"Çox şükür, tükənən deyil bu işıq - bu Məcnunluq..." - Şeirlər - İnqilab İSAQ

Necəsən, Orxan Vəli?..

 

Upuzun qamətin,

Şeirlərin bəstəboy,

Dərdin də nəmxuda...

Vətən üçün ölmək

Sevdası başında.

Nənənlə dostluğun

uşaqlıq yaşında.

Havayı yaşamaq

olmur, Orxan Vəli,

Bu can bahası,

qan bahası dünyada.

Qırçın-qırçın

Dəlisov həsrətin əsirliyində

ölmək istəyir adam.

Təki bircə sözün,

bircə kəlmənin də

enməsin bayrağı

hürriyyət göylərindən.

Onsuz da

quşun da, böcəyin də -

hamının doğuluşunun

sonu bəlli...

Sən də dəlilər içində dəli,

Mən də dəlilər içində dəli.

Çox şükür, tükənən deyil

bu işıq -

bu Məcnunluq, Orxan Vəli!

 

 

Belə yananda...

 

Öldü...

Ayıldı dostları,

Ayıldı, nekroloq yazacaq qələm,

Daldan atılan daş kimi.

Sözlər döndü nitqə...

Bir azdan

atəşi sönəcək

təəssüflər bir aləm,

sözlər bir aləm,

Kimi qardaş dedi,

Kimi adaş dedi,

Kimi də pıçıltıyla yavaş dedi:

- Eşidər torpaq

İzi bağlanmış,

Üzü bağlanmış

Adamın

Tanıyar dərdini.

Belə yananda,

Belə yalanda

Adam ölər də...

 

 

Mümkünsə...

 

Deyirsən, bu gün

ad günündü.

Mənsə bilmirəm necə susdurum

Vaxtın həyəcan təbilini?

Görmürsənmi,

yenə də

Xatirə üçün nəfəs dərirəm.

Amma unutma ki,

bütün təbriklərin

ən gözəli,

Vaxtı yada salmamaqdı.

İnanırsanmı -

bir qafiyə də

bağlanmır dağılmış fikirlərimə.

Sən yanımdasan, Taleyim!

Sən yanımdasan, əbədi hədiyyəm.

Nə olar, ad günümü

Təqvimə çevirmə.

Ömür mənim hakimiyyətimdi,

Onu yaddaşla devirmə!

 

 

Macal

 

Nə olar ad-sanın uca olanda,

Adam darıxanda özündən bezər?

Ürəyin Tanrının əkdiyi tumdu,

Sən də əkinçi ol, bu tumu becər.

 

Gecənin, gündüzün qaçıb dalınca,

Yiyəsiz yolları qovmağa dəyməz.

Nəfəs də qamətdi, boydu, boydu ey...

Adam oturduğu budağı əyməz.

 

Cığır da qaranal - o yorğa at da,

Neyləsin yol açan, daban salmasın,

Gərək doğulanda elə susasan,

Sətrində, sözündə yalan qalmasın.

 

Çək-çevir içində qaranlıq, işıq,

Kimdi zülmət yaran mənzil başına?

Küsəndə xətirçün barışmayasan,

Gedib əyləşəsən səbr daşında.

 

Özünə gəlməyə macal olmaya,

Fikrin söz becərə, işıq daraya.

Düşməyə sükutun nəfəsi kökdən,

Düşməyə kimsənin sözü ayağa.

 

 

Tale tufanı

 

Beləcə yalvarış... Beləcə yanlış

Başladı ağılın yalan yerində.

Dili düyünləndi, söz tutammadı,

Ömrün uralanmış, qalan yerində.

 

Ayıldı zülmətin tən ortasında,

Hıçqırıq döyürdü yad pəncərəni.

Əli havadaydı... bir əl tutmamış,

De, kimə tapşırsın göz yaşın səni?

 

Ayrılıq bu yerdə salonla dolu,

Hələ inanmırsan hakim hökmünə.

Qova bilmədiyin xatirələri,

Oxşaya-oxşaya öpürsən yenə.

 

İttiham qəzəbi anlamadığın,

Sözlərdə, kəlmədə tutduqca qərar.

Bayırda başlanan leysan, yağışın,

Səbrində bir damla yoxdu ixtiyar.

 

Gəlib ayrılıqlar, gəlib haraya...

Ürək də yollarda pozub ünvanı.

Dənizə atılmış sınıq qayıqtək

Didir dalğaları tale tufanı...

 

 

Sındırım o güzgünü

 

Bu güzgü ki, adam deyil,

Bu güzgü ki, adam döyür.

 

Ağladığım günü görüb,

Görməmiş gör kimi görüb?

 

Qara saçın ağınacan,

Ağrı çəkib ağrımacan.

