İki Ustad - Poema - Bilal QOCA

 

Hərcayıdan, müxənnəsdən, nadandan

Nə söz qaldı sənətkara dəyməmiş?!

Aşıq Ələsgər

 

 

Gəncə... Bahar çağı... Böyük çayxana...

Şəhərə, ətrafa yayılıb xəbər.

Yad edib, güzarı düşüb arana,

Öz şəyirdləriylə gəlib Ələsgər.

 

Növ-növ adamlarla sıxlaşır məclis,

Xəbər çatdırıbdı sanki el elə.

Ələsgər əyləşib dinləyir səssiz,

Ortada şəyirdlər oxuyur hələ.

 

Ustad kəlamları yayılır cana,

Səslər eşidilir, "Yaşa, Ələsgər!"

Kim var mənəm deyib girsin meydana,

Burda çəkilibdi başa Ələsgər.

 

Nə müddətdi çıxıb doğma Göyçədən,

Onun görüşünə yığışıb ellər.

El-el, oba-oba bölünən vətən,

Sanki bütövləşir burda bir qədər.

 

Gəlir xəyalına Şəhnəbanusu,

Ürəyindən gizli bir boran keçir.

Gəlir xəyalına o dağlar qızı,

Zaman nə uğursuz, nə yaman keçir.

 

Ustadı Alını gətirir yada,

Böyüyü unudan sənətkar olmaz.

Nəfsinə qul olur insan dünyada,

"Nə yaxşı sən varsan, ay sədəfli saz".

 

Ələsgər düşünür bayaqdan bəri,

Gah "Cəngi" səslənir, gah da "Dilqəmi".

Bir bəy havalıdı, beldə xəncəri,

Qərar tuta bilmir yorğun görkəmi.

 

Titrədi havada bir sərxoş nəfəs,

- Cəngi nə Cəngidi! Kimdi Dilqəmi?

Mənim də havam var, kim çalacaq bəs?

Şəyirdlə baş qatma, Ələsgər əmi.

 

Çalıb oxumağın şirin yerində,

Sanki xoş ovqata zəhər qatıldı.

Bir sıxıntı keçdi el nəzərindən,

Baxışlar qabardı, qaşlar çatıldı.

 

Ləngərli bir tərzdə durdu Ələsgər,

Məclisə üz tutdu, o bəyə baxdı.

Sıxdı varlığını tutqun bir qəhər,

Baxdı, bəy libaslı bir səyə baxdı.

 

Arif olan çoxdu, məclis ağırdı,

Səssizcə sazını dilə gətirdi.

Bir qədər solaxay çaldı, çağırdı,

Sözünün sonunu belə gətirdi.

 

"Arif məclisində bir söz söylərəm,

Nə hədyan, nə çaşqın, nə qələt olmaz".

Nütfətdən pak olan, loğmadan halal

Mərifət elminə nabələd olmaz.

 

Bir şəxsin sənəti istəmək ola,

Səxafət eyləməz, Hatəmtək ola

Dövlət tapa, gədalıqdan bəy ola,

Başı ərşə çıxa ədalət olmaz.

 

Ələsgər, mətləbin xudadan istə,

Kərəm olmaz müxənnəsdə, nakəsdə,

Bəylik, göylük, səylik olan məclisdə

Qaç ki, orda xeyir, bərəkət olmaz" .

 

Hamının gözündə heyrət nidası,

Ələsgər eyhamı çox şirin dedi.

Məclisi bürüdü alqış sədası,

Bəy də anlamadan, afərin dedi...

 

Deyirlər, həmin gün Molla Cuma da

Bir təsadüf kimi Gəncəyə gəldi.

O da məclis qurub Şəkidə, Qaxda,

O da bir ustaddı, təbi gözəldi.

 

Nə o, Ələsgəri görmüşdü, nə də

Ələsgər görmüşdü Molla Cumanı.

Ancaq agah idi bu Ələsgərə,

Cuma da dərindi, çıxıb ad-sanı.

