Şeirlər - Nəriman HƏSƏNZADƏ

 

Cənab Ali Baş Komandan,

halaldı Sizə

 

Cənab Ali Baş Komandan,

halaldı Sizə,

istirahət eləməyə

var tam haqqınız.

44 günü siz yazdınız

tariximizə,

Günəş kimi dünyaya da

doğacaqsınız.

 

"Xarıbülbül" festivalı

bir möcüzəydi,

yerlər-göylər ovsunlanıb

dedim, - Şuşada.

Dağlar təzə, həyat təzə,

yollar təzəydi,

"Paytaxt Şuşa" doğulurdu

qədim Şuşada.

 

Dünən Qalib Sərkərdəni

xalq alqışlayır,

mən gördüm ki, növbədədi

söz də, ülfət də.

Baş Komandan harda durub,

ordan başlayır

bu dünyaya ilk xəbər də,

müraciət də.

 

"Sən azadsan, əziz Şuşa!" -

doğma səsiydi,

vurğusu da, nidası da

yadda qalırdı.

Festivalda işğalçının

məhkəməsiydi,

ilk dəfəydi, "əsir" dağlar

nəfəs alırdı.

 

Filankəsi, filankəsi

dağlarda gördüm,

Paytaxtın ilk qonağıydı

Şuşada onlar.

Üzeyiri də, Bülbülü də

mən orda gördüm,

Festivalda, yarışlara

qoşulmuşdular.

 

Ulu Öndər "Şuşa!", - deyə

nitq eləyirdi,

- Vətən, Ana həsrətidi,

Şuşa həsrəti.

- Xoşbəxtəm ki, - oğlu İlham

belə deyirdi:

- Mən yerinə yetirmişəm

bu vəsiyyəti.

 

Cənab Ali Baş Komandan,

halaldı Sizə,

istirahət eləməyə,

var tam haqqınız.

44 günü Siz yazdınız

tariximizə,

Günəş kimi dünyaya da

doğacaqsınız.

 

Vaxt, dayan!

 

Saat gedir,

həyat gedir.

zaman gedir,

                        insan gedir.

Bəlkə Olimp

            oyunudu,

                        əqrəblərin

                                    bu yürüşü?

Nə qaçışı

            bəlli olur

                        nə yerişi.

                                    nə sürəti.

 

İnsan özü

            quraşdırıb

mat qaldığı

            bu hikməti.

Buyur görüm,

            yüyür görüm,

                        ya çat, görüm.

Ya səsini

            ucalt görüm:

ey Vaxt, dayan!

                        saxla anı.

Nə "Buynuzlu"

            İskəndəri

                        eşitdi Vaxt,

nə də şair

            Nərimanı.

 

Anlar və illər

(Naxçıvana məktub)

 

Muxtar Vilayətin Ali Məclisinin Sədri hörmətli Vasif müəllim, 44 günlük qələbəmiz zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev atasının məzarı önündə - Xoşbəxtəm ki, ata, sənin vəsiyyətini yerinə yetirdim, - dediyi anlarda, 1991-ci ilin avqust ayını, Naxçıvana, ulu öndəri ziyarətə gəldiyimiz günü də xatırlayırdım.

Moskva təqiblərindən sonra o, Sizin evinizdə qalırdı. Xalq şairi Bəxtiyar Vahabzadəni, şair Qasım Qasımzadəni, professor Rüstəm Əliyevi və məni Sizdə qarşıladı.

 

 

Elə sevinirdi, elə uçurdu,

tanıya bilmirdik ulu öndəri.

Bir ev genişiydi,

                        öz doğma yurdu,

bu dünya darıydı ondan ötəri.

 

Tanrı qismətiydi taleyimizə,

bizim o ziyarət, sizin od-ocaq.

Onu qəlbimizdə gətirdik sizə,

sizdə də görüşdük,

                        özüylə o vaxt.

 

Bizi alqışladı Araz-Kür boyu,

siz, oğlum yaşında bir gənc, bir cavan!

İl var, yada düşmür bir ömür boyu,

an var,

                    ömür boyu çıxmır yadımdan.

 

Gözü bir kitabın varağındaydı,

yollar təhlükəydi, ətraf qorxulu.

Kiçik diktofonu qabağındaydı,

özü təmkinliydi,

                        sinəsi dolu.

