İzn ver, gözəl bir şeir yazım - Özdəmir İncənin şeirləri - DİLSUZ

DİLSUZ

DİLƏK

İdris peyğəmbər,
                   ey ustadlar ustadı,
izn ver,
         gözəl bir şeir yazım
                                         mən də.
Yaşım qırxı keçdi,
                      yaşlandım artıq,
izn ver,
         gözəl bir şeir
                       yazım mən də -
bir dəfə
       adıma "ozan" desinlər
                            ölmədən öncə…
İdris peyğəmbər,
                   ey ustadlar ustadı,
əlimdən tut,
            artıq öz dükanımı açım.
Bir qaftan biçim
                       əynimə mən də
-astarı sözlərdən,
                      ipi əbrişimdən…
Mən də
          gözəl bir şeir   
yazım artıq,
oxuduqca qısqanıram
             o biri cızmaqaraçıları -
şərabları bol,
       ilham pəriləri
               çiyinlərinin üstündə,
bilirlər
    gündüz neçə saat,
       gecə neçə fərsah sürür -
           əllərindən tutmuş ustadları...

Mən də
        gözəl bir şeir 
                      yazım artıq,
cibinə
      quş üzümü,
             sarı ləbləbi doldurum,
parka aparım,
                   kökə alım ona,
qıvırcıq saçlarını
                rüzgarla darayım…
Mən də
        gözəl bir şeir
                         yazım artıq,
qoca vaxtında
                yalqız qalmayım...
İdris peyğəmbər,
                   ey ustadlar ustadı,
izn ver,
       tək bir misra,
                  tək bir beyt yazım,
bu dəfə
"oldu, oldu" desinlər
                         ölmədən öncə…

 

DÖRD DİVAR ARASINDA

Bir şey

        qapanır hardasa,               

bəlkə bir qapı,

              bəlkə bir tabut...

Bir şey

          qapanır hardasa,

bəlkə bir yanğındı -

yoxsa,

    heyvanlar, quşlar

        niyə belə təlaşlansınlar ki...

Bir şey

        qapanır hardasa,

amma

         hər nədisə,

üstü bayraqlı

            bir dam deyil...

Bir şey

        qapanır hardasa,

bəlkə də üstümdə...

"Bir az daha işıq" -

                     deyə bağırıram -

uçurumlara,

         qaranlıq divarlara

                 həkk etmək üçün...

Bir şey

        qapanır hardasa,

kiminsə bəxti,

kiminsə ürəyi,

kiminsə qapısı,

kiminsə pəncərəsi...

Düşün:

    hər şey bir andı,

            əvvəl, axır bir an,

                sənin olan bir an,

yəni,

     yaşamaq üçün,

            sənə verilməyən bir an...

əlinin çatmadığı bir an...

           * * *

Sevirsinizsə əgər,

gecikməyin

             eşqinizi dilə

                            gətirməyə:

məktub yazın,

     teleqram vurun,

                         zəng edin…

təyyarəyə,

       qatara,

            avtomobilə,

                 gəmiyə minin -

səfərə çıxın,

            hamıya deyin,

uzaqda olanlara

                 xəbər göndərin,

ağacların gövdələrinə,

                  divarlara yazın,

yəni,

     hər vasitədən

             istifadə edin -

sevirsinizsə əgər,

eşqinizi

            dilə gətirməyə

                        gecikməyin…

PAY

Nə düşüb bəxtimə, nə?

Ev tikmək üçün bir vaxt,

Yer əkmək üçün bir vaxt,

Sevişmək üçün bir vaxt.

 

Nə düşüb bəxtimə, nə?

Baxmaq üçün bir vaxt,

Görmək üçün bir vaxt,

Anlamaq üçün bir vaxt.

 

Nə düşüb bəxtimə, nə?

Doğulmaq üçün bir vaxt,

Böyümək üçün bir vaxt,

İşləmək üçün bir vaxt.

 

Nə düşüb bəxtimə, nə?

Duymaq üçün bir vaxt,

Ağrı-acı üçün bir vaxt,

Sevinc-fərəh üçün bir vaxt.

 

Nə düşüb bəxtimə, nə?

Ölümmü dedin?

