2021-ci il Azərbaycanda "Nizami Gəncəvi" ili elan olunmuşdur
I
"Çox de şirin sözləri qoy şəkər olsun ucuz",
Yaxşı, əlimdən yapış qəm-kədər olsun ucuz.
Doğru sözün qiymətin arif adamdan soruş,
Doğru söz olsun baha, amma şər olsun ucuz.
Söz ağacım meyvədən bar verə qış fəsli də,
Söyləmişəm bağbana hər bəhər olsun ucuz.
Şerimi var etmərəm gərçi tərim axmasa,
Məsləhətim böylədir: Kaş tər olsun ucuz.
Daima bildir mənə xoş xəbəri tütyə tək,
Bəd xəbərə ol xəsis, xoş xəbər olsun ucuz.
Hər qəzəlin hər sözü, sətri canımdan çıxır,
Eyləmərəm cəhd mən kəlmələr olsun ucuz.
Şahina, Divanları satma baha heç kimə,
Sən zərə möhtacmısan, qoy ki, zər olsun ucuz.
II
"Yoxdu xəzinəm sənə təqdim edim".
Hər nə varım var isə təslim edim.
Ey ulu Allah, dözüm ver mənə
İstəyimi nəzm ilə tənzim edim.
Muti qulam, and içirəm Qurana
Mən sənə ömrüm boyu təzim edim.
Gün kimi məlum Sənin kimliyin,
Bilməyirəm heç özümü kim edim.
Düz yola çəkmək dilərəm əğyarı,
Varmı hökm? Mən kimi təhkim edim?
İndi xitabım yönəlir dilbərə:
Mən Kərəməm, qoy səni Əslim edim.
Öyrənə bildim qoça Eşq elmini,
Gəl səni alim kimi təlim edim.
Arzu budur: Seyr eləyib göyləri
Mən səni, ey yar, münəccim edim.
"Sim-sim"ə bəxtin qapısı bağlanıb,
İndi gərək bir neçə "sim-sim" edim.
Eşqimi mirvari təhər hifz elə,
Eşqini ömrüm boyu eşqim edim.
İstəyirəm ömr uzunu tək sənin
Xidmətinə Şahini təhkim edim!
III
Bəlkə can əldən gedər, canan, mənə sən "can" desən,
Eylərəm qəşş şadlığımdan "ol mənə mehman" desən.
Hökm elə, əmr eylə hər dəm baş əyim fərmanına,
Sidq-ürəkdən hazıram xahiş deyil, fərman desən.
İldə bir yol kəsmədə qurban müsəlmanlar, fəqət,
Qurbanın ollam əgər bir gün məni qurban desən.
Göz dikən pərvanən oldum, yanmarammı mən məgər
Bircə dəfə, sevgilim, pərvanənə sən "yan" desən.
Şipşirin olmazmı dünyası məgər mən aşiqin
"Yan ola birdəfəlik Yerdən acı hicran" desən?
Mən şəhər Məcnuniyəm, olmaz sözün amma qəbul,
"Get dolan divanətək çöllərdə sərgərdan" desən.
"Taleyim xoşbəxt olar, par-par yanar bəxt ulduzum
Sən "Nizamiyə əgər miskin qulamımsan" desən"
Xətm edib Şahin Azərbaycanda beş Divanını,
Nəzm edər Altıncı Divan "Yaz mənə Divan" desən.
IV
"Nə üçün sənin qəmindən ürəyim xərab olsun
Və fəraqın atəşindən ciyərim kəbab olsun?"
Nə gərək kədər yönəlsin, ox olub da köksü dəlsin,
Sənə iztirab gəlsin, mənəsə əzab olsun?
İtəcəkmi etiqadım, dözəcəkmi hicrə tabım?
Üzüm olmasın şərabım və gülüm gülab olsun.
Necə olmuşam yarımcan!.. Demərəm məni bütöv san!..
Nə qədər yara alıb can, yaralar hesab olsun.
İmamın qiyamı üçün, Yerin intizamı üçün,
Bəşərin nizamı üçün gərək inqilab olsun?
Həmişə qələm yanımda! Olacaq hələm yanımda!
Qələmim-qələmdanımda, varağım-kitab olsun.
Demirəm Nizami ollam, ya da Sədi, Cami ollam,
Oların qulamı ollam, təki məndə tab olsun.