Bu dünya onsuz da haray-həşirdi,

dünyası başqa ulu öndərin.

Ehtiyac içində,

                        fikirləşirdi,

nəydi ehtiyacı ağır ellərin?

 

Havası doğmadı, iqlimi tanış,

bəs sirli-suallı olanı nədir?

Bu il Naxçıvanda soyuq gəldi qış,

ağaclar kəsildi,

                        bağlarda bir-bir.

 

Bu yanda Türkiyə, o yanda İran,

görüşə bilsəydi, söz deyəsiydi.

Bəlkə də o dəmdə fikrində olan,

İqdır körpüsünün

                        layihəsiydi?!

 

Naxçıvan, zəvvarın əskiy olmasın,

"Əshabi-Kəhf" özü bir niyyətiydi.

Hər kəsin dilində xeyir-duası,

burda,

                        bu torpağa ibadətiydi.

 

Möminə Xatın da vüqarla durur,

burda varaqlanır tarixi yerin.

Burda daş oxuyur, torpaq oxuyur,

bir qeyrət himnidi,

                        Atabəylərin.

 

Şanlı keçmişi var köhnə dünyanın,

qalxıb at belinə, o, səngərdədi.

Cahan Pəhləvanın,

                        Qızıl Arslanın,

qılıncı, qalxanı mərd əllərdədi.

 

Heydərin pak ruhu, şöhrəti gəlib,

torpaq salam verir ulu öndərə.

Ana beşiyinə əbədi gəlib,

postament üstündən,

                        baxır şəhərə.

 

Dünən yer seçirdi Cavidə hələ,

ürək gəzdirirdi o tək Türbəni.

"Bakıdan gedənlə,

Təbrizdən gələn,

ziyarət eyləsin gərək, Türbəni"...

 

Cavidin evində eşitdim onda,

tabut ortadaydı,

                        xəbər də yeni.

Onda xoşbəxt idi Turan xanım da, -

xalq alqışlayırdı, "Xalq düşməni"ni.

 

Gəldi teatra o böyük ürək,

bəyəndi birinci şah əsərimi.

- Hər gün,

                    "Atabəylər" oynansın gərək,

Deyib ulu öndər sıxdı əlimi.

O söz məndən ötrü haqq duasıydı,

nə şeirə sığardı, nə də hecaya.

"Hamlet" əsərinin tamaşasıydı,

dəvət olunmuşdum,

                        mən də gecəyə.

 

Hər kəsin haqqını el-oba versin,

çətindi enişli-yoxuşlu yollar.

Yeni dastanını qoy çapa versin,

mənim şair dostum,

                        Asim Yadigar.

 

Təzə dəmir yolu çəkiləcəkdi,

Naxçıvan, mübarək yeni həyatın!

Açılan hər sabah bir gələcəkdi,

gözü yolda qalan,

                        gözünüz aydın!

 

Ali Baş Komandan nurdu, işıqdı,

Zaman səs veribdi onun səsinə.

44 gün -

                        daimi bir tapşırıqdı,

üçrəngli bayrağın qələbəsinə.

 

Loğman təbiət

 

İbn Sina davamçısı

Abbasəli həkimə

 

İbn Sina dedik... ruhu sizdədi,

mən də fövqəladə bir sirrəm, həkim.

O eşq, o sədaqət qəlbinizdədi,

siz ona,

                        mən sizə "əsirəm" həkim.

 

Sizsiniz torpağa "sevgilim" deyən,

küsülü gülləri barışdıran da.

Palıd yarpağıyla söhbət eləyən,

nanəni,

            yarpızı

                        danışdıran da.

 

Qoy bir də əyilim, öpüm torpağı,

ağaclar bitirir burda o yay, qış.

Çiyidi,

            meyvəsi,

                        kökü,

                                    yarpağı,

hərəsi, hər dərdin bir loğmanıymış!

 

"Şəkər"in dərmanı - ağ tut yarpağı,

"Şəkər"in düşməni - ağ tutun özü!

Səcdə elədiyim "Seyid ocağı",

bəlkə elə buydu?

                        Bu haqq ölçüsü!

 

Gündə içdiyimiz adi su nəymiş?

Abbasəli həkim deyirdi şərhsiz!