Ölümə vaxt yox,

Ölümə vaxt yox...

 

YORULMADIM

Yorulmadım

səni düşünməkdən,

səni gözləməkdən...

gücümü alan

             bu hüzn dolu günlərdən.

Yorulmadım

dürlü-dürlü

məğlubiyyətlərə başlamaqdan...

Yorulmadım

nə eşqdən,

    nə dostluqdan,

qaranlığa

baxan kimi baxdım

    ölümün gözlərinə...

Yorulmadım

nə dərddən,

       nə ümiddən,

heç nədən qorxum yox...

Amma

            bilmirəm niyə

hər dəfə

      payız gələndə

               qəbrimi qazıram...

Yorulmadım

nə keçmişdən,

         nə indidən,

         nə gələcəkdən -

bir yalnızlıq var önümdə,

  dağ kimi,

yıxıla-yıxıla,

            qalxa-qalxa aşıram...

 

FEVRAL AYINDA ANKARADA

Bu il erkən gəldi qış.

Yağış yağır,

      yağış yağdıqca

               sevirəm səni,

qar yağır,

      qar yağdıqca

               sevirəm səni,

sular donduqca,

üşüdükcə,

ümidim tükəndikcə,

bir şeylər itirdikcə,

həyat dözülməz olduqca,

canım sıxıldıqca,

sən dəyişdikcə,

      daha çox sevirəm səni.

Donmuş su

     dəmir tamı verir,

hər səhər

        piyada gəzirəm Ankaranı,

kömür və kükürd

                        qoxuları arasında,

 hər axşam

        piyada gəzirəm Ankaranı,

baxaraq

       cırılmış afişalara,

             müğənni şəkillərinə,

    tələbə elanlarına -

hara getsəm,

binalar,

ağaclar,

insanlar,

gecikmisən deyir sanki...

Bu il erkən gəldi qış.

Elə bil,

qəhramanlarıyıq

pis bir romanın,

yeni bir dil

                öyrənməyə çalışırıq,

mən göy üzünü verib,

            əvəzində üzünü alıram,

silirəm

gözlərindəki nisgili,,

      kədəri, ümidsizliyi,

fevral ayında Ankarada...

 

QUŞ

Bir quş uçurdu

Sisamla Quşadası

                 arasında.

Anlaya bilmədim

Türkiyəli idi,

      yoxsa yunanıstanlı?

Kim bilir,

            bəlkə də qəribdi,

bambaşqa bir məmləkətdən

                                      gəlib...

Dənizdən soruşdum,

dedi, bu bir dəcəl quşdur.

Səhər-axşam demədən

      dimdikləyir köksümü...

Günəşdən soruşdum,

dedi,

   bu bir sərgərdan ruhdur -

yerlə-göylə əlləşir...

Balıqlardan soruşdum,

qayıqlardan soruşdum -

bir dürüst söz demədilər.

Bir quş uçurdu

Sisamla Quşadası

                       arasında.

Anlaya bilmədim

Türkiyəlidi,

     yoxsa yunanıstanlı?

Kim bilir,

          bəlkə də qəribdi,

bambaşqa bir məmləkətdən

                                   gəlib...

Soruşdum,

ey quş,

       hansı məmləkətdənsən,

                          kimlərdənsən?

Dedi,

     mən bir qağayıyam,

                        kainat yaşında,

məmləkətim:

                   yer üzü və göy üzü,

sərhəddim: torpaq və hava...

 

KİÇİK QIZA

Xəyalımda

           heykəlini

                 düzəltdim sənin,

qoydum

      bənövşəyi dan yerinin

                              sahilinə,

gəlib

       saçlarında yuva qurdu Ay,

quşlar təkcə səninlə danışdılar,

çiçəklər təkcə səninlə danışdılar -

anladın dərdlərini,

gördün yaralarını...

Səhərin

         saat beşi

             qardaşındır sənin,

çölün

     çakıl daşı

             qardaşındır sənin,

gün batarkən -

           bənövşə olacaqlar,

əyinlərinə

rəngli köynək geyəcəklər.

tək sən anladın

            onların dərdlərini,

tək sən gördün

          onların yaralarını...

