Yuvasına düşməyən açar
Yuvasına düşməyən açar -
Kiminsə dəyiş-düyüşüdür.
- Düşüb açmasa necə?
- O təntimiş qapının şeytanla görüşüdür.
Getdin...
Zərgülün əziz xatirəsinə
Dörd il idi yol gəlirdin,
Gah düşürdün, yüksəlirdin,
Bilmirəm hardan bilirdin -
Bu imansız xəstəliklə
birdən çıxıb gedəcəksən...
Öz evinə-eşiyinə,
Nəvənin öz beşiyinə,
Göz yetirib döşəyinə -
İri qara gözlərinə,
baxa-baxa gedəcəksən!
Evlə doludur izlərin,
Ləzzətli, duzlu sözlərin...
Amma əsirdi dizlərin -
Deyirdim bu uzaq yola
necə çıxıb gedəcəksən.
Hərdən kədər udur məni,
Yaman atır, tutur məni.
Son təsəllim budur mənim,
Anan yanındadır daha -
Demərəm ki, daha təksən!..
Uzaq, göynəkli xatirə
Üzbəsurat durub danışdığım qız
gülümsəyəndə... birdən
ayaqlarım üzüldü yerdən -
Yanağındakı çökəkliyə düşdüm.
Yerimi heç rahatlamamış, isitməmişdim...
Bir də gördüm o biri yanağının
çökəklikdən baxır mənə
bir naməlum oğlan -
qısqanclıq civarında,
kinli-kinli, altdan-altdan.
Bu toqquşmadan duyuq düşən qız
hürküb evlərinə tərəf qaçmağa başladı -
boynuna sallanmış qısa tanaları
atıla-atıla...
Yaxşı ki, birdən azman qovağın tozanağı
bürüdü hər yanı...
Sonra da rüzgar qarışdırdi aranı.
Qız gəlib gördü ki,
qardaşı həyətdə yer belləyir,
Anası da ocaqda dovğa bulayırdı -
əlindəki iri, taxta qaşıq idi,
bir sözlə... ikisinin də başı qarışıq idi.
Ona görə də
Əkiztaylı yanaqların arı çökəkliyində
görən olmadı bizi -
nə məni, nə o oğlanı -
...qurtardı üçümüzün də canı.
Şəhər şeirləri
1. Dərman otları satan
Nazik, kövrək söyüd cubuqlarından
iri bir səbət düzəldib,
toxuyub ilmə-ilmə.
Doldurub içini hər cürə dərman otları ilə.
Yorta-yorta gəzir Bakının küçələrində -
kişi alver eləyir.
Yükünü gah o küçəyə, gah bu küçəyə dartır -
dayanmır bir yerdə -
dərman otları satır.
Solmazçiçəyi bu dərdə dərmandi, - deyir,
cökəçiçəyi o biri dərdə.
Qırxbuğum, daşyarpızı bu azarı alıb aparır,
Qatırbuynuzu, qaraqınıx o biri azarı...
Danışanda yüz həkim qədər bilgili görünür,
Amma neyləsin ki, kasaddır bazarı.
Dazıotunun, qantəpərin adı düşmür dilindən.
Küçələrdə, metro girəcəklərində,
avtobus duracaqlarında
polislər beziblər əlindən...
Yazıq hardan bilsin ki, bu şəhərin adamları
dava-dərman almağa İrana, Turana gedir.
Cobanyastığı, itburnu, əvəlik, yarpız
indi onlar üçün heç nədir!
Pəzəvəng, yekə kişidir, amma...
ufallı bir təbəssüm bürüyüb üz-gözünü.
Atıb kənddə ev-eşiyini, torpağını -
gəlib bu şəhərin küçələrində becərdir özünü...
Bilinmir ki, bu onun muşğulatıdır, yoxsa -
cörək qazanır.
Kənddə bəlkə mal-qarası başsız qalıb,
köhlən atı təzgin düşüb,
bağ-bağatı susuzluqdan quruyur -
özü durub şəhərə pul qazanmağa gəlib.
Görünür, qalmayıb daha umudu -
Hələ də bilmir ki... dövran o dövran deyil, -
aladağda artıq bostan uradur.
2. Beşmərtəbəyə çıxan tənək
Bütün mərtəbələrin sakinidir,
bütün eyvanların tənəyidir, -
Bilinmir hansı ona doğma, hansı yaddır, -
özü də hansının seçənəyidir.
Hər eyvanın, hər mənzilin sirlərinə bələddir,
çox şeyi eşidir, bilir, amma...
nə bundan ona, nə ondan buna
söz ötürmür, xəbər gətirmir.
Nə olsun ki... yarpaqları həmişə pıçıltılı,
sözlüdür, söhbətlidir.
Heç vaxt gülən, sevinən görən olmayıb onu,
Qoca, belibükük qarı kimi
həmişə halsız, xəstə...
Daim başının üstdə
mildiym, oidiyum azarı!
Kəsəni, budayanı yox, - bəsdi dərdi özünə.
Bir yandan da bu qonşular -
beş mənzilin beş eyvanlı introvert adamları...
Hamısı da bir-biriylə küsülü,
araları sərin, soyuq.
Fağır tənək
bu qədər adamların içində,
beş eyvanın arasında... tənha-tək...