Suyun möcüzəsi - müalicəymiş,

bizim xeyrimizə,

                        bizdən xəbərsiz.

 

Yerin insan adlı bir töhfəsiyəm,

bütün yaranışın gözü məndədi.

Mən ki, təbiətin bir zərrəsiyəm,

niyə, tufanların özü məndədi?!

 

Hər kim olsam belə, adi bəndəyəm,

başqadır sizdəki gördüyüm ovsun.

Gecələr bir yuxu həsrətindəyəm,

verin,

gündüzlərim sizinki olsun.

Başqadır sizdəki gördüyüm ovsun.

 

Ana

 

"Qulağımdakı qızıl sırğaları

çıxart, qızım. Sonra gec olar,

əziyyət çəkərsən".

(Ölüm yatağında deyilən söz)

 

Qızıl hərisləri qoy tələsməsin,

fikir var ötəri, söz var qətiymiş.

Həyatda ən ali fəlsəfə dərsi,

bəlkə,

                        bir ananın vəsiyyətiymiş.

İpəyə qarışır, tülə bürünür,

gün doğur elə bil,

                        güləndə üzə.

Bəs niyə bu qədər adi görünür,

ana dediyimiz əsl möcüzə?!

 

Dərk edə bilmədim mən bu həyatı,

alın yazımızı hardadı yazan?

Allahım, ya qaldır göyə ananı,

ya özün yerə en,

                        bilək anasan?!

 

Üçrəngli bayrağa bükülənlərim

 

(Alboma yazılan şeir)

 

Şəhid oğulların bu şəkilləri,

hərəsi - gözümün bir işığıydı.

Hərəsi - Tanrının bir şah əsəri,

yerin də yer üstü yaraşığıydı.

 

Gör, necə şax durub, canlı heykəldi,

bu tuncdan əbədi tökülənlərim.

Üçrəngli bayrağı qaldıran əldi,

Üçrəngli bayrağa bükülənlərim.

 

Tarix bir məqamı qoy unutmasın,

Bizim andımızdı, sağ olsun Vətən.

Nişan üzüyünü gör, neçə qızın,

gətirən olmadı oğlan evindən.

 

Bir əsgər istəyib doyunca gülsün,

səngərdə səsinə səs verə bilmir.

Neyləyim, düşmənin gözü tökülsün,

kordu, gözəlliyi o görə bilmir.

 

Xarici qonaqdan bir xahişim var,

döyüş meydanıdı qədimdən bu yer.

Şəhidi, Qazidi vaxtsız yatanlar,

Asta keç, o ruhlar oyana bilər.

 

"Gələn Yermolovdu, təslim ol, Qafqaz!.." -

çoxları daş atdı taleyimizə.

Yadelli bilmədi, qafqazlı qorxmaz,

qafil,    bir yəhər də - Vətəndi bizə!

 

Çapdı at belində qaçaq oğullar,

Şəhid oğullara dönənə kimi.

Şahid bu dağlardı, bir də bu yollar,

yaşayır indi də ənənə kimi.

 

Şəhid oğulların bu şəkilləri,

hərəsi - gözümün bir işığıydı.

Hərəsi - Tanrının bir şah əsəri,

yerin də yer üstü yaraşığıydı.

 

Zəng elə

 

Gedirsən, arxanca gözüm yol çəkir,

yadından çıxarma, mənə zəng elə.

Dünyanın o qədər işləri var ki,

özünü çox yorma, mənə zəng elə.

 

Deyirlər, hamının Tanrısı birdi,

bəs niyə yaşamaq sualdı, sirdi!

Bəlkə bu qayğıdı, bəlkə fikirdi?

tək olsan, tək durma, mənə zəng elə.

 

Çox görmə bu eşqi, bu adı mənə,

taleyim yan keçdi, baxmadı mənə.

Dünyada bir səs var, doğmadı mənə,

o səsdən ayırma, mənə zəng elə.

 

Yaşayır

 

Məzarı başında oxunan şeir

 

Gəldin, getdin, ay Mir Cəlal,

keçdiyin yol, iz yaşayır.

Pak ailən, təmiz adın,

yenə pak, təmiz yaşayır.

 

"Manifesti" oxuyuram,

nə yeyirəm, nə doyuram.