Yeni bir sözlük yaratdın,

özün üçün,

quşlar üçün,

çiçəklər üçün,

çakıl daşları üçün...

Ev -

   nəfəsi kəsilmiş,

         bənizi solmuş at,

məktəb - sürgün yeri,

göy üzü - yoxdu, yox,

küçə - gedər-gəlməz,

dünya - aşılması zor divar,

yuxu - tək sığınacaq...

- Ölümdən qorxmadınmı,

kiçik qız?

- Yox, çünki çox ölü gördüm:

göydən yağan quşları,

can çəkişən pişiyi,

səsi kəsilən ağacları...

Bir şəhərin öldüyünü gördüm,

ölümün öldüyünü gördüm.

Xəyalımda

            heykəlini

                        düzəltdim sənin,
qoydum

        bənövşəyi dan yerinin

                                      sahilinə...

ÇƏRŞƏNBƏ GÜNÜ

Ülkər çərşənbə günü gələcək,

kitablar, dərgilər gətirəcək,

təmiz alt paltarları gətirəcək...

Ülkər çərşənbə günü gələcək,

Üzündə günəş,

                  gözündə əbədi yaz,

bir də dəniz,

bir də yaşıllıq,

bir də təsəlli, ümid...

 

Bu gün bazardı

yurdumun həbsxanalarında,

sabah bazarertəsi,

sonra çərşənbə axşamı,

sonra çərşənbə.

Çərşənbə günü

                 Ülkər gələcək.

Çərşənbə günü

                Ülkər gələcək -

üzü qar bəyazı,

gözləri yosun yaşılı,

amma

    kölgədə və günəşdə

                    dəyişir rəngi,
dəyişir

üzü də,

gözü də...

Üzü qar bəyazı,

gözləri yosun yaşılı

Ülkərin...

Ülkər

     zeytun ağaclarının

          arasından keçib gələcək,

əlləri

     dağlara,

           dənizlərə,

               buludlara toxunacaq,

saçlarında reçina ətri

duracaq

    dəmir barmaqlıqların arxasında

allı-güllü yaz mövsümü kimi...

 

Bu gün bazar,

Ülkər

     çərşənbə günü gələcək

         bir irmağın dənizləşməsini

                                düşünə-düşünə...

* * *

Bazar günü keçmək bilmir...

Birdən

    bir qovaq boy verir

            pəncərəmin önündə,

qapını çırpır külək,

aşağıda - bağda

bir qız baxır saatına -

kimdi, nədi gecikən:

sevgilisimi,

                         baharmı?..

Bazar günü keçmək bilmir...

Torpağın altında

        buz kimi əriyir günəş,

sevdiyim

       göy qədər uzaq,

                    yer qədər yaxın,

aramızda

        ayrılığın amansız

                               tufanları -
artıq

     udum-udum

               alışıram yarpaq

                            tökümünə...

 

EY OĞUL

Ey oğul,

          bir gün

               şair olmaq istəsən,

gözü gözündə,

           ürəyi ürəyində,

                           əli əlində -
inamın

     dadını anlat

          yurdumun çocuqlarına.

Ey oğul,

          bir gün

               şair olmaq istəsən,

qara şübhədən,

                ətalətdən

                    və nisgildən söz aç,

nağıl danışma

               yurdumun çocuqlarına.

Ey oğul,

          bir gün

               şair olmaq istəsən…

Zaman axıb getməkdə,

              dağ-daş dəyişməkdə,

dəmir pas atmaqda,

             bünövrə çürüməkdə…

Al qələmi,

bildiyin ən doğru sözü yaz.                               

Budur, ayağımızda buxov,

budur, kürəyimizdə xəncər,

budur, ağzımızda oddan loxma,

kitab-kitab yazacaqsan,

ey oğul,

          bir gün

               şair olmaq istəsən…

Ey oğul,

          bir gün

               şair olmaq istəsən,

kişilərimiz var -

               almanın bir yarısı,

bir az səbir,

               bir az hirs,

Pir Sultan Abdal misalı...

Ey oğul,

          bir gün

               şair olmaq istəsən,               

səsini qısma,

          ürəyini aç tök,

                          sevgini çoxalt,

onları -

     gözəl ölüləri anlat

           yurdumun çocuqlarına...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!