Duruşu heykəl əsgər
II Qarabağ savaşının əsgəri,
topçu Vüsal üçün
Heykəl əsgər, duruşunda bir nəslin ruhu kişnər,
Heykəl əsgər, kişnərtindən yüzlərlə düşmən titrər,
Heykəl əsgər, savaş - sərgi, sən isə canlı əsər,
Toz-dumanın arasında əzminə heyranıq biz,
Sənə baxıb sənin kimi başı dik duranıq biz.
O səs-küydə bağıraraq nə dedin, sirdi hələ,
İnanmıram nə zamansa durasan bir də belə.
Bir tablo ki, əsgərimin toz çökmüş rəngi ilə
Qarabağın qara bəxti rənglənir, işıqlanır,
Nuru sönmüş səmasında yenidən ulduz yanır.
Heykəl əsgər, adın Vüsal, taleyin qazi igid,
Neçə səngər qardaşların can verib oldu şəhid,
Arxasında dayandığın topunla inam dirilt -
O inamın zərbəsidir, düşməni məhv eləyən,
Məhv olmalı haqlı xalqın önündə səhv eləyən.
Ürəyini barıt ilə dolduran hazır əsgər,
Baxışların od püskürür, qığılcım saçır, əsgər.
Bunu görən düşmənlər önündən qaçır, əsgər,
Arxandasa qanı coşan xalq ordu olub gəlir,
Qoca-cavan, kişi-qadın, sevincdən dolub gəlir.
Heykəl əsgər, duruşunda bir nəslin ruhu kişnər,
Heykəl əsgər, kişnərtindən yüzlərlə düşmən titrər,
Heykəl əsgər, savaş - sərgi, sən isə canlı əsər,
Toz-dumanın arasında əzminə heyranıq biz,
Sənə baxıb sənin kimi başı dik duranıq biz.
Cəsarətin də çatmaz
soruşasan necəsən?
Hər şey dönər, dolanar, bir gün yanından keçər,
Zaman gələr bir ömür bircə anından keçər.
O anda bir qız baxar, eşqi canından keçər,
Nə o dinər, nə də sən?
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Giziltidən diksinər torpaq ayağın altda,
Elə bir əzilərsən böyük bir dağın altda.
Birdən pıçıldayarsan nəsə dodağın altda:
- Hardan çıxdın yenə sən?
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Uçunarsan, nədənsə, yerindəcə donarsan,
Tərsliyə bax, donsan da od tutarsan, yanarsan.
İçindən keçənləri eşidirmiş sanarsan -
Başa düşür deyəsən!
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Bir addım sən atarsan, bir addım da o gələr,
İki addım səsində bütün həzin nəğmələr.
Ehtiyatlar, qorxular, tərəddüdlər, bəlkələr,
Getsəm, gələr görəsən?
Cəsarətin də çatmaz, soruşasan necəsən?
Bu ki min il yolunu gözlədiyin qadındır,
Sındır buxovlarını, bütün tabuları sındır.
Görənlər nə düşünər, kim nə deyər, amandır,
Almayaraq vecə sən,
Cəsarət toplayaraq, soruş, de ki, necəsən?
Filonov P.N. "Kişi və qadın" (1882)
Ürəyimdə dörd fəsil
İndi mənim ürəyim bir qızılgül kimidir,
Rəngli duyğularımın qar örtübdü üstünü.
Guya gözəl göstərir hamıya mənzərəmi -
İnsan gülümü sevər, yoxsa gülün büstünü?
İndi mənim ürəyim gilənar yarpağıdır,
Payız küləkləriylə savaşların içində.
Nə qədər sərtləşdirim saplaq ümidlərimi?
Yorulur şair ömrüm yarışların içində.
İndi mənim ürəyim yeri biçilmiş zəmi,
Suya düşən xəyallar saman çöpü dərdində.
Üzdə çoxları üçün bəlkə, qırx yaşındayam,
Yetmiş yaşlı bir adam var-gəl edir dərində.
İndi mənim ürəyim kol dibində bənövşə,
Yaz müjdəli sevincim dözməz mart bozluğuna.