Sən gedəli, göz qoyuram,

dediyin haqq söz yaşayır.

 

Nə Püstə xanımın səsi,

nə özü var, nə əvəzi.

Evində açıq süfrəsi,

"Gülbəsləyən qız" yaşayır.

 

Keçdim sənsiz Xan Arazı,

ürəyimin tən parası!

Təbrizdə Gəncə havası,

Gəncədə Təbriz yaşayır.

 

Taleyin qəsdi-qərəzi,

buydumu ay "ev yiyəsi?!",

Dünya - bir daş, bir tərəzi!

çəki çəkən düz yaşayır.

 

Hörmət ulu sənətkara!

gözüm dikilib yollara!

Nə yaxşı: Arif, Elmira,

Ədibə, Hafiz yaşayır.

 

Baxt ulduzum olaydın kaş

 

Baxt ulduzum olaydın kaş,

səmadan seçərdim, səni.

Ovcumu səndən doldurub,

doyunca içərdim, səni.

 

Bənövşə olsan, iylərdim,

dərdimi gülə söylərdim.

Şimşəyə dönsən, əylərdim,

əynimə biçərdim, səni.

 

Eşqinlə oxuyan quşam,

səni gözümlə tutmuşam.

Qorxuram, bir az bihuşam,

əlimdən uçurdam, səni.

 

Dəymə, Allahım

 

Hər gülüşü həyat verir,

o səsə dəymə, Allahım.

Naza, qəmzəyə həsrətəm,

qəmzəsə dəymə, Allahım.

 

Göydən enib mələk kimi,

yerdə bitib çiçək kimi.

Sinəmdə bir ürək kimi,

döyünsə dəymə, Allahım.

 

Mən bir ovsuna düşmüşəm,

yerin ovcuna düşmüşəm,

Məcnun bürcünə düşmüşəm,

Leylisə dəymə, Allahım.

 

Millət sənin anan, qızım

 

Nərminə xanım

İsgəndərzadəyə, hörmətlə

 

Qubadlıda

            tufan qalxıb,

                        yağış yağır,

                                    külək əsir.

Qubadlıda

            qəbiristanda

                        bir örpəkli

                                    gəlin gəzir.

Anasının

            məzarıdı

                        axtardığı,

                                    qəbir-qəbir.

Başdaşları,

            Allah-Allah,

                        nə gündədir!

Əlifbalar

            qırıq-qırıq,

                        kəsik-kəsik,

anasının

            adı olar, -

                        oxuyur

                                    tələm-tələsik.

Gözünün

            yaşını silir,

bir qəbir

            daşını silir.

Oxuya-oxuya

            susur.

"Naləsi"

            bir qəbiristana

                        sığışmayır,

                                    guya susur.

Yağış - onun

            yağışıymış,

                        külək - onun

                                    küləyiymiş,

                                    tufan - onun

                                    tufanıymış,

o da onun

"qurbanıymış"

            əsir düşən

                        əsgər kimi.

Demə, qisas

tələsiymiş,

            qəbiristan da

                        səngər kimi.

Azərbaycan!

            Cəbhə boyu

                        səndən qaçan,

başdaşını

            bombalayır

                        bu millətin.

Dirisi yox,

            ölüsüylə

                        hesab çəkir.

Ən ağırı

            budur, qansız!

                        cinayətin.

İnsan olan,

            əlbəttə ki,

                        əzab çəkir.

Gözündə

            qəsdi-qərəzi,

nə ölçü var

            ondan ötrü,

                        nə tərəzi!

Allah kəssin

            bu mərəzi!

Eşitməyib

            onlar insan

                        duasını,

anaların

            laylasını.

Məscidləri

            ləkələyib

                        nəfəsləri.

                                    bir fənd ilə.

Dinimizin

            paklığına

                        rişğənd ilə.

Bu yaralar

            dedim, qatil,

                        sağalmayır

                                    peyvənd ilə.

Qalx ayağa,

            ana, - deyib

                        yanan qızım.

Sən anasan,

            millət sənin

                        anan, qızım.

 

"Azıx mağarası"

 

Prof. Məmmədəli Hüseynovun

xatirəsinə

 

Məmmədəli müəllim, -

                        gözəl bir

                                    insanıydı.

Mənə sonra dedilər,-

            bizim

                        Qazaxdanıydı.

