Kitablardan oxumuşam ki,
analar layla çalır uşaqlarına körpə olanda.
Bilmirəm,
mən ana səsi eşitməmişəm axı,
heç anam da mənim səsimi eşitməyib.
Anadangəlmə lal-karam mən
kitablardan oxumuşam ki,
dünyada müxtəlif səslər var -
quş səsi,
heyvan səsi,
su səsi,
külək səsi,
bir də adam səsi.
Hə hə
hər adamın öz səsi olur, deyirlər
deyirlər deyəndə ki,
yazırlar.
Birinin səsi xırıltılı olur,
birininki cır,
o birininki məlahətli,
başqa birininki də başqa cür.
Adamlara baxanda
səslərini təsəvvür etməyə çalışıram
üz quruluşlarına görə.
Məsəlçün,
bu adama məlahətli səs yaraşar,
bu birisinə gur
onun səsi cır olar,
o birisininki bir başqa cür.
Bir də onu oxumuşam ki,
dünyada musiqi deyilən bir şey var
oxumuşam haqqında,
amma heç eşitməmişəm.
Deyəsən, adamlar danışmayanda,
sakit oturanda
buna sükut deyirlər,
yəni səssizlik,
yəni mənim gündəlik həyatım.
Ətraf mühitlə əlaqəm ancaq gözlərimlədi
mən gözlərimlə yaşayıram,
mən gördüklərimlə yaşayıram.
Uğultu içindəyəm daim
(adətən kitablarda bunu
nəyləsə müqayisə edirlər
mən başqa heç bir səs eşitmədiyim üçün
bilmirəm hansı səslə müqayisə edim),
nə yaxşı heç olmasa ürəyimdə danışa bilirəm.
Qəzet köşkündə işləyirəm indi
əslində, adı qəzet köşküdü
qəzetdən başqa, hər şey satırıq
siqaret,
alışqan,
sərin sular,
ucuz şirniyyat,
alışqan qazı,
qəlyan tütünü,
təsbeh,
brelok,
oyun kartı
və bu kimi xırda-xuruş şeylər.
Çox incidir məni adamların
lal-kar olduğumu bilən kimi
almaq istədiyi şeyi işarəylə
başa salmağa çalışması.
Axı mən də məktəb oxumuşam
adi məktəb yox, xüsusi məktəb.
Mənə orda dodaqdan oxumağı da öyrədiblər.
Danışın mənimlə
başa düşəcəyəm sizi
eşitməsəm də.
Təki siz danışın,
danışın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!