 

Kürkünün altında kiçik küplü saz,

Cumanın da yolu məclisə düşdü.

Oturdu, çay içib dincəlsin bir az,

Sazının çanağı yana sürüşdü.

 

Bunu hiss elədi ustad Ələsgər,

Zənn edə bilmədi bir aşıq onu.

Kimsə dinc durmadı:

- Aşıq, nə xəbər?

- Bir yolçu adamam, yollar yorğunu.

 

- Kişi, bu cürəti kim verib sənə?

De, hardan gəlibsən, kimsən, nəçisən?

Kim səni göndərib ustad üstünə?

Bildir hünərini aşıqsansa sən.

 

Ələsgər dözmədi artıq sözlərə,

Qonağı baxışdan arif tanıdı.

- Ona sataşmayın siz nahaq yerə,

Hər kimsə gəlibdi, el adamıdı.

 

Cumanın qaşları çatıldı qat-qat,

Xırdaca gözləri kədərlə güldü.

Baxışla anladı ustadı ustad,

Artıq, söz deməyin məqamı gəldi.

 

Kürkündən sıyırdı cürə sazını,

Telləri ahəstə dilə gətirdi.

Əzəl şəyirdlərə tutdu üzünü,

Səsini qaldırıb zilə gətirdi:

 

"Aşıq anasıyam, şairlər kökü,

Gəzərəm dünyada divanətəki.

Mahalım Göynükdür, şəhərim Şəki,

Layiski kəndinin binasıyam mən.

 

Binam Layiskiyə düşübdü mehman,

Pədərim Mahaldır, madərim Reyhan.

Vələdim Həsəndir, adım Süleyman,

Famlim Mollaoruc, ədnasiyəm mən.

 

Mənada Mollayam, Molla Cumayam,

İsmi Pünhan oda şeyx pərvanəyəm.

Gəlmişəm cahana, bir gün fanəyəm,

Axırda Kərəmtək yanasıyam mən".

 

Hamı lal olmuşdu peşiman kimi,

Ələsgər aşığı dərin tanıdı.

Onu qucaqladı canhacan kimi,

Bildi ki, Cumadı, canlar canıdı.

 

İsmi Pünhan eşqi qaynadı, daşdı,

Dumanlı baxışlar bir xəyal oldu.

Aşıq Ələsgər də coşdu, nə coşdu,

Saz saza qoşuldu, çalhaçal oldu...

 

Neçə ustad gəlib köçdü həyatdan,

Sözləri ellərə yadigar qaldı.

Neçə sədəfli saz, neçə aşıqdan,

Neçə tarizandan nişan tar qaldı.

 

Neçəsi köksünü ötürdü getdi,

Neçəsi qazandı, itirdi getdi.

Neçəsi əsərlər bitirdi getdi,

Onlardan dünyada arzular qaldı.

 

Neçəsi pisliklə ömür keçirdi,

Neçə-neçə yanan ocaq keçirdi.

Neçəsi toy etdi, gəlin köçürdü,

Neçəsindən nişan dörd divar qaldı.

 

Neçəsi xan oldu, neçəsi çoban,

Neçəsi söz qanan, neçəsi nadan.

Neçəsi əl çəkdi işdən, dünyadan,

Sirdaşı bir şərab, bir də yar qaldı.

 

Kim olub keçəni salmasa yada,

Tutulmaz varlığı alova, oda

Neçə bülbül susdu qoca dünyada,

Neçə qönçə gülə yağı xar qaldı.

 

Hanı o gedənlər, hanı, a dünya?

Yaxşını, yamanı tanı, a dünya.

Sənsən ən günahkar cani, a dünya,

Səndə kimə vəfa, etibar qaldı?

 

Bilal, çox əsibdi ayazlı yellər,

Boğulub arzular, sınıb könüllər.

Keçdi o dövranlar, keçdi o illər,

Qaldı, bu dünyada yenə şər qaldı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!