Demirəm cavab tapılmaz, sualı düşün cavab yaz:
Niyə çalma bağlayan az, niyə çox hicab olsun?
Qəzəlim mənə şərəf, şan, qəzəlin qəlizliyin dan -
Suya su desin qəzəlxan, nə üçün su "ab" olsun?
Elə şahinəm-əzəldən uçuşa alışmışam mən,
Həmişə çalışmışam mən günahım səvab olsun!
V
Bitməzmi həyatım, hardasan sən?
İtməzmi nicatım, hardasan sən?
Ciddiyyətə sadiqəm, sual var:
Yoxdur zarafatım, hardasan sən?
Dil ismini hey tərənnüm eylər,
Sənsən nəqəratım, hardasan sən?
Bərk axdı kədər seli bulaq tək,
Tərk oldu nişatım, hardasan sən?
Gəl günlərimi yenə şirinlət,
Zəhr oldu nabatım, hardasan sən?
"Sənsiz elə təşnə torpağam ki!
Ey abi-həyatım, hardasan sən?"
Şahin, necə də Nizami məhzun,
Söylər ki, "nicatım, hardasan sən".
VI
"Ürək bir də şikar oldu nigarə, ey müsəlmanlar",
Bu biçarə kəsə indi nə çarə, ey müsəlmanlar?
Demişdim olmaram aşiq o yarə bir də heç vədə,
Mənəm aşiq olan yarə dübarə, ey müsəlmanlar.
Ümid eylərdim ağ günlər görüm, eyvah, ümid bitdi,
Günüm gündən-günə olmaqda qarə, ey müsəlmanlar.
Üzüm gülmür, sözüm gülmür, könül sızlar və qəlb ağlar,
Səbəb yoxdur qətiyyən iftixarə, ey müsəlmanlar.
Mənəm gizlincə həm göz dikməyən kafər kəsə, bəlli,
Neçin kafər dikir göz aşikarə, ey müsəlmanlar.
Yazılmışdı o dildarın dilindən "Etibarnamə",
Mənəm sadiq qalan kəs etibarə, ey müsəlmanlar.
O can dözmüş fəraqın çövrünə hərdən verərkən baş,
Bu can dözməz düşünən intizarə, ey müsəlmanlar.
Xəzan əyyamı bitmişdir və qış fəsli gəlib çatmış,
Vida etmiş ömür çoxdan baharə, ey müsəlmanlar.
Bu gün mən çəkdiyim dərdi Nizami həm çəkib, Şahin,
"Ürək bir də şikar oldu nigarə, ey müsəlmanlar".
VII
"Deyirdim mən ki, Xaqani deyər ağı ölərkən mən,
Bu gün Xaqaniyə ağı, təəssüflər ki, mən yazdım".
Nizami Gəncəvi
Nizami durdu qarşımda bu gün şəstlə! Həmən yazdım,
Dedim "Şair, yaşa dünya qədər dünyadə sən", yazdım.
Nə boyda rəğbətin varmış Xaqani şairə, şair,
Səni şairlərin xaqanını həmdəm bilən" yazdım.
Önümdə dahi durmuşdu, tərəddüd etmədən əsla
"Olubdurmu bu ustadə məgər bir kimsə tən" yazdım.
Giley ilham pərimdəndir, Nizami boyda şairdən:
"Mənim ilham pərim oldun, nə sən dindin, nə mən yazdım".
Bu gün "Xəmsə" yazan dahi məni cəzb eylədi öylə
Nə gül yazdım, nə çöl yazdım, nə səhra, nə çəmən yazdım.
Müdam bülbül səsindən xoşlanıb yazdım qəzəllər mən,
Qələm işlətdim illərlə, əbəs "nərgiz, süsən" yazdım.
O farsca nəzm edən şair danışdı türkçə, əlbəttə,
Əsl türk oğlu türk gördüm, onu "türkü sevən" yazdım.
Qələmdən sanki nur səpdi, bütün dünya işıqlandı,
Onu misra düzən yox-yox, onu gövhərsəpən yazdım.
Nizami yurdunu var kəs qələt yazmış, yalandır bu,
"Vətəndir Gəncə, ey Şahin, Nizamiyə Vətən!" yazdım!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!