"...kimsə yox ki, şeirimi oxuyum ona" - Şeirlər - Sevinc ELSEVƏR

Sakura ağacıyla tanışlıq

 

Şəhərimizə təzə köçən

sakura ağacının yanında

mədəni aparmağa çalışıram özümü

gülümsəyirəm

üzümdə qonaqpərvər ev sahibəsinin ifadəsi

budaqlarına ehtiyatla toxunub salamlaşıram

çiçəklərini heyranlıqla qoxlayıram.

 

Oxuduğum haykularda

Yapon şairlərinin ürəyinə toxunan ağacla

foto çəkdirirəm

yadigar qalsın

 

bu ağac mənim şəhərimdə də xoşbəxt olsun

deyirəm ürəyimdə...

 

 

Şan-şöhrət və sevgi

 

Oxudum ki               

vəsiyyətinə görə

Fəxri xiyabanda deyil,

ümumi qəbiristanlıqda

mərhum həyat yoldaşıyla yanbayan

dəfn eləyiblər

adlı-sanlı sənətkarı.

 

Yenə qalib gəldi

şan-şöhrətə, ad-sana

Əlahəzrət Sevgi...

necə sevinməyim ki?

indi mənimçün manşetləri bəzəyən

sadə xəbər deyil bu

böyük bir sevginin qısa tarixçəsi.

 

 

***

Can hövlüylə

divar boyunca

yuxarı dırmaşır qırxayaq

sonra nə düşünürsə

geri qayıdır təlaşla

yəqin, div kimi nəhəng görünmüşəm

gözlərinə.

Nəhəngliyimdən çaşıb qalıb

halbuki azmanların küsdürdüyü

balaca adamam mən

vanna otağına da

 göz yaşlarımın yanaqlarımdakı duzunu

yumağa gəlmişəm.

 

 

Kölgəli və kölgəsiz

 

Günəşin qabağında əzilib-büzülür

az qala iki bükülür

adını bilmədiyim çiçək

nə enli yarpaqları var

nə gizlənməyə yeri

təkcə günəşdən mərhəmət umur

bütün bədəniylə

bürüşmüş xırda yarpaqları

solmuş çiçəkləriylə.

 

Arılar bezdiriblər onu

vızıltılarıyla

kəpənəklər lap başını gicəlləndirir

öz hayındadır

ətrafında kimsəni istəmir...

 

Qonşusu qızılgül kölgədədir

yanındakı şaftalı ağacı ona qol-qanad gərir

günün günorta vaxtında da

başı dikdir

yarpaqları şux

çiçəkləri çox

bu dünyada bir qəmi yox

yığıb başına qonaqlıq verir

arıları, kəpənəkləri

yoldan ötən böcəkləri

sorsan günəşi

deyəcək: -

"günəşi hamıdan çox mən sevirəm".

 

 

***

Nə sirdir ki,

bir şeir oxuyursan

yadında qalmır bircə kəlməsi

amma o şeiri unutmursan

unutmursan heç zaman

necə ki, dediyi bütün kəlmələri unutsan da

unutmursan ən doğma səsi

bircə an...

 

 

Şeir

 

Hamilə qadın

bətnindəki döldən azad olmayınca

yenidən hamilə qala bilmədiyi kimi

yazdığım şeirləri oxucularımla paylaşmayınca

yaza bilmirəm yenilərini...

çiçək meyvəyə dönəcək

sonra yenidən çiçəkləyəcək budaqlar.

 

Hamının başı qarışıqdır

hamının dərdi çoxdur bu aralar

kimsə yox ki,

şeirimi oxuyum ona.

 

bəlkə sahilə gedib

dəniz üçün şeir oxuyum

bəlkə axşamı gözləyim

eyvana çıxım

ordan Aya səslənim

bəlkə dan ulduzunu gözləyim

bir quşa, bir böcəyə

fidan bir ağaca şeir oxuyum.

 

Şeirlər təkcə insanlara yazılmaz

insanlara söylənməz...

 

Bu şeirim doğuldu ki

başqa bir şeir də doğulsun içimdə...

kimsənin xoşuna gəlmək niyyəti yox

dünyanı xilas etmək iddiası

nə şöhrətlənmək arzusu

heç biri yox.

 

Bir kərə

tək bircə kərə ürəkdən səslənsə

rüzgar onu bir dodaqdan alsa

alıb uzaqlara aparsa

bir nəfəsin

bir səsin qanadlarında

bir azca gəzib dolaşsa

bəsidir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!