Şeirlər - Sayman ARUZ

 

Unut məni, sevgilim, sadə bir ilqar kimi,

Yolüstü söykəndiyin çoxlu divarlar kimi.

 

Onsuz sənə desəm ki, mənimlə qal, xeyri yox,

Züleyxanın Yusifə etdiyi israr kimi.

 

İnanmıram, çətin ki, bu dünyada taparsan

Gözlərinə vurulmuş bu qəmli bimar kimi.

 

Bu dünyada, ey ürək, ən ucuzu sevgidir,

Yaşayasan ömrünü gərək ki, biar kimi.

 

Bilirsənmi mən niyə gecələrdən qorxuram?

Sızıldayır sinəmdə yoxluğun azzar kimi.

 

Bu beşgünlük dünyada var olmağın xeyri nə?

Köpük dəniz sayılmır, görünsə də var kimi.

 

Yandır məni, tərk elə, qoy alışım-yanım mən,

Qaranlıqda var olan şəmi-şəbi-tar kimi.

 

Məni atıb getdiyin o tindəyəm, gəlginən,

Çünki cahan dövr edir yerində pərgar kimi.

 

Tərk eləməklə bitmir, mənim kimi dərdləri,

Dönəcəyəm haçansa saçlarına qar kimi.

 

Gücün belə çatmasa, gözünü çəkmə yardan,

Heç olmasa zahirən görün xəridar kimi.

 

Hamı nəsə xərcləyir, dünya adlı bazarda,

Sən də xərclə Saymanı, dirhəmü-dinar kimi...

 

***

Sanma aparırlar səni mehman eləsinlər,

Dostum, aparırlar səni qurban eləsinlər.

 

Gizlət qəmini, sanma ki, əğyar soruşursa,

İstəkləri var dərdini dərman eləsinlər...

 

Babək, Hələbə kimsə aparmır səni mehman,

Niyyətləri var qanına qəltan eləsinlər..

 

Yusif, quyudan çox da sevinmə ki, çıxıbsan,

Misrə aparırlar səni zindan eləsinlər...

 

Bülbül, səni aşiq edənin məqsədi varmış,

Aşiq eləyiblər səni nalan eləsinlər...

 

Həvva, yediyin almada bir hilə var imiş,

Arzu bu imiş Adəmi şeytan eləsinlər...

 

Geydikləri ağ paltara aldanma, Əli (ə) can,

Niyyətləri var nizəyə Quran eləsinlər.

 

Ey gül, qoparanlar səni gülzarın əlindən,

Kaş, kinlərini eşq ilə dərman eləsinlər.

 

Ey Şəms, səni torpağa gömməklə, rəqiblər,

Bilmir ki, əkirlər səni vulkan eləsinlər...

 

Fərhad ayıq ol, baltanı öz başına vurma,

Məqsədləri var Bisütunundan eləsinlər...

 

Leyli, saçını bu küləyin hökmünə vermə,

Niyyət budu Məcnunu pərişan eləsinlər...

 

İbrahimə de səbr eləsin, sınmasın əsla,

Dostlar çalışır narı gülüstan eləsinlər...

 

Ey Nuh, özünə bir gəmi hazırla, fikir var,

Allahsız adamlar yenə tufan eləsinlər...

 

Arxanda sənin qəddi əyilməz Savalan var,

Hər nə eləyirlər de ki, Sayman, eləsinlər..

 

***

Məndən uzaq dur, ey dost, bulaşmasın qəm sənə,

Yoxsa şair olarsan, qəmdən gələr dəm sənə...

 

Mən gördüyüm günləri heç düşmən də görməsin,

İstəmirəm ki, baxsın, kəm adamlar kəm sənə...

 

Bayquş kimi hər gecə dil açıram şeirlə,

Söyləyirəm dərdimi, həm Allaha, həm sənə..

 

Jalə kimi hər gecə otururam güllərə,

Kədərimi səhərlər deyirəm nəm-nəm sənə...

 

Bilirsənmi hər axşam niyə qaranlıq çökür?

Mənim adımdan cahan saxlayır matəm sənə..

 

Kaş ki, bir söz tapım deyə bilsin hissimi,

Kaş ki, bunca qüssəni danışa bilsəm sənə...

 

Səndən ötrü beş-üç gün yaşamağa nə var ki,

İnan mənə, istəsən, yıxılıb ölləm sənə...

 

Ah, İsmayıl, qoç kimi gah oluram qurbanın,

Gah da Kəbə yanında oluram Zəmzəm sənə...

 

Mənə bir tar verginən ki, ifşa etsin məni,

Bu sevginin sirrini çalım zilü-bəm sənə...

 

Hürr olmağa "Quran"ı oxumağa gərək yox,

Bəs eyləyər inan ki, hətta bir ayəm sənə...

