oxu, tar,
bir tel Xan,
bir sim Qurban,
bir ah Natəvan oxu
Cabbar oxu,
tar, oxu!
Bir hiss, duyğu toru toxu,
təzə xallarla bir şikəstə,
"nərmü-nazik bayatı" oxu!
qəriblər həyatı oxu,
Heyrətim, oxu!
Günəş olsun daha da parlaq, oxu.
qara deyil, ağ oxu,
üstümüzdən götürülsün nə ki var ağır yük, oxu,
dön yenə Müşfiq oxu, tar!
Şeirimizin sarı simiydi,
onu vaxtsız qırdılar,
Oxu, tar,
Oxu, tar,
Müşfiqi kim unudar?!.
Toxu...
Əlini bir işə toxu,
etmə əndişə, toxu.
Bu haylı-küylü dünyadan
sakit bir guşə toxu...
Ayağını toxu yola,
bir ağaca sarıl da,
Gör ki, sevgin yarpaqladı
onun budaqlarında...
İşığı işığa toxu,
kəhkəşanlar yaransın.
Ocağını bir ocağa
Toxu, əbədi yansın...
Eşqini yansıt hər şeyə,
qoy naxışlansın ömrün.
Yüzdə qurtarsın, təzədən
birdən başlansın ömrün!
***
Ha baxıram ocağımın
oduna-alovuna
Bəlkə qəlbim ümidlənə,
bir toxtaya, ovuna...
Sanki bir əl amadədi,
fürsət verməyə fotə -
Sönən odu qurdalaya,
gözümə kül sovura...
Sinə-sinə keçir, bilsən,
çəpərlərin dibindən,
Əgər çəpər çəkibdisə,
kim sözünə-sovuna...
Varmı İlahi ədalət
insanın xislətində,
Göz yaşların ovucunda
gilə-gilə qovrular...
Yoxsa vaxtın ağırlığı
üzərinə çökübdü;
O daş necə daş ola ki,
öz-özünə ovula?..
Ha ovul,
Ovul, canım, ha ovul...
Gözünə bir yarpaq tut,
Suya çıxdın e, ovun...
***
Alnın açılmayan qırışları var;
Görəsən, ürək də qırış-qırışmı?
Elə başqalaşır hisslər, duyğular,
Ayırd edəmmirsən baharmı, qışmı,
Görəsən, ürək də qırış-qırışmı...
Hər şey sayır sanki yerində ancaq,
Dəyişməz sandığın dəyişəndi ki...
Qürbətdə ağlayan ey qərib ocaq,
Kim qəm süfrəsini önünə sərdi?
Dəyişməz sandığın dəyişəndi ki...
Ünvanına çatan bir duan hanı;
Göylər də elə bil dərin quyudu...
Birinin xırdaca, kiçik imkanı
Bir ayrısı üçün böyük arzudu,
Göylər də elə bil dərin quyudu...
Sarıl ümidinə, yalvar baxtına,
Dəryalar bir dolça su da eləməz...
Bir söz söyləyimmi daş qulağına;
Dərd verən dərdə ki dəva eləməz,
Dəryalar bir dolça su da eləməz!..
***
...Güvəndiyin bir yarpağa dayaqlan,
bir yaşıl ota,
lap quru budağa dayaqlan...
Yeri gələndə
bir gülün qönçəsinə,
bir ağacın kölgəsinə dayaqlan...
Bir hissə, duyğuya,
yalana deyil, doğruya,
sevgiyə-sayqıya dayaqlan...
İnan inama,
haqq-salama dayaqlan.
dayaza yox, dərinə,
asana yox, çətinə dayaqlan...
Namərddən keç, mərd sözünə,
sözün ən düzünə,
gün şüası düşürmü üstünə,
ona dayaqlan!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!