Mir Cəlal müəllimin

            yaxınıydı,

                        tanışı.

Kafedra müdiriydi,

            kafedrası

                        yanaşı.

Mən aspirant babaydım,

            o, məşhur

                        alimiydi.

Xasiyyəti - əvəzsiz,

            bir az

                        mülayimiydi.

Elmi söhbətlərini

            dinləyirdim

                        arada.

Bir çənə sümüyünü

            tapmışdı

                        mağarada.

Köhnə ocaq yerində.

Füzuli tərəflərin,

            bir az

                        o dağ yerində

 

O Azıx mağarası,

            Azıxantrop

                        o qız!

Moskvadan, Parisdən

            məktub -

                        saysız-hesabsız!

Gördüm o imzaları,

o zərli

möhürləri.

Rusca, ingiliscə də

            çıxan

                        qalın əsəri.      

Dünən təsdiq edənlər,

            bu gün

                        danırlar, əfsus!

İngilis, ya fransız,

erməni əsilli rus,

Nə vicdan, nə də namus!                   

- Yüz yol o mağaraya

            getmişəm,

                        gəlmişəm mən, -

deyərdi bizə hərdən.

- Gah piyada düşmüşəm

            o yolların

                        ağına,

gah yağışın altına,

            gah yelin         

                        qabağına.

Çox çəkmişəm mən onda, -

bir kəl arabası da,

            sevinmişəm,

                        tapanda...

Cənab Baş Prokuror,

            kimə deyək

                        bunları?

Qurtarmır bu dünyanın

            erməni

                        oyunları!

Qəti qadağa qoyun

            yalan,

                        böhtan səsinə.

Məni Şahid çağırın

            o haqq

                        məhkəməsinə.

 

Xəyanət bəzəndi

şüarla gəldi

 

Sayılıb-seçilən fəxri bir adı,

mən də çıxartmıram ömrümdə yaddan.

Nobel mükafatı laureatı -

sözsüz,

            mötəbərdi çox mükafatdan.

 

Neftin qazancıydı bu var, bu dövlət,

şair Məmməd Araz yazdı bir zaman.

Rişğənd də elədi, səsində xiffət, -

kimlərə verilir,

            kimin adından!

 

Kreml üstümüzə tanklarla gəldi,

Hər canda Bakının ağrı-acısı.

Xəyanət bəzəndi,

            şüarla gəldi, -

dinmədi bir Nobel mükafatçısı.

 

Zaman hədələdi ölümlə-qanla,

yerin də varıymış alın yazısı.

Nobel prospekti doldu qoşunla,

"görmədi",

            bir Nobel mükafatçısı.

 

Nə bir məktub aldıq, nə bir teleqram,

xalqın ünvanına böhtan, ittiham?!

Tərif eşitməyə adət edənlər,

bilmədi,

            Bakıda söyülə bilər.

Üstəlik, Qorbaçov aldı bu adı,

şəhidlər qanına o, həris oldu.

Nobel mükafatı laureatı! -

şərəf lövhəsində,

            şərəfsiz oldu.

 

Taleyimin töhfəsi

 

Oğlum Nazimə

 

Dil açan vaxtınıydı,

təzə-təzə,

                        sən onda.

"Cızza nandı" deyirdin,

işığımız yananda.

Sənin öz cümlələrin,

öz mübtədan, xəbərin.

Bir sən başa düşürdün,

dediyini,

                        bir anan.

O da "tərcüməçiydi"

aramızda, sonradan.

Güldün,

            qaçdın,

                        oynadın,

yıxıldın birdən, oğlum.

- Nə tapdın yerdən, oğlum?

Bir az zarafatıydı,

bir az ehtiyatıydı,

sənə verdiyim sual, -

Özün qalx yıxılanda, -

deyirdim bir də onda.

Bir gün də sənə qurban,

dünyadan köçdü anan.

Mən yıxıldım yatağa,

özün düşdün qabağa.

Bu dəfə tək səni yox,

tək Ata! - deyəni yox,

tapdım atam əvəzi,

taleyimin töhfəsi!

Yaşa, - həyatım mənim,

"Cızza nandı" deyənim.