Şaxtalı baxışları əridərdim sevgimlə,
Daha tabım qalmayıb könül soyuqluğuna.
Bizim parkda səssizlik
O parkın səssizliyi nəğmə pıçıldayırdı
Salxım söyüdlərində yuva quran cüt quşa.
Bomboş skamyaların dolu tərəfi bizdik,
Yaz eşqi gətirmişdik ürəyi bumbuz qışa.
Adamlar gəlib-keçir, maşınlar şütüyürdü,
Qışdan çıxan güllərin çırtırdı tumurcuğu.
Parkın dörd tərəfinin rəngbərəng işıqları -
Dar gecə köynəyinin yaxasının muncuğu.
Susurdu ürəklərdə dilə gəlməz diləklər,
Barmaqlar ovuclarda xoşbəxt fal şairiydi.
Keçmişi silmək olmur, ay bəxtimə baxan qız,
Sənin dodaqlarından qopan nə şeiriydi?
O parkın hər anında təəssüflər dincəlir,
Şıltaq sevdalar üçün bu dünya çox balaca.
Bərk yapış ürəyimin boş qalan tərəfindən,
Qoşa ulduza dönüb göyə qaçaq, balaca.
Zəng gələ ki, dur gedək
Zəng gələ ki, dur gedək,
Soruşmayasan da hara?
Təki təkliyin əlindən
Qaçasan lap uzaqlara.
Bir pencək atıb çiyninə
Elə həvəslə gedəsən...
Bir kitab, bir qələm, bir də
Ən doğma kəslə gedəsən.
Mənzil bir ağac kölgəsi,
Ay işığı düşən kaha.
Ağlamağa bir çiyin,
Heç nə istəmirəm daha.
Sükutu ki dinləyirsən,
Ruhun, könlün dincəlir.
Gecəniz xeyrə qalsın,
Aha, deyəsən, zəng gəlir...
Ağlayırsan, deyəsən
Xatirəmi yadigar saxlayırsan, deyəsən?
Ağlayırsan, deyəsən?
(Müəllifini unutduğum bir şeirdən)
Bəxtlə oyun oynadıq - mən göz yumdum, o qaçdı,
Acı həqiqətlərə çox gec gözümü açdım.
Sevgi oyuncaq imiş, məndən alıb qırdılar,
Xəyal dünyam var idi - od vurub yandırdılar.
Sən də durub seyr etdin, bilmədin neynəyəsən,
Ağlayırsan, deyəsən?
Sözləri nəğmə idim, baxışı gülüş idim,
Gülüşüm dodağımda dondu, özüm üşüdüm.
Pöhrəydim sındırdılar, qönçəydim soldurdular,
Önümdə süfrə açıb dərd-qəmlə doldurdular,
Dərd gilənar deyil ki, götürəsən, yeyəsən,
Ağlayırsan, deyəsən.
Nə vaxt təklik çağırır çəkilib otağıma
Bütün xatirələri tökürəm qabağıma.
Heç özüm də bilmirəm, nə danışım, nə deyim?
Bəlkə də düşünmüsən hər gün gəlib keçdiyim,
O küçənin başında yolumu gözləyəsən,
Ağlayırsan, deyəsən!
Görən nə tez böyüdü bu şıltaq qız uşağı?
Göz yaşım yağış oldu, arzular göyqurşağı.
Gecələr yuxularım darmadağın, dərbədər,
Görəsən, düşündünmü sən də məni mən qədər.
Yaşayıram, ölmüşəm - yoluxasan, dəyəsən,
Ağlayırsan, deyəsən...
Biri dura yuxudan
Biri dura yuxudan,
Görə ki, hamı sağdı.
Gedənlər geri gəlib,
Ölənlər də oyaqdır.
Hamını və hər şeyi,
Eşqlə sevə ürəyi.
Göy üzü bənövşəyi,
Günəş də ağappaqdır.
Sevgiylə baxır gözlər,
Xoşbəxtdir bütün qızlar,
Əlçatandır ulduzlar,
Buludlar da yataqdır.
Biri dura yuxudan
Görə yanında şair.
Ona şeir oxuyur
Gilənarlara dair.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!