"Bir sevgi uydurmuşam, Uşaq evcik quran kimi..." - Şeirlər - Yafəs TÜRKSƏS

 

Qorxu

 

Sənin yerişini

Çoxaldıb şəhər,

tez-tez diksinirəm

ayaq səsindən.

Sənin yerişinlə

yeriyən qızlar

səksənir

könlümün səksəkəsindən.

Hərdən

bir gözəlin gözündən baxır

17 yaşında qalan gözlərin

dalınca

heyrətdən daşa dönürəm

sənin saçlarınla gedən gözəlin

Sevib oxuduğun mahnılar

hər gün

getdiyim yollardan

sapdırır məni.

Neynim,

səsinin də oxşarı yoxdur,

hər gün paralayır,

çapır sinəmi.

Məcrasından çıxmış

bir çay kimiyəm,

bilmirəm hayana

axıram indi

sənin nişanəni

görməmək üçün

qızlara

qorxuyla baxıram indi.

 

 

Bir sevgi uydurmuşam...

 

Bir sevgi uydurmuşam,

Uşaq evcik quran kimi

Köçəcəyəm o evciyə

ürəyini alan kimi.

Bir sevgi uydurmuşam

gözlərin kimi mavi.

sözlərin kimi təzə.

Dilim də dualıdır,

Bu gecikən sevgim

Gəlməsin gözə.

Hazırdır sevgi məktubum da

Təkcə nöqtəsi qoyulmayıb

...oxuyub doymaq olar

Nöqtəyə nə var

Göz yaşıyla da qoymaq olar.

Özümü hazırlamışam

küsüb-barışmağa da,

O ətirli saçlarının

ətrinə qarışmaga da.

Əllərimi öyrədirəm

Saçlarından sünbül hörmək üçün,

Tez-tez yuxusuz qalıram,

Bu rəngi qaçmış dunyamı

Çəhrayi görmək üçün,

Sənə bir söz pıçıldayıb

Qaçacağam,

14 yaşıma qədər

Tanrım, kömək ol!

Sevgim getməsin hədər,

Qoy dünya gəlməsin

Bu yaşdakı cocuğuna.

Nə bilim, bəlkə, Tanrım verib

Mənə bu əzabı

günahkarı olduğum

bir sevginin acığına.

 

 

Anamdan xatirələr

 

Atam öləndən sonra

daha çox sevməyə başladım anamı.

Atam öləndən sonra

Təzə sənətlər öyrəndi anam.

Dərziliyi işə yaramayanda

nənəsindən öyrəndiyi

türkəçarəni də işə salardı.

Gah yorğan sırıyardı,

gah hana uzadardı

iplik əyirərdi

turşu qayırardı

bəhməz düzəldərdi

mürəbbə bişirərdi

gah kilim, gah palaz,

gah xalça toxuyardı.

Bir qarın çörək üçün

gündə bir şey fikirləşərdi anam

atam öləndən sonra

Varlı qızı olmuşdu,

gözü tox idi

kasıblığa baş əyməzdi anam

kolxozun biyar işlərinə

getməzdi heç vaxt.

Briqadirləri tula kimi qovardı qapıdan

təkcə məhsul yığımına gedərdi

yığdıqlarından evə də gətirərdi zor-xoş

torpağın çoxu

atasının mülkü olmuşdu deyə

xətrinə dəymirdilər.

Qor-qoduğa qismət olub

atamın mülkü deyərdi -

gedib yeyin-dağıdın

hamısının cavabın özüm verəcəm.

Sözünə

təkcə mən əməl edərdim

Onsuz da qoruqçular

məni tuta bilmirdilər -

yaxşı qaçırdım

tozuma da çatmırdılar

Qürurluydu anam

heç kimə baş əyməzdi

ağlayanda da xəlvətə çəkilərdi

Deyirdi hamınızı hökmən oxudacağam

qeyrətliydi anam

43-də itkin düşmüş qardaşını

ömrü boyu gözlədi

qardaşını çox sevirdi

həmişə laylası bayatıyla qarışardı anamın

atam öləndən sonra

anamı daha çox sevməyə başladım

atamdan sonra

azadlığı daha da böyümüşdü anamın.

Mən azadlığımı da,

dərdlə savaşı da

anamdan öyrənmişəm.

Ancaq başa düşə bilmirəm

bu qədər cəsarəti

hünəri,

azadlığı

necə ram edə bilirmiş atam.