 

İçimdəki vulkanım partlayacaq haçansa,

Yanımda olsan yəqin, dəyəcək qəlpəm sənə...

 

Məndən uzaq dur ey dost, yoxsa qəmim bir gecə,

Ya olacaqdır Əfşin, ya İbni-Mülcəm sənə...

 

Bu kədərin mənşəin soruşma məndən əsla,

Elə sirlər vardı ki, danışa bilməm sənə...

 

***

Küçənizdən keçirəm mən yenə biar-biar,

Gəzirəm hər tərəfi hey elə təkrar-təkrar.

 

Evin, ey eşqin özü, "Qiblə" olubdur mən üçün,

"Təvafin" eyləyirəm hər gecə pərgar-pərgar..

 

Səni vəsf etmək üçün dünyaya mən gəlmiş idim,

Nə üçün tərk elədin dünyamı, ey yar, ey yar?..

 

Yusifi almaq üçün mən də xəridar kimiyəm,

Yığıram pullarımı gizlicə dinar-dinar...

 

Bir mənəm, bir də kədər, bu Bakı boyda küçədə,

Ürəyim çox darıxır bu gecə dostlar, dostlar...

 

Arxasından baxanı yoxdu deyə pəncərənin,

Dikilir pəncərələr qarşıma divar, divar...

 

Mənsuru eşq adına dün gecə sərdar elədin,

Məni də Allahıma qovuşdur, ey dar, ey dar...

 

Bu sızıltı, bu alov, gün gələcək ki, əminəm,

İbrahimtək olacaq Saymana gülzar, gülzar...

***

Cavanların qanından lalə bitib Vətəndə,

Şəhidə oxşayırlar gənclərimiz güləndə.

 

Yeridiyi yollara çinar əkir mələklər,

Əkdikcə düşmənləri, güllələrin bədəndə...

 

Şəhidliyin zirvəsi hər kəsə qismət olmur,

Hər adama deməzlər, "şəhid olub" öləndə.

 

Gərək ki, Zəmzəm kimi doğulasan anandan,

Sonra Savalan kimi böyüyəsən sinəndə...

 

Hərdən də bir Araztək dayanasan ortada,

Qardaşı qardaşından qorumaq istəyəndə...

 

İlahi, qismət eylə, Babək kimi cəng edib,

Şəhid olum bir axşam Samirədə, Yəməndə.

 

Ətirlənib bu ölkə, şəhidlərin qanıyla,

Kökü su yox, qan içər, bayraqlar dirçələndə...

 

Ax ey qanım ki, qeyrət, bayrağıma can olsun,

Get, ey başım ki, sevgi baş qoymayıbdı məndə...

 

***

Qanı qanla yuyacaq millətimə eşq olsun!

Məni məğrur eləyən millətimə eşq olsun!

 

Köləlikdə var olan bolluğa nifrət edirəm,

Müstəqillik daşıyan nifrətimə eşq olsun!

 

Mən ki, Yusif kimi öz qiymətimi dərk edirəm,

Düşmənin vermədiyi qiymətimə eşq olsun!

 

Fürsətim olsa əgər düşmənimi məhv edərəm,

İntiqam almaq üçün fürsətimə eşq olsun!

 

Türklüyümdür ki, mənə qeyrət olubdur həmişə,

Məni Boz qurd eləyən qeyrətimə eşq olsun!

 

Sinəm üstündə hər an lap Savalantək ucalıb,

Azərbaycan olan həsrətimə eşq olsun!

 

Hətta bilsəm ki, sənə catmayacam mən yenə də,

Ey Vətən, çəkdiyim o zəhmətimə eşq olsun!

 

Lənət olsun elimi min yerə bölmüş "ayıya",

Turan adlı o ulu dövlətimə eşq olsun!

 

Bir vətəndir mənə bu dünyada sərvət sayılan,

Qanla abad edilən sərvətimə eşq olsun!

 

Azərbaycanımın tam və bütövləşməsiçün

Varsa bir zərrə əgər, xidmətimə eşq olsun!

 

43 ildir ki, hələ öz diyarımda qəribəm,

Öz diyarımda olan qürbətimə eşq olsun!

 

Türk adı harda gəlir namus ilə yan-yanadır,

Şərəf ilə yayılan şöhrətimə eşq olsun!

 

Düşmənin şərrinə də, dostlarımın cəhlinə də,

Düz yüz ildir dözürəm, taqətimə eşq olsun!

 

Bakıdan Təbrizəcən boylanıram bayraq ilə,

Bayrağımla ucalan qamətimə eşq olsun!

 

Üstümə dünya belə gəlsə əgər qəm yemərəm,

Ürəyimdə döyünən cürətimə eşq olsun!

 

Yoxdur əsla gileyim tənhalığımdan, Sayman,

Vətən uğrundadısa, qismətimə eşq olsun!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!