Saçımda anamın xınası,
yolların ayaqlarımçün duası,
gözlərimdə hələ bizim olmayan uzaqlıq
deyir:
Sən azadsan!
Sən azadsan!
Ayaqlarım cığırlara yalvarır;
Qarabağ,
biz sənin övladınıq,
ilk dəfə gördüyün övladlar.
uzağa at ayaqlarımızdan
bətnində gizlətdiyin minaları.
Sol döşüm üstdə
gəzdirdiyim məktəbli məktubu,
bizi zirehli gödəkçə kimi qoruyan
uşaq duaları.
körpə azrularıyla birgə döyünür
məktub altındakı ürəyim.
Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...
Burda ulduzlarla deyil,
hər minamyot mərmisiylə sayırıq
yarım qalan ümidləri,
anaların göz yaşını.
bir döyüşçü sevgilisinin
bətnində ölən arzusunu.
Günlərdir danışmırıq.
bilirəm, narahatsan, ana.
bəlkə gecələri ağlayıb,
şəklimlə ovunursan, ana.
səni Füzulidən eşidirəm, ana,
səni Cəbrayıldan görürəm, ana,
sənə Şuşadan əl yelləyirəm, ana.
Noyabrın dağ soyuğu,
Bumbuz olmuş bədənim,
barmağımda titrəyən tətiyim
və bizi qızınmağa çağırır
Şuşanın imisti ana qucağı.
Formamda şəhid qardaşlarımın qanı,
gözlərimdə 44 gecənin yuxusuzluğu,
bir az həyəcan, bir az da
sevinc tərinə qarışan geyimim.
təqvimdəki "8 noyabr"
Qarabağ torpağıyla, palçığıyla
büsbütün vətənləşən bədənimiz
və
bizi gözləyən Azərbaycan
meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;
Sən azadsan!
Sən azadsan!
Qarabağ Azərbaycandır!
Xocalı, Siqnax. Noyabr 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!