 

Xəlvət-xəlvət gülüb güzgü,

Diri-diri ölüb güzgü.

 

Göyüm onda, yerim onda,

Kölgəm onda, sirrim onda.

 

Sındırımmı o güzgünü?

Axır açım bu tilsimi.

 

Tanıyım o uçrumu mən,

Can qurtarım o güzgüdən?

 

 

Günahlarım, günahların

 

Zaman zalım, yaman zalım,

Toy-düyünü künc-bucaqda.

Yoxsa, sənə dərsmi keçir

Dərs bilməyən bir uşaq da?

 

Xəyalları qarğış tutub,

Kölgən gəlməz ələ yaxın.

Göz yaşında yol uzadır

Günahlarım, günahların.

 

Susmuş yaddaş yorğunluğu,

Bilməz necə açsın qanad.

Öz odunda çərləyibdi

Cıdırında qovduğum at.

 

Biz ki, tale məhbusuyuq,

Cəza çəkir fikrimiz də.

İndi elə yoldayıq ki,

Yad adamıq ikimiz də.

 

 

Dünyanın baharı

 

Puçurla, çiçəklə döyülür qapım,

Havada küləkli yaz ismarışı.

Torpaq da uşaqtək elə öyünür,

Canında qalmayıb bir çimdik acı.

 

Qupquru ümiddə canı yanğılı,

Çarəmi axtarır çiçək açmağa?

Soyuq söz demək də gəlmir əlimdən,

Harda qanadlanım, könül, uçmağa?

 

Tikan gül üstündə xəcalət çəkir,

Bilmir bədniyyəti gizləsin, necə?

Bir arx qırağında çərləyən söyüd,

Yolları həsrətdə gözləsin, necə?

 

Xəyalın ağlına gör nələr gəlir,

Telinə bənövşə düzən qıza bax.

Utancaq istəklər sözdə közərir,

Xəbəri taybatay qapımıza bax.

 

Belə çal-çağırda de, kim darıxar?

Göylərə baxıram, gözüm doyunca.

Sinəmdən arxalı qışı qovuram,

Dünyanın baharı bahar olunca...

 

Bilirəm, deyəcəksən

 

Şaxtadı... soba hənri

Məni çətin qızdırar.

Sən yoxsan, üşüyürəm,

Bayırda da tökür qar.

 

İnciklik bu havada

Canımı lap bezdirir.

Pəncərənə sığınıb

Yenə yazdığım şeir.

 

Ümid də gec-tez dönər

Peşman olmuş baxışda.

Susmuş bu soyuqluğa

Necə deyim, bağışla?!

 

Durub qaçaram sizə,

Yol kəsmiş hay-küyünlə,

Dayananda üz-üzə...

Bilirəm, deyəcəksən:

- Əynin yaman yuxadı,

Paltonu at çiyninə...

 

 

Ev işığı

 

Bir yaz xəbərinə buludu boylu,

Xəyalı binəli, xəyalı toylu,

Ata ocağıdır, o, ata soylu,

Boyu-buxunu da şaxdı o evin.

 

Könül ucaltdığı sirli saraydı,

Başının üstündə duası aydı,

Zaman dərə boyu kiriməz çaydı,

Tanrı saatıdı vaxtı o evin.

 

Adımın üstündə, bu da yurd adı,

Ovcumda tutduğum babamın odu,

Ocağı çatılıb - ünvanı odu,

İstisi, hünəri, taxtı o evin.

 

Fikrindən keçəni hardan bilim ki?

Hələ bir körpədi, ahıl deyil ki?!

Bir ev işığına dönübsə kim ki,

Demək, gətiribdi bəxti o evin.

 

 

Sənin qaranlığın...

 

Sənin qaranlığın işığa gəlməz,

Nağıl qapısında tapmaz yolunu.

Taleyin bəxtinə bir qara qoçdu,

Dartınmaz, işığa atmaz yolunu.

 

Günahın tər tökür əzablarında,

Ölüb-dirilirsən gündə yüz kərə.

Özünmü özündə dönmüsən yada?

Qürbət böyüdürsən düşdüyün şərə.

 

Burda bir analı, körpəsiz beşik...

Hörümçək torunda külək yellənir.

Orda saçlarından asılıbdı qəm,

Arxayın-arxayın fələk yellənir.

 

Nədi bu dünyada qazancın, nədi?

Gözəllik tək deyil qadın sərvəti.

Gərək biləydin ki, bulanan könül,

Peşiman olmaqla durulmaz qəti.

 

Susur suçlu-suçlu, tozlu güzgülər,

Susur, dişlərini tökdüyün daraq.

Əllərin yenə də yad ovucunda,

Qorxunc tilsimlərdə... işıqdan uzaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!