 

 

Meyvə mövsümü...

 

Yenə meyvə mövsümü gəldi,

Yenə çiçək mövsümü gəldi,

İndi hər saat düşəcəksən yadıma,

Çünki dünyanın bütün meyvələrində

Səndən nəsə var...

Dünyanın bütün çiçəkləri

Səni xatırladır mənə...

Günümüz meşələrdə, çaylarda

keçəcək daha...

Dünyanın meyvələri, çiçəkləri

canımızı, ruhumuzu cavanlaşdıracaq yenə.

Sənə görə sevmirəm meyvəsiz,

çiçəksiz budaqları...

Sevmirəm sənə görə o gözəllikdə

maral buynuzlarını

Çiçək açmır deyə...

Sənə görə sevirəm dağ çayını,

səni görəndə nəğmə oxuyur...

Qısqanıram dənizi sənə,

səni görən kimi üstünə atılır...

Dünyaya sənə görə hörmət qoyuram,

Gör haçandan

Bağışlayıram bütün alçaqlıqlarını...

Qayğılarım artır sənə görə,

Mövsüm gələndə çimərlikdə

Fəxri qarovulda dayanmalıyam.

Meşədə gizləməliyəm qoynumda qurddan,

quşdan qorumalıyam...

Balıqları oddan əlimi yandıra-yandıra

götürüb ovcuna qoymalıyam.

Rəqs meydançasında gizləməliyəm

gözəlliyini vəhşi ehtiraslardan.

Uzun günlərin lütfkarlı vaxtını əritməliyəm,

Çarəm nədir?

Yay gəldi, sevinci, qayğıları, kədəri

yükləyir mənə

Texniki pasportuma baxmadan.

Yük götürmə əmsalımı bilir bəlkə, tanıyır

məni köhnə sakin kimi.

Yox, bu yay bir az gizlənəcəm

hərdən qayğılardan.

Qarpızın bir az balacasını daşıyacam

Yemişi hərdən yaddan çıxardacam.

Pivəni hərdən çaxırla əvəzləyəcəm...

Daha çox şeir yazacağam...

Çünki sevdiyim şeirlərimi

indi məndən çox istəyir...

 

 

Sahil daşı

 

Dadını,

duzunu aparıb sular,

dəryada balığa yem eyləyibdi.

Üzünün şəklini

qoparıb sular,

kim səni

taleyi kəm eyləyibdi?

Yonulub-yonulub

çınqıl olmusan,

ta hamar üzünə

əl sürtmək olar.

Zamanın

yalançı nəvazişiylə

səni üzüyumşaq

öyrətmək olar,

yalançı öpüşlər

aldadıb səni.

 

 

Mən bu məhəbbətin

sonun bilirdim...

 

Mən bu ayrılığa hazırlaşırdım,

Mən bu məhəbbətin bilirdim sonun...

Bilirdim...

Doğulub özümdən böyük

Bilirdim doğulub sözümdən böyük...

Qəlbimdə boy tutan bu kiçik sevgi

Bilirdim açılıb solmaq üçündür,

Bilirdim, bilirdim bu qara sevgi

Bir tufan qoparıb keçmək üçündür.

Kəpənək çiçəyə toxunan kimi

Mən bu məhəbbətə dəyib ölürdüm.

Yığılıb qəlbimə dolan sevgini

Sıxıb ürəyimdən süzüb atırdım.

Gözdən damcı-damcı sıxıb atırdım,

Çəkirdim dilimdən dodaqlarımdan,

Qoymurdum canımı ala bu sevgi

Qoymurdum ruhuma dola bu sevgi...

Qaçırdım görüşdən, öpüşdən hər gün...

Əzaba, dözümə hazırlaşırdım...

Bilirdim alacaq bu ögey tale

Amansız həyatın razılığıynan...

bəlkə də sonrakı ayrılıqlara

öyrətmək üçün imiş məni bu sevgi

Bilirdim, bilirdim körpə quzutək

qurdların ağzına gedir bu sevgi.

Sevgimdə bilirdim göynətmək üçün

Sevgi dərd olduğun öyrətmək üçün

Bildim göndərilib bu qara sevgi...

...İndi sevgilərin sonu tanışdır,

Daha dözümlüyəm ayrılıqlara.

 

İllüstrasiya: Qustav Klimt "Öpüş" (1908)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!