Qəzəllər - Müzəffər MƏZAHİM

 

 

Əmri gəlib

 

Yenə sultanımızın naməsi - şah əmri gəlib,

Hər sözü, kəlməsi bal, dürlü matah əmri gəlib.

 

Duraq icarsına, gül əldə, çıxaq pişvazına,

Çünki aşiqlərə sülh, eşqə rifah əmri gəlib.

 

Özü gəlmir, bitə hicran, çıxa bir taxta vüsal,

Gah ümid cilvələri, gah səsi, gah əmri gəlib.

 

Qınamaz aşiqi bir kimsə, əgər safdısa eşq,

Tanrıdan, söylə, haçan eşqə günah əmri gəlib?

 

Hələ səbr eylə, Müzəffər, könül ahənginə dal,

Çünki qəlb sahibinin qəlbə pənah əmri gəlib.

 

Gedir

 

Könül, xoş eylə halını, həsrətimiz çıxıb gedir,

Qonaq gəlir sevdiyimiz, ayrılığı yaxıb gedir.

 

Bəsdi durub gözlədiyin, çək vüsalın niqabını,

"Dur" deməyin zamanıdır, ömür sutək axıb gedir.

 

Dözmüsən illər boyu sən, bu sevginin sınağına,

Dözməyəni, eşqin özü döndərib üz, yıxıb gedir.

 

Bu dünyanın pəncərəsi yel əsdirir yengələrə,

Sevən də, sevməyən də bu pəncərədən baxıb gedir.

 

Sən də, Müzəffər, üzüağ qarşıla öz sevdiyini,

Çünki sədaqətlilərin müjdəsi eşq, çaxıb gedir.

 

Elədin

 

Əridib eşq ilə qəlbim yağını dağ elədin,

Güya rəhm eyləyərək sonra da çildağ elədin.

 

Yaşayırdım bu məhəbbət deyilən dərddən uzaq,

Ruhumu bəndə salıb həsrətə ortaq elədin.

 

Arxayın ömr eləyirdim, yox idi bir günahım,

Bu azad könlümü öz könlünə dustaq elədin.

 

Acıdır şərbəti eşqin, hər içən: - İçmə - dedi,

Məni öz eşqin ilə sən buna müştaq elədin.

 

Mən pıçıltıyla demişdim sənə vurğunluğumu,

Sən müzəffər kimi hər kəlməmi bayraq elədin.

 

Paşam

 

Nuru Paşanın ruhuna sayğılarla

 

Qardaş imdadına yetmək üçün atlandı Paşam,

Hər fədakarlığa, hər zillətə qatlandı Paşam.

 

Nurudur ismi, amalı, əməli nurdur onun,

Yardı zülmətləri ruhlandı, siratlandı Paşam.

 

Öz xilaskar timinə verdi yürüş əmrini o,

Turan eşqiylə həvəsləndi, qanadlandı Paşam.

 

Öz cavan ömrünü türk xalqlarına etdi fəda,

Alışıb yandı Simurqtək, belə odlandı Paşam.

 

Boy verib qalxdı üfüqdən əbədi Gün kimi o,

Hey zəfərdən-zəfərə qoşdu, umudlandı Paşam.

 

Çıxdı azadlığa yurdum, Bakımız oldu xilas,

Qələbə əzmi ilə daima şadlandı Paşam.

 

Şöhrəti dastan olub gəzdi ağızdan-ağıza,

Əbədi sevgi ilə qəhrəman adlandı Paşam.

 

Qüdrəti, qüvvəti məğlub elədi orduları,

Görüb haqsızlığı coşduqca inadlandı Paşam.

 

Xalqımı sevdi təmənnasız, ürəklərdi yeri,

Ötdü yüz il, yenə də eşq ilə qutlandı Paşam.

 

Sənə agah

 

Könlüm sənə düşkün, sevgim sənə agah,

Kim pünhan edib eşqin, gər kim sənə agah?

 

Saldım sənə mehri, çəkdim bu qədər qəhri,

Eşqin dəli sehri, tilsim sənə agah.

 

Bu sevgidi dürrüm, xoşbəxtliyim hürrüm,

Könlümdəki sirrim, him-cim sənə agah.

 

Kimdir bizə əngəl, hər maneəni dəl,

Aç qəlb qapımı gəl, sim-sim sənə agah.

