***
Dovşan girdi bostana
Kələm yedi dostyana
- Dovşana bax, dovşana,
Sığınıbdı yovşana.
Gözləyir ki, biz gedək,
Gəlib girsin bostana.
Dovşan girdi bostana,
Boylandı dörd bir yana.
Gördü baxan yox ona,
Kələm yedi dostyana.
Külək apardı
- Aysun əlində
Şarların vardı.
- Baba, şarları
Külək apardı.
- Aysun, bəs sənin
Güllərin hanı?
- Külək apardı,
Babanın canı.
- Aysun, telindən
Bantı kim açdı?
- Bantımı külək
Açdı və qaçdı.
- Aysun, heybəndə
Bu nar nə nardı?
- Baba, budaqdan
Külək qopardı.
- Aysun, sən sabah
Bəs nə edəssən?
Bağçaya şarsız
Bantsız gedəssən?
İstədim alam
Sənə bant, şarı.
Əlimdən pulu
Külək apardı.
Qarışqalar
Yuvaları önündə,
Qarışqalar qaynayır.
Toxunmayın onlara,
Bir-biriylə oynayır.
Hücum vaxtı xırmana,
Düzülürlər sıraya.
Buğda dənələrini,
Tez alırlar araya.
Yolda hansı yorulsa,
Köməyinə çatırlar.
Mənzilə yetənəcən,
Lap qan-tərə batırlar.
Qış uzunu havalar,
Şaxta olsun, ya da qar,
Yeməyin azlığından,
Qorxmayır qarışqalar!
Ərