Büsata bax, büsata,
Bu şənliyə büsata,
Gəl hamımız qoşulaq
Şuşamdakı büsata.
Əzizinəm, qorusun,
Bədnəzərdən qorusun,
İki qardaş sarılır
Allah özü qorusun.
Əzizinəm, içində,
Şadlıq, fərəh içində.
Otuz il həsrət qalan
Şuşam sevinc içində.
Əzizinəm, böldün sən,
Tən ortadan böldün sən,
Arazım, vətənimi,
Niyə yarı böldün sən.
Əzizinəm, yarıdı,
Bütöv deyil, yarıdı,
Ürəyini ikiyə
Bölən vətən yarıdı.
Əzizinəm, vətəndir,
Candan əziz vətəndir,
Çox şeyi dəyişsəm də
Dəyişmərəm, vətəndir.
Əzizinəm, dilimi,
Şamamanın dilimi,
Yad dilə dəyişmərəm
Doğma ana dilimi.
Əzizinəm, Borçalı,
Dağ-aranlı Borçalı
Dağı əlindən gedən,
Dağ çəkilən Borçalı.
Əzizinəm, qarlıdı
Dağlar yaman qarlıdı,
Bu il gedə bilmədim,
Görən, Ləlvər qarlıdı?!
Əzizim, dağlarına,
Yamyaşıl dağlarına,
Baxdıqca doymaq olmur
Babakər dağlarına.
Əzizinəm, dağlarından,
Çiçəkli dağlarından,
Bu nərgizi yığmışam
Babəkər dağlarından.
Əzizinəm, qalıbdı,
Dözəmmirəm, qalıbdı
Mən burada olsam da,
Köküm orda qalıbdı.
Əzizim, dağlarından
O uca dağlarından,
Duman, gəl aç çalmanı
Şuşanın dağlarından.
Aldılar, ey, aldılar,
İgidlərim aldılar,
Şuşanı top-tüfəngsiz,
Qol gücünə aldılar.
Əzizim, qarşıdadır,
Düşmən düz qarşıdadır.
Gücümüzü toplayaq,
Çox şeylər qarşıdadır.
Əzizinəm, düşməndir,
Desə də dost, düşməndir.
Çomağı yerə qoyma,
O düşməndir, düşməndir.
Əzizinəm, yanıram,
Qalanmamış yanıram,
Bu qədər haqsızlığa
Dözəmmirəm, yanıram.
Əzizinəm, dolubdu,
Göydə bulud dolubdu,
Bu qədər böhtan olmaz
Səbr kasamız dolubdu.
Gedirdi, of, gedirdi,
Tank düzülüb gedirdi,
Ürəyimi özünə
Yol eyləyib gedirdi.
Əzizinəm, neydi o,
Kaman deyil, neydi o,
Vətən şəhidlərinə
Ağı deyən neydi o.
Əzizinəm, şəhiddir,
O müqəddəs şəhiddir,
Canını vətəninə
Qurban verən şəhiddir.
Əzizinəm, bilmirəm
Açmasın mən bilmirəm.
Bu vəfasız dünyada
Nələr olur bilmirəm.
Əzizim, neyləmişik?
Desinlər, neyləmişik?
Bu qədər qərəz olmaz,
Biz kimə neyləmişik?
Əzizinəm, qaralar
Bağ-bağçamı qar alar.
Bu işlər belə getməz,
Gəl bağlama qaralar.
Əzizinəm, qalandı,
Qalaq-qalaq qalandı.
Deyirlər, gedəcəyik,
İnanmıram, yalandı.
Əzizim, pozulubdu,
Oxunmur, pozulubdu
Haqq ayaqlar altında,
Mizam pozulubdu.
Əzizinəm, qalandı,
Dərd üstə dərd qalandı,
İçimdəki dərd kədər
Öz-özünə qalandı.
Əzizinəm, düzülüb ,
Muncuq kimi düzülüb,
Cığırları dağların
Sinəsinə düzülüb.
Əzizim, gələcəyəm,
Söz verdim, gələcəyəm.
Dağlar yaşıl donunu
Geyəndə gələcəyəm.
Əzizinəm, günləri,
Yaşadığım günləri,
Mən ömrümə yazmaram
Sənsiz keçən günləri.
Əzizinəm, dərdimə,
Dərd yükləndi dərdimə.
Hərə bir kösöv atdı,
Od vurdular dərdimə.
Əzizim, çəkəmmərəm,
Ağırdı, çəkəmmərəm.
Özümkü mənə bəsdir,
Səninkin çəkəmmərəm.
Gecələr, ax, gecələr,
Üzü qara gecələr,
Dərdimə dərd calayan
Mənə düşmən gecələr.
Əzizinəm, səhərdi,
İşıqlanıb səhərdi.
Bütün qızlar içində
Sevdiyim qız Səhərdi.
Əzizim, dağlar məni,
Dağ çəkib dağlar məni.
Gəl, elə baxma mənə,
Baxışın dağlar məni.
Əzizinəm, dağda sən,
Aranda mən, dağda sən.
Axtardığın aranda
Nə gəzirsən dağda sən?
Əzizinəm, od ələndi,
Göylərdən od ələndi.
Səni ağlayan gördüm,
Od başıma ələndi.
Əzizinəm, oxudum,
Deməsəm də, oxudum,
Olanlar gözlərinə
Yazılmışdı oxudum.
Əzizinəm, oyanmır,
Dərdimizə o yanmır,
Bu dərd məni yandırır,
Mən yanıram, o yanmır.
Əzizinəm, üzümə,
Salxım-salxım üzümə,
Mən günahkar deyiləm,
Elə baxma üzümə.
Əzizinəm, yetərdi.
Bəsdi, mənə yetərdi.
Sevdiyim qızın adı
Bəsti deyil, Yetərdi.
Əzizinəm, bir də get,
Getdin-gəldin, bir də get.
İstəklini alınca
Yüz kərə olsa, bir də get.
Əzizinəm, payızda,
Söz vermişdin payızda,
Vədən tamama yetdi,
Gəlib keçdi payız da.
Əzizinəm, yarıdı,
Gördüklərim yarıdı.
Tam arayıb axtardın,
Gördüm çox şey yarıdı.
Əzizinəm, yarıdı,
Mən bilirəm, yarıdı.
O bunu gizlətsə də,
Əsmər onun yarıdı.
Əzizinəm, gələndə,
Söz vermişdin gələndə.
Gəldin, sözün tutmadın,
Niyə dedin gələndə?
Dağlardadır, dağlarda,
Quzqulaqlı dağlarda.
Könlüm qulançar istər,
Görən, varmı dağlarda?
Əzizinəm, qaradı,
Mən demirəm, qaradı.
Lalənin ləçəkləri
Qırmızıdı, qaradı.
Əzizinəm, gül əkdim,
Mən gül əkdim, gül əkdim.
Sənə batan tikanı
Mən yox, sən özün əkdin.
Əzizinəm, qonaqdı,
Hər ikisi qonaqdı.
Sevinc tez gəlib-gedir,
Kədər qalan qonaqdı.
Əzizim, yarım qaldı,
Bitmədi, yarım qaldı.
Yazan yazıb bitirib,
Mənimki yarım qaldı.
Əzizinəm, kimdədir,
De kimdədir, kimdədir?
Ayrılığın günahı
Məndə deyil, kimdədir?
Əzizinəm, nə qaldı,
Qar əridi, nə qaldı?
Bir əmanət vermişdin,
Aldın onu, nə qaldı?
Əzizim, dağlar məni,
Dağ çəkib dağlar məni.
Od məni dağlayammaz,
Gözlərin dağlar məni.
Əzizim, gedəmmirəm,
Yoxuşdu, gedəmmirəm.
Yarı yolda qalmışam,
Yoruldum, gedəmmirəm.
Əzizim, tap məni,
Axtar məni, tap məni.
Bu dünyada itirdin,
O dünyada tap məni.
Əzizim, dağda məni,
Ara sən dağda məni.
Dərdim başımdan aşıb,
Dinləmir dağ da məni.
Əzizinəm, yandırır,
İçim məni yandırır.
Xəbərim yox özümdən,
Çölüm xalxı yandırır.
Əzizinəm, ayımsan,
İllərimsən, ayımsan.
Yerdə tapa bilmədim,
Yoxsa göydə aymısan?!
Əzizim, gözlərinə,
Qoy baxım gözlərinə.
Sən mənim üzümə bax,
Mən baxım gözlərinə.
Yollar, yollar, a yollar,
Alıb aparan yollar,
Sən ki gətirməmişdin,
Niyə apardın yollar?!
Əzizinəm, qalıbdı,
Dağlarda qar qalıbdı.
Sənə deyəcəklərim
Ürəyimdə qalıbdı.
Əzizinəm, sarıdı,
Saralıbdır, sarıdı.
Sevinc üzün döndərib,
Kədər mənə sarıdı.
Əzizinəm, odumu,
Gələn yenə odumu
Ürəyimə od vuran,
Alışdıran odumu?
Əzizinəm, yar, məni,
Həkimim ol, yar məni.
İçimdəki sirrimi
Təkcə sən bil, yar, məni.
Əzizim, döndərdilər,
Yolumdan döndərdilər.
Qismət dolu qabımı
Üz üstə döndərdilər.
Əzizinəm, sinəmə,
Yığmışam mən sinəmə.
Bu qədər dərd olarmı?
Sığışmayır sinəmə.
Əzizinəm, dünyadı,
Etibarsız dünyadı.
Verib peşiman olan,
Geri alan dünyadı.
İllüstrasiya: Pəri Miniatür
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!