Türkü kimi təsirli, şükrü kimi axıcı... - Qurban Cəbrayılın təqdimatında Akif Azalpın şeirləri

 

Akif Azalp yaradıcılığının ana xəttini təşkil edən vətənpərvərlik mövzusu, xüsusən, istedadlı şairin son zamanlarda "YouTube"un  və "Kulis.az" saytının ədəbiyyat səhifələrində yayınlanan və "Qarabağ yürüşü" toplusuna daxil olan müxtəlif vəznli şeirlərində ("Dalğalan, Azərbaycan!", "İstiqlal", "Generalın son əmri", "Çağrı", "Şuşa coşqusu", "Minbər müxəmməsi", "Daşnak yallısı", "Marafonçu" və s.) daha qabarıq nəzərə çarpır. Bu baxımdan "Şəhid öygüsü" şeirinin Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ədəbiyyat üzrə respublika müsabiqəsinin qalibi olması heç də təsadüfi deyil.

Adətən, qardaş Azərbaycan və Türk ədəbiyyatlarında şəhid obrazından söz gedəndə böyük türk şairi Mehmet Akif Ərsoyun "Çanaqqala şəhidləri" şeiri xatırlanır və təəssüf hissi ilə poeziyamızda Qarabağ şəhidlərinin obrazını o səviyyədə əbədiləşdirən nümunələrin yoxluğu vurğulanır. Bu, əsasən, doğru müşahidədir və Mehmet Akifin sözügedən şeiri hələ də öz əlçatmazlığında qalır. Amma dərindən və insafən diqqət yetirilsə, Akif Azalpın "Şəhid öygüsü" şeirinin həcmcə yığcamlığına baxmayaraq, onda öz böyük adaşı və ustadının həmin şeiri ilə müqayisəyə gələn məqamlar, səsləşən və yarışan "not"lar yox deyildir. Biz burada təkcə hər iki şeirin əruz vəzninin eyni ölçüsündə yazıldığını, yaxud poetik vüsət baxımından bir-birinə yaxınlığını nəzərdə tutmuruq. Bu, ədəbi təsirlə bağlı izah oluna bilər. Biz daha çox hər iki şeirdə şəhidliyin yüksək mərtəbəsini və şəhidlərin son sığınacağını poetikləşdirən təsvirlərin özünəməxsusluğunu vurğulamaq istəyirik.  Məsələn, aşağıdakı misralardan da göründüyü kimi, əgər ustad Akif Ərsoy şeirində bu son sığınacaq "Peyğəmbərin ağuşu"dursa, şagird Akif Azalp şeirində "Allahın vüsalı"dır:

 

...Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sana ağuşunu açmış duruyor Peyğəmbər!

 

...Doymamış sehrinə bir yerdə Vətən adlı ana,

Göydə didarın üçün intizar Allah-Taala!

 

Effektli ədəbi təsir məsələsinə, yaxud böyük adaşının və ustadının təbi ilə yarışma həvəsinə gəlsək, bunu Akif Azalpın özü də cəbhə şeirlərindən birində səmimiyyətlə etiraf edir:

 

...Hər yüz ilin bir başı

Böyük Qala savaşı!

Püskür Qələbə marşın,

Ey Ərsoyun adaşı!

 

Poetik mündəricə və vüsət baxımından "Qələbə marşı" ("Ədəbiyyat qəzeti", 14 noyabr, 2020-ci il) başda olmaqla Akif Azalpın "Şəhid öygüsü" ilə səsləşən şeirləri çoxdur. Amma onların arasında hər cəhətdən "Şəhid öygüsü"nün ayrılmaz "əkiztay"ı sayılan bir nümunə var - "Qazi şükrüsü"!  Hər iki şeirin haqqında hələ çox yazılacağına dərin inamla, doğrudan da, biri türkü, digəri şükrü təsiri bağışlayan, biri şəhidlərimizin xatirəsinə, digəri qazilərimizin şəninə ucaldılmış həmin poetik abidələri Böyük Qələbəmizin səkkizinci ayında, şanlı İyul döyüşlərinin ildönümündə məmnuniyyətlə oxucularımıza təqdim edirik.

Qurban Cəbrayıl

"Mədəniyyət/Culture" jurnalının redaktoru,

Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı

 

 

 

 

Akif Azalp

 

Şəhid öygü

 

("Əruz mləri" silsiləsindən)

 

Qarabağ müharibələrində Haqqa qovuşan bütün

şəhidlərin müqəddəs ruhuna sonsuz ehtiramla!

 

Taleyi qan-qadaya yoğrulu yurd torpağının,

Nə qədər göz yaşı var, bir elə şəhid qanı var.

Yerin üstündə yığıb zülmünü qəddar yağının,

Yerin altından atəş püskürən öz tüğyanı var!

 

Bu Vətən yavrusunun əfsanədə yoxdu tayı,

Şan yazır, yer o yana, göydə könüllər yaxaraq!

Zəfərində yenə "Ya Heydəri-kərrə!" harayı,

Yıxılır köksünə bir bayrağı bərk-bərk sıxaraq!

 

Nəsib olmuş bu səfər öygü demək bəxti mənə,

Döz bir az, ey Basatım, dözməlidir qurd ürəyin!

Nə qənim, hətta ölüm tək bata bilməzdi sənə,

Gözü düşmüş, görünür, göydəki qısqanc mələyin!

 

Son anında belə şən zillənib, ərşə tələsən

Bu mübarək baxışı mən necə vəsf eyləməyim?!

Vurub atdıqca külək, qanlı yaran üstə əsən,

Qan-qızıl köynəyini mən necə bayraq deməyim?!

 

Duymamış bunca qürur xalq otuz ildən bu yana,

Ruhuna, gör, nə qədər təşnədi ki ərşi-əla,

Doymamış sehrinə bir yerdə Vətən adlı ana,

Göydə didarın üçün intizar Allah-Taala!

 

O bilir təkcə bu eşq səndə yaranmış haradan,

Naümid etdimi heç bircə kərə ümmətini?!

Səni yurda hələ çox qaytaracaqdır Yaradan,

Qorumaqdan ötəri yer üzünün cənnətini!

 

Qazi şükrü

 

("Heca cumları" silsiləsindən)

 

Qarabağ yüşrində misilsiz şücaət stən n

qazilərimizə hkəm cansağlığı uzun ör arzusu ilə!..

 

O qız gözəl idi, nə qədər desən,

Görənlər göylərin payı sayırdı.

Hüsnü aşiqlərin nəfəsin kəsən

Çiçəklər də "Leyla..." pıçıldayırdı.

 

Ancaq uzandıqca illər acısı,

Elçilər qapıdan döndükcə bir-bir,

Hamı deyirdi ki, şəfqət bacısı

Şəhid qardaşların unuda bilmir...

 

Qırıldı şeytanın qıçı, nəhayət,

Qələbə günündə Qızıl payızın!

Alplar qarşılanan törəndə fəqət

Üzünə təbəssüm qondu o qızın!

 

İzdiham önündə onu görəndə,

Ayaqda tutaraq özün birtəhər,

Unudub yarasın, dondu yerində

Şuşadan zəfərlə qayıdan əsgər!

 

Hər kəsin onlarda ikən diqqəti,

Hamının böyüdü birdən heyrəti:

Sən nələr imişsən, yurd məhəbbəti,

Sən nələr imişsən igid qeyrəti!..

 

Fırtına anında səcdəyə gəlib,

Qız boğa bilmədi sevinc yaşını...

Ağır yarasına doğru əyilib,

Qazinin köksünə qoydu başını!..

 

Bakı, 2020

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!