Yatmaq deyil Şəm-şəminki,
Yuxuyla oynamaqdı.
Haçan görürsən ki, yatır,
Baxırsan ki, oyaqdı.
Kəşf eləyibdir yuxunun
Qaydasını - çəmini, -
Gah Şəm-şəm minir yorğanı,
Gah yorğan Şəm-şəmini.
Biz görmüşük balınc olar
Baş altda, -
Hər yanda biz.
Ayağı altda görürük
Şəm-Şəmin, - yatanda biz.
Bir də görürsən ki, Şəm-şəm
Göz-qulaqdan yayınıb... -
Baxırsan xorultu gəlir
Altından çarpayının.
Yatmaq deyil Şəm-şəminki,
Yuxuyla oynamaqdı.
Haçan görürsən ki, yatır,
Görürsən ki, oyaqdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!