Amma heç nə deyil vecinə,
eyninə almır heç nəyin sonrasını.
Gecələr bir vəhy kimi gəzir, dolanır,
səhərlər arağaş girir mənzillərin içinə.
Deyir əlimdə umur olsa... yoluna qoyaram
küsülü qonşuların barış simmetriyasını...
Dəvətikanı haqqında...
Qarabaqara düşüb sənin dalınca
çatmaq istəyirdim
karvana, o sarvana.
Sonra gördüm sən özün də
keçib gedən o karvanın
xiffəti ilə boylanırsan dörd bir yana.
Səhraları atıb gəlib,
şəhərdə özünə yer eləmisən, -
bir gecəqondunun
küncündə-bucağında bitmisən,
gizlənmisən.
Hamı şəhərə qaçır indi,
Sən niyə səhralarda küllənməliydin,
gəlməliydin!
Dik-dik tikanlarındı öz düşmənin,
ona görə hamı sənin yanından qaçır.
Amma... bilmirlər ki,.. həmin tikanlar sonra
şirinliyindən gül açır!
Kirpi kimi qabarmış tikanlarının üstündə
bir qızın nəmli yaylığını gördüm, -
göz yaşlarını qurutmağa sərmişdi.
Örtülü toxumlular dəstəsindənsən,
yəqin, ona görə, onun üçün də
sirli xəbərlər yatır içində.
Ay bəzi adamların
"şaxtikanı" adlandırdığı otlar,
indi niyə səhralardan qaçaq düşmüsünüz, -
Yoxsa dəvələr tüpürüblər üzünüzə?!
Dağların, dərələrin, öz otları, öz yatırları var -
həm də nə qədər desən...
Neynir sizi onlar!
Deyəsən, sizin də qulağınıza səs dəyib:
Eşitmisiniz ki, dolu dənizə yağar...
Səhraların əyni-başı saya, yalın olsa da,
kəsdirə bilirlər çox nəsnələri.
Üzdən boş, kasad
görünməklərinə baxmayın -
altları doludur onların!
Qumlu yollardan ayağınızı çəksəniz də,
fikir versəniz, görərsiniz:
Səhərlər nəfəslərindən sirr buxarı
qalxır o səhraların -
özü də gizli-gizli,
narın-narın...
Mamır basqısında...
Mamır basmış daşlar -
Qırışlar örtmüş üz kimi...
Mamır basmış daşlar,
nəyin arxasında gizlənmisiniz -
hanı öz üzünüz,
hanı öz sözünüz,
hanı gerçəyiniz, düzünüz?!
Heç kim bələd ola bilməyib hələ
əslinizə, nəslinizə...
Ona görə də
heç bir allüziya deyil sizin vecinizə...
Bülöv daşı
Nə qədər bıçaqları, kəsərtiləri itiləmisən,
yola salmısan,
göndərmisən qoyun-quzunun üstünə!
Ağzıəyriləri bütövləmisən,
dilini-dilçəyini ütüləmisən.
Baltaların, qiyməkeşlərin
qan yaddaşı,
can qardaşı!
Qurbanlıq qoçlar, cöngələr
can hövlüyüyünə qalanda
Sən öygü ilə baxırdın hər yana.
Divlər süfrəsindən payın gəlib həmişə...
Ona görə də iraq olsun, nə Allahı tanıyırsan,
nə bəndəni.
Onu da deyim ki, itiləyib
qan tökməyə göndərdiklərin
dişləri kütləşəndə qayıdıb gələcəklər -
bitirəcəklər səni!..
Bu iş hər yazarın
başına gələ bilər...
Əlli il əvvəlki... elə-beləcə...
arxivimin toz, tor basmış zirzəmisində
səvələ-səvələ gəzirdim, dolanırdım -
bir ucqar, xəfə gecə...
Birdən...
Bir şeirimə tuş gəldim.
Akvarellə cəkilmiş saya şəkil kimiydi -
rəngsiz, boyasız.
Oxuduqca hiss elədim ki...
qımıldanır, nəfəs cəkir nəfəsimdən.
Elə bil yuxudan ayılırdı -
məni tanıyıb səsimdən.
Bayır-bacaq libasını geyindirdim-kecindirdim.
Nə dilə tutdum onu, nə yasaladım,
nə üzünü astarına cevirdim,
nə də astarını üzünə.
Eləcə... gerçəyinə, düzünə...
apardım...
Çap elədilər.
Nə yoxladılar, nə ələdilər.
İllərin kimsəsiz zirzəmisində
necə qorumuşdusa özünü,
necə saxlamışdısa içini, üzünü...
olub keçən sənələr -
zamanın ərpi, pası
kəsə bilməmişdi nəfəsini, səsini...
Qoşuldu bir böyük nəhrə, axar çaya.
Üzüb getdi balıq kimi -
qarışdı sevgili sularına, tay-tuşlarına...
Heç kim açıb-ağartmadı, soruşmadılar da heç:
Əlli ilini harada, necə havaya sovurmuşdu,
niyə qaçmışdı hamıdan,
- kimlərə qoşulmuşdu...
İndi balıqların küyülündən şən,
gümrah səsi gəlirdi -
sanki təzəcə anadan olmuşdu!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!