 

Havada şaxtalı

soyuq bir nəfəs

 

(Prof. Rüstəm Əliyevi anarkən)

 

Azərbaycanın İrandakı

keçmiş fövqəladə və səlahiyyətli səfiri

Abbasəli Həsənova

 

İkiyə bölündü bir xalq, bir vətən,

sözü üzə dedi şəhid oğullar.

Rüstəm - bir körpüydü Arazın üstən, -

hələ,

            sağlığında deyib Şəhriyar.

 

Təfəkkür sahibi, söz yiyəsiydi,

nahaqqı qoymazdı o, haqq yerinə.

Rüstəm - bir intibah pəncərəsiydi,

üzü -

            bu dünyanın sabah yerinə!

 

"Quran"dan deyəndə, qaynar həvəsi,

fitri bir istedad varıydı onda.

Farsca, ingiliscə mühazirəsi,

təkiydi,

            Tehranda,

                        Vaşinqtonda!

 

Deyirlər, biliyi, dünyagörüşü,

alimin özünü veribdi bada.

Arazdan o tayda,

            Şahla görüşü,

mat qoyub Arazın bu tayını da.

 

Deyirlər, Arazı keçib gələndə,

şübhəli adamlar salam veriblər.

O ada,

            şöhrətə,

                        o şəxsiyyətə,

burda, bu tərəfdə xitam veriblər.

 

Uca çinarları əyibdi onlar,

havada şaxtalı, soyuq bir nəfəs.

Beləcə, hər nəslə göz qoyubdular,

Mərkəz "rahat olub",

            o vaxtkı Mərkəz!

 

Görüşdük bir dəfə, gözündə bir nur,

Üzündə təbəssüm hələ dururdu.

Başıyla salamı - sadə və məğrur,

başı çəkdiyini,

            unutdururdu.

 

Bir iş vermişdilər... laborant yeri,

keçdimi bu tale yolunu, Tanrım?

Hardadı alimin o pak and yeri? -

ziyarət eləyək,

            biz onu, Tanrım.

 

Xilaskar

 

Qələm dostum Bəxtiyar Sadıxovun

"Xilaskar İlham Əliyev"

kitabını oxuyarkən

 

Bu qədər həsrətmi olar ürəkdə,

bu qədər yanğımı olar, İlahi!

Güllə yağışında,

            qarda,

                        küləkdə,

meşəyə qaçdılar onlar, İlahi!

 

Faşist ləhcəsində kəkələyənlər,

yerin paklığını ləkələyənlər.

tankların üstündə doldu şəhərə,

daha az qalırdı

                        onda səhərə.

 

İnsanın əlindən insan qaçırdı,

görüb içindəki qəsd-qərəzini,

qayalar insana qucaq açırdı,

gülləyə verirdi

                        daş sinəsini.

 

Əlsiz-ayaqsız da geri qalmayıb,

- Qaçma, -

            bir-birinə deyib qaçırdı.

Ağdam Qarabağın gözüydü,

                        hayıf,

o gözü arxada qoyub qaçırdı.

 

Sən onda səngərdə yuxusuzuydun,

səni qoruyurdu,

                        səni yaradan.

Düşmənin birini hədəfə qoydun, -

Ağdamın hayfını alırdın ondan.

 

Onda ki, göstərdi dəmir yumruğu,

Ali Baş Komandan qalxdı ayağa, -

silaha sarıldı hər vətən oğlu,

and içdi,

                        əyilib ana torpağa.

 

Onda ki, "Qarabağ Azərbaycandır!",

sən dedin,

            mən dedim,

                        bir millət dedi.

Biz gördük, ölkədə 

xalq qəhrəmandı,

nə dedi, ilahi bir qüvvət dedi.

 

"Sənə qurban olum, a şəhid balam!"

alovlu sinəndən qopan səs oldu.

Qatillər əlindən qurtuldu Ağdam,

Qarabağ torpağı,

                        müqəddəs oldu.

 

"Sənə qurban olum, a türk qardaşım!" -

bu da Qarabağın şirin diliydi.

Qədim babaların bu qan yaddaşı,

adi görünsə də,

                        dahiliyiydi.

 

Xilaskar - əynində əsgər paltarı,

odların içiydi keçdiyi o yol.

Allahım,

            hifz elə sən Xilaskarı,

Ali Baş Komandan, sən yaşa, var ol.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!