Xarıbülbül
Xarıbülbülün üstə
Uçub qondu bir bülbül.
Uzaqdan seçilmədi
Bülbüllə xarıbülbül...
Cıdır düzündə...
Gedib çıxmaq istəsən,
Dostum, Cıdır düzünə:
Sən bir Qarabağ atı,
Tapmalısan özünə.
İşləri korlayarsan
Başqa at tapsan əgər.
Onda Cıdır düzündən
Çatmaz sənə bir nəmər...
Yeddimərtəbəli yollar
Şuşa-Laçın yolları
Keçir neçə dolaydan.
Qarşısına çıxır hey,
Gah günəş, gah çən-duman...
Dağların yaxasına
Dolanır yeddi kərə.
Yeddiqat da deyirlər
Adına buna görə...
Şuşa-Laçın yolları,
Gözəllik təməlidir.
Bu yollara baxın siz,
Yeddimərtəbəlidir...
Laçın meşələrində
Laçın meşələrində
Vardır neçə cür heyvan.
Tülkü, çaqqal, canavar,
Oxlu kirpi, boz qaban...
Heyvanların adını
Sayırıq...
Gülür Baxış:
"Bu yaxınlara kimi,
"Saqqallılar" da varmış!..
Deyirlər hamısının
Başı möhkəm əzilib.
Meşələrin qoynundan
Daha kökü kəsilib!".
Çörək muzeyi
Şəhərimiz Ağdamda,
Çörək muzeyi vardı.
Uşaqlar da həvəslə,
Gəlib ona baxardı...
Çörəyimizi yeyib,
Suyumuzu içənlər,
Dağım-dağım dağıtdı.
Bu muzeyi bir səhər.
Deməyin ki, döyüşdə,
Yağılar bizi uddu.
Axır onları çörək,
Həm "itiqovan" tutdu...
Şuşa qalası
Bu qalanı ucaldan,
Pənahəli xan olub.
Bu qala yağıların,
Qabağını çox alıb...
Bu qala ərənlərin,
Daşlaşmış sərt sözüdü.
Mazğalları tarixin
İti görən gözüdü.
Hər bürcü olub bir ox,
Düşmən gözünə girib.
Bu qalanı daşla yox,
Zaman qeyrətlə hörüb.
İsa bulağı
Qarabağa nemətdir,
Bizim İsa bulağı.
Yayılıbdı aləmə,
Onun səsi-sorağı.
İsa adlı bir kişi,
Şuşada çox at çapıb.
Meşəliyin içində
O, bu bulağı tapıb...
İçib şərbəttək sudan,
Sönüb yanğısı, odu...
Elə onun adıyla,
Qalıb bulağın adı.
Bu gün də susuzlasan,
Bulaq çıxar qarşına.
Qonaq-qaranı bir-bir
Çəkib yığar başına...
Alt budağı kəsmişdi...
Dəhrə götürüb Turqut,
Dırmaşmışdı qovağa.
Başlamışdı həvəslə,
Ağacı daramağa.
İşin tən yarısında,
Oğlan yaman çaşmışdı.
Ölçüb-biçməmişdi heç,
Fikri bərk dolaşmışdı...
Üst budaqda dayanıb,
Kəsmişdi alt budağı.
İndi düşə bilmirdi,
O, ağacdan aşağı...
Çox baxdı ora-bura,
Onu fikir götürdi.
Duyuq düşdü babası,
Nərdivanı gətirdi...
Tullanmaq öyrədən arx
Bir arx keçir
Turqut gilin
Evlərinin
Arxasından.
Tullanmaqda
Birincidir
Turqut hər vaxt,
Turqut hər an...
Axşam-səhər
Arxın üstdən
Tullanır o.
Çöl-çəməni,
Gəzir elə,
Dolanır o.
Tullanmaqda
Bir yaşıdı,
Bir tay-tuşu
Çatmaz ona.
Uzunluğa
Tullanmağı
Arx öyrədib
Bu oğlana...
Uçurum
Cığırla dolandım mən,
Gül-çiçəkli çəməni.
Həm dağ başına çıxdım,
Həm də gəzdim dərəni...
Birdən gəzdiyim cığır.
Buruldu durum-burum.
Cığırın qabağını,
Kəsmişdi bir uçurum...
Sağsağan
Həyətə qonur sağsağan,
Turquta deyir: - Ay oğlan,
Həyətə bax, ol göz-qulaq,
Evinizə gəlir qonaq.
Turqut deyir: - Ay sağsağan,
Sən özün də bir qonaqsan.
Bir yaxına gəl, mən səpim dən.
Durma, sən dən dənlə şən-şən...
Oxotu
Dibçəkdəki oxotu,
Ox kimi qalxa-qalxa;
Pəncərənin önündən
Qışı tutubdu oxa.
Oxotu çıxıb üzə -
Ox kimi qalxa-qalxa.
Sanki şaxtanı, qışı,
Oxotu tutub oxa...
Qələbə bayramında
Qələbə bayramıdır,
Hamı çıxıb meydana.
Sevinc, şadlıq nəğməsi,
Yayılıb dörd bir yana.
Göylərdə uçur fişəng,
Ətrafa işıq saçır.
İndi təkcə yer-yurd yox,
Göylər də çiçək açır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!