 

Bəxtindi Müzəffər, dildə adın əzbər,

Sən ömrümə sərvər, hissim sənə agah.

 

Sevgim

 

Sevdim, sənə həsrət toxuna qıymadı sevgim,

Qəlbimdə bulaqtək açılıb qaynadı sevgim.

 

Çox mətləbi aşkar elədi mətləbi eşqin,

Hər boş sözü, yanlış əməli saymadı sevgim.

 

Həsrət də bu yandan elədi bağrımı lalə,

Məcnuntək ağıldan ürəyə oynadı sevgim.

 

Göz yaşlarımızdan yaranan eşq bulağından,

İçdikcə içim yandı, fəqət doymadı sevgim.

 

Bəlkə mən özüm ayrılığa təslim olardım,

Lakin məni bu qovğada tək qoymadı sevgim.

 

Şadlan ki, sənin taleyinə taydı Müzəffər,

Çünki cəmi xoşbəxtliyinə aynadı sevgim,

 

Düşmən

 

Gördün gücümü? Eyləmə çəm-xəm barı, düşmən,

Dünyadakı düşmənlərin ən qəddarı düşmən.

 

Bilmirdin axır ki, dönəcək sahibi yurdun?

Ac gözlərinə endirəcəkdir tarı, düşmən?

 

Viran elədin güllü-gülüstanımı, bayquş,

Biz neyləmişik, söylə, sənə, ay qarı düşmən?

 

Yoxdur sizə verdiklərimin həddi-hüdudu,

Vermişdik üzü, zəbt elədiz astarı, düşmən.

 

Qaytar mənə ərmən adımı, hayları hayla,

Verməm daha fürsət sənə, cin idbarı düşmən.

 

Bir əsgərimin dırnağına yüz dığa dəyməz,

Cəng eyləməyə varmı tabı, kirdarı, düşmən?

 

Vurduq, otuz illik mifini dərbədər etdik,

Gördün gücünü millətimin aşkarı, düşmən.

 

Dünya görür iyrənc içinin kin dolu zəhrin,

İnsanlığa düşmən olanın qəhmarı düşmən.

 

Zəbt eylədiyin haqqımızı aldıq əlindən,

Öyrəşmisən onsuz da, zırılda, zarı, düşmən.

 

Yumruq kimi birləşdi igidlər bir əmrlə,

Xalqım yetirib gör nə qədər sərdarı, düşmən.

 

Ordumdu Vətən qəhrəmanı, oldu müzəffər,

Verdik sənə layiqli cəhənnəm goru, düşmən.

 

Gəldik

 

Döndük, Qarabağ, dərdlərə gərdik sinə, gəldik,

Axır sona yetdi acı həsrət, sənə gəldik.

 

Əfsus ola, qarşında günahkar oğuluq biz,

Ərk ilə sığındıq yenə də əfvinə, gəldik.

 

Yıxdıq otuz illik kədəri, möhnəti, dərdi,

Ruh çəkdi, məhəbbətlə çağırdın, ünə gəldik.

 

Al qoynuna sevginlə bizi, ey Ana yurdum,

Çünki sənə layiq o müqəddəs günə gəldik.

 

Qovduq gül üzündən xarı, etdik səni azad,

Söz qoşmağa, dastan deməyə şəninə, gəldik.

 

Burda əbədi tariximiz şahidimizdir,

Biz haqqımızı qan ilə aldıq yenə, gəldik.

 

Çıxdıq üzüağ, alnıaçıq imtahanından,

Öz ruhunu qaytarmaq üçün hüsnünə, gəldik.

 

Nəhayət

 

Gəldik Ana yurdum, üzümüz güldü, nəhayət,

Olsun gözün aydın, gözümüz güldü, nəhayət.

 

Aç qoynunu, ey hür anamız, səcdənə gəldik,

Qoynunda əmanət izimiz güldü, nəhayət.

 

Əsgərlərimiz verdi zəfər müjdəsi xalqa,

Yurda verilən hər sözümüz güldü, nəhayət.

 

Uğrunda şəhid oldu, kama yetdi igidlər,

Dünyaya çatan haqq səsimiz güldü, nəhayət.

 

Zalımlar ilə qovğada olduqca müzəffər,

Doğma elimiz, dağ-düzümüz güldü, nəhayət.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!