Şeirlər - Allahşükür AĞA

 

Sənin gülüşlərin

 

Duman gələndə, yağış yağanda,

Üzünə gülüş səpirlər

- Bəlkə səni öpürlər? -

Çünki sənin gülüşlərin altında bulud var,

Nəmdi gülüşlərin.

 

Ya da Ayın təbəssümüdür üzündəki,

Ya da ananın yay vaxtı üzünə sərdiyi

Ağ örpəkdi gülüşlərin.

 

Birdən anan çəksə örpəyi

Yerində ağ dişlərin

Gülüşlərin canlı heykəli kimi qalar

Məni yenə təzə

bir sevdaya salar,

Yerində buludlar ağlar,

Göyündə çiçəklər açar,

Yağış göyə yağar.

 

Əllərimiz

 

Mənim əllərim gül olubmuş

Bir vaxt.

Bax, onda sənin əllərin ləçək kimi

Qopub mənim əllərimdən,

Səbəbini hələ də bilmirəm,

Niyə qopsun ki...

 

Sonralar düşündüm ki, Tanrı sevən əlləri

çoxaldanda

onu ikiyə bölüb ki,

Həmişə bir-birini axtarsın bu əllər.

 

Bax indi sənin əllərin

darta-darta səni gətirir yanıma.

Barmaqlarını toxundurur

Barmaqlarıma.

 

Ona görə də sənin əllərinin

Mənim əllərimdən qopduğunu bildirmək üçün

Qızıl üzük taxdım barmaqlarına,

nişan qoydum.

Sənin əllərinə heç kəs

toxuna bilməsin.

Ay mənim

qoca ağlım...

Yar gələ

Uça ağlım.

 

Dəqiqə söhbəti

 

Baharın ətrindən

sərxoş olmaq üçün

içimdən asılmış

buzları əridirəm.

 

Ürəyimi boşaltmaq üçün

duyğularımı

ağ vərəqlərə səpirəm.

Özümə yaxınlaşmaq üçün

bəzən özümdən

uzaqlaşıram.

 

Təzə yuxularımı yozmaq üçün

Ölmüş yuxularıma

qəbir qazıram.

 

Yüksək zirvələrə qalxmaq üçün

Xırda təpələrə

salam verirəm.

Yüz saat sevinc görmək üçün

Bir dəqiqəyə yalvarıram...

 

Xəbərin varmı?

 

Xəbərin varmı,

Buludlar əvvəl külək olublar.

Küləklər də min il əvvəl ürək imiş.

Ürəyi küləyə döndərən qızlar,

Sonra dönük çıxıblar sevdiklərinə.

Küləklər min ildi əsir

Buludlar min ildi yağır.

İndi sən küləyi saxlaya bilərsənmi

saçında,

Barmağının ucunda?

inanıram saxlayarsan -

Körpənin əlindən

tutduğun vaxt.

Ya da belə,

zivədən düşən uşaq corabı

özgə həyətə uçmasın deyə

külək dayanar.

Tək corabın xətrinə.

Axı o corabı sən asmışdın zivədən.

 

Oynayır

 

Hərənin içində hava,

Hərə bir sözə oynayır.

Yoxuşlar üzü dağlara,

Enişlər düzə oynayır.

 

Misralardan evcik qurub,

Gah yorulub, gah oturub,

Təzəcə yuxudan durub,

Bu adam təzə oynayır...

 

Şükür olsun bu xoş günə,

Vaqif ol dünya felinə,

Var-dövlət verir əlinə,

Qarşında Gürzə oynayır.

 

Bu atlı kim ola?

 

Dağlardan enib düzə,

Bu gələn atlı kim ola?

Gümüşləyib yəhərini,

Atı qanadlı kim ola?

 

Atındakı xurcun dolu,

Atı sutək içir yolu,

At ayağı sanki dolu,

Bu tappataplı kim ola?

 

Gələn sinəmi dəlir,

Ahım ərşə yüksəlir.

Bəlkə Koroğludu, gəlir? -

Durum bir çıxım yola.

 

Eyləyəsən

 

Deyirəm, sevdiyin bir gözəl ola,

Hərdən yola salıb əl eyləyəsən.

Başdan-ayağacan yol, küçəsini

Çiçək eyləyəsən, gül eyləyəsən.

 

Eşqin dənizində itib azasan,

Sevgi qalib gələ, sən uduzasan,

Oturub bir dəftər məktub yazasan,

Durub saatlarla tel eyləyəsən.

 

Küləktək güdəsən qapılarını,

Yığasan belinə qışın qarını,

Uc-uca bağlayıb misralarını,

Burdan onlaracan yol eyləyəsən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!