Kim bilmir ki, dünyaya
Az-az gəlir şairlər.
Lap yüz il yaşasa da
Çox tez ölür şairlər.
Musa Yaqub öləndə
Çəmənlər ağlaşdılar.
Elə bil ki, çiçəklər
Gözdən axan yaşdılar.
O dağların min illik
Buzlaqları əridi
Bulaqları ağladı
Qayaları kiridi.
O, gözünü yumanda
Girdman qəm çağlayırdı.
Dağlar başbaşa verib
Hönkürüb ağlayırdı.
Dağların ətəyində
Qayalar hər biçimdə!
Hərəsi bir Musadı
Bu dünyanın içində.
Allah özü yaradıb
Bu qaya heykəlləri!
Görüşünə gələcək
Sevdiyi dağ kəlləri
Hər səhər Günəş doğub
Dünya yenə güləcək!
Quşların nəfəsində
Təzə nəğmə gələcək!
Nə qədər ki, dünya var.
Səhərlər açılacaq!
Musanın şeirləri
Çöllərə yazılacaq!
Onu çəmənliklərə
Ağ çiçəklər yazacaq!
Quşlar cəh-cəh vuracaq
Kəpənəklər yazacaq!
Onlar hər gün güləcək
Körpələrin səsində
Qalxacaq üfüqlərə
Bülbül zənguləsində.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!