***
Sonuncu avtobus Bakının hay-küyün aparır evinə.
Gecə növbəsində Aydı qəşəngim.
Kaş, sabah da dura Günəşin yerinə.
Dinməzcə durmuşam hüznlü gecənin qarşısında.
Səni amansızca sevməyin dadın çıxarmaq istəyirəm.
Bəxtini boğazıma bağlayıb düyünləmişəm.
Hərdən qəhər gəlib açmaq istəyir.
pərt olub qayıdır geriyə.
Axı...
Mən indi ac küçə iti də tapa bilmirəm.
Tapa bilmirəm ki,
Cəsarətimin üstünə hürə.
Mən indi əclaf adam da tapa bilmirəm.
Tapa bilmirəm ki,
Cəsarətimi təhqir edə.
Səni amansızca sevməyin dadın çıxarmaq istəyirəm.
Sonuncu siqaretin külün çırpıb sonra bir "ah" yandırıram...
Bir az gözlə.
Hə, hə...
Nəfəsin əsməyə başladı.
Ürəyimə sancdığın yaylığı dalğalandırır.
Pəncərədən yıxılan baxışların durub üstümə yüyürürlər.
Mən də götürüb öpüb qoyuram gözümün üstünə.
Səni görürəm.
Səni görürəm...
Səni görürəm!
***
Torpağın altında minalar da ümidlə yaşayır.
Əllərimi minanın üstə qoyub partlatmaq istəyirəm.
Vicdanımın üstə sığal çəkməyə bir şey tapılmasın.
İndi mənə qırıq skripka lazımdır.
Açıb simlərin mənə bağlasınlar.
Mənim Qəmlərimi skripkaya.
Onsuz da bütün insan skeletləri bir-birinə oxşayır.
Xoşbəxt, gülərüz...
Sən, nə deyirsən, bu bəzəkli ağrıya?
***
Vallah darıxıram, narahat olma.
Olur da, arada and da içirəm.
Kəsilib özümün sən yarısından,
Qırçınlı ömrünə tam biçilirəm.
Çevrilib dumanlı beynindən tapır,
Göyərçin gözlərin gətirir sülhü.
Söz yuyur beyninin divarlarını.
sürüşür, tuturam təbəssümünü.
Kündə-kündə bölünəndə həyatdan
Tapılarsan gözün qızarmışında.
Qarasında gizlənməyə nə var ki,
Düşər səadət də səninci qatdan,
Gülümsəyib deyərsən, nə gəzirsən
Sənsən saçlarımın ağarmışında?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!