Ey ulu qeyrətim, gözlərin aydın, Üzüağ çıxmısan bu son savaşdan!
Proloq
Gəl, aç yaxasını misralarımın,
"Qələbə" sözünü qoxla doyunca.
Zəfər təbəssümü bayrağım üstdən
Bu gün əl eyləyir vətən boyunca.
Zəfər köynəyini geyib əyninə
Otuz il alnımı üşüdən yollar.
Bu payız vətənin könlünü alıb
Şuşanın alnından öpən oğullar.
Bir misra Natəvan, bir misra Vaqif,
Silir göz yaşını "Cıdır düzü"ndə.
Haqqın şərəfinə tonqal çatıbdı
Tanrı mələkləri göyün üzündə.
Hünər qoxuludur dağlar, dərələr,
Şəhid ətri gəlir qayadan, daşdan.
Ey ulu qeyrətim, gözlərin aydın,
Üzüağ çıxmısan bu son savaşdan!
Şuşa bələnibdi Şuşa ətrinə,
Arzu yollarında sökülübdü dan.
Səni salamlayır vətən torpağı,
Qələbə müjdəsi verən Komandan!
***
Yuxusuz-yuxusuz gecələrimi
Səngər dodağınla içmişəm, Vətən.
Alın yazısını öz əllərimlə
Ömrünə-gününə biçmişəm, Vətən.
Sarıdım yaramdan axan qanımla
Torpaq yarasını, daş yarasını.
Götür bu sevgimlə sarı, sən Allah,
Körpə yanaqlarda yaş yarasını.
Gümüşü nəğmədi ağca suların,
Bir ömür səs olub ona qarışım.
Sənin daşların da çiçəkmiş, demə,
Kəpənək-kəpənək qonur baxışım.
Bu can qurbanındır, canımın canı,
Təzədən doğulmaq istəyir ürək.
Şah İsmayıl duran sərhədlərində
Ömür kirpik-kirpik asılsın gərək.
Bu gün səngərlərin sinəsi üstə
Üçrəngli bayrağın eşqi ələnir.
Oğul qoxusuna, şəhid ətrinə
Yaralı torpağın ömrü bələnir.
Hopub Qarabağa Vətən həniri,
Üzü gülümsəyir torpağın, daşın.
Silaha sarılan yurd oğulları,
Tozunu alıbdır ulu yaddaşın.
Qarabağ ətirli arzum çin olub,
Vətən əsgərinin qolları üstə.
Eşqim ümid-ümid çiçəkləyibdi,
Qələbə gününün yolları üstə.
Ömrünə ağatlı bir gün yol gəlib,
Çiçəyi çırtlamış bu günə bir bax.
Hər əsgər ürəyi güzgüdür, Vətən,
Səngərdən asılmış güzgünə bir bax.
1
Qeyrət ətirlidir qartal baxışın,
Öpür yarasını torpağın, daşın.
Keçdiyin yol kimi uludur yasın,
Şuşanı Vətənə döndərən oğul!
Həsrətli gözlərə ümid sərmisən,
Qəmli könüllərdən dərdi dərmisən.
Şəhid arzulara salam vermisən,
Şuşanı Vətənə döndərən oğul!
Sərkərdə əmrini bayraq elədin,
Qeyrəti ömrünə yaraq elədin.
Hünər kitabını varaq elədin,
Şuşanı Vətənə döndərən oğul!
Şəhidlik qoxuyur döyüş yolları,
Zəfər soraqlıdır dönüş yolları.
Şuşaya qovuşdu görüş yolları,
Şuşanı Vətənə döndərən oğul!
Baxışından yağan bu od, bu hənir,
Düşmənin başına daş kimi enir.
Ali Baş Komandan sənə güvənir,
Şuşanı Vətənə döndərən oğul!
2
Bir oğlun dönmədi döyüşdən bu gün,
Torpağın bir ovuc isindi, Vətən.
Bir çopur daşında qan çiçəklədi,
Yaddaşın bir yarpaq diksindi, Vətən.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Bir alın yazısı torpağa düşdü.
Qorqud qopuzunda əridi bir tel,
Səngərdə bir əsgər yeri üşüdü.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Şəhid ətri gəldi "oğul" sözündən.
Göy üzü əyildi bir ana kimi,
Böyük bir hünərin öpdü gözündən.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Yaddaşı kişnədi ulu yaddaşın.
Oğul cəsarəti, oğul hünəri
Keçdi köynəyindən torpağın, daşın.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Yıxıldı torpağa bir döyüş yolu.
Dişini-dişinə sıxıbdır qisas,
Zəfər yollarının gözləri dolub.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Hünərvər ömrünün yolları döndü.
Səsini kəsməyə Səhl Sumbatın, -
Babəkin kəsilmiş qolları döndü.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Torpağın bir boy da ucaldı, Vətən.
Bir ana dilində "oğul" kəlməsi
Sənin yaşın qədər qocaldı, Vətən.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Yenə varaqlandı hünər kitabı.
Döyüş nəğmələri çıxıb yollara,
Qarışıb yuxusu dözümün, tabın.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Bir döyüş nəğməsi söndü dodaqda.
Bir haray əlini açıb göylərə,
Dolaşır hələ də dərədə, dağda.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Köksündə güllələr alışdı köz-köz.
Bir ata ürəyi çat verdi sanki,
Bir ana dilində çilikləndi söz.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Yudu yollarımı güllə yağışı.
Hünərvər döyüşçü cəsarətindən,
Çiçəklədi yurdun ulu yaddaşı.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Dağlarda qeyrətin şimşəyi çaxdı.
Gün doğdu alnına qəhrəmanlığın,
Hünər səngər-səngər torpağa yağdı.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Yenə qanad açdı bir şəhid adı.
Güllə yağışında bir döyüşçünün
Əbədi bir döyüş yolu başladı.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Döyüş nəğməsinə bələndi çöllər.
Mübarək şəhidlik ətrini yaydı,
Torpağın alnından öpdükcə yellər.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Böyük hünərinin sorağı döndü.
Keçdi qapısından ölümsüzlüyün,
Əlində şəhidlik bayrağı döndü.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Qaraltdı ömrünü qarı düşmənin.
Hər cəsur əsgərin addım səsindən,
Səngərdə çatlayır bağrı düşmənin.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Bir qarış torpağın səbri üşüyür.
Tanrı dərgahında duran şəhidin,
Hələ qazılmamış qəbri üşüyür.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Səngərə sığmadı hünərin sözü.
Qələbə günləri yaxındır deyə,
Dikilib yollara ümidin gözü.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Torpağı isitdi qeyrətin səsi.
Baxıb cürətinə ər oğlu ərin
Heyrətdən ucaldı heyrətin səsi.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Qisas zəngi çaldı köksündə ürək.
Tarixə bir hünər tarixi yazdı,
Heyrətdən qaşını çatıbdır fələk.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Hünərin, cürətin gözləri gülür.
Yağır şəhidliyin qeyrət işığı,
Dağların qımışır, düzlərin gülür.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Gün kimi parladı döyüşçü andı.
Böyük Qələbənin yolları üstə,
Ümidin, inamın işığı yandı.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Şəhidlik andını bağrına basdı.
Döyüş meydanında ürək qanıyla
Sənə sevgisini torpağa yazdı.
Bir oğlun dönmədi döyüşdən bu gün,
Ümid əllərini çırpdı dizinə.
Damarı kəsildi cığırın, yolun,
Sanki qan çiləndi bəxt dənizinə.
Bir oğlun dönmədi döyüşdən, Vətən,
Qol-boyun olubdur torpaqla, daşla.
Bir oğlun əbədi döyüşlərdədir,
Onun hünərini durub qarşıla.
Epiloq
Qurbanam bu şəhid ətirli yurda,
Boyuna yaraşır şan da, qürur da.
Ölümün boğazı quruyub burda,
Cənnətə yol gedən ulu köçəm mən,
İki min yeddi yüz səksən üçəm mən!
Əyil, bu torpağı bir misra qoxla,
Həsrətin, kədərin gözünü oxla.
Toxun bu sevincə, əlinlə yoxla,
Savaş meydanında onu içən - mən,
İki min yeddi yüz səksən üçəm mən!
Oxu alnımdakı şehli yazını,
Nakam arzuların dur, çək nazını.
Torpaq, bu sevgimin aç yaxasını,
Kaş sənin könlündən bir də keçəm mən,
İki min yeddi yüz səksən üçəm mən!
Vətən, şəhidgözlü dərdim mübarək,
Şəhadət bağından dərdim, mübarək!
Torpağın üstünə sərdim, mübarək!
Alınmış qisasam, ulu öcəm mən,
İki min yeddi yüz səksən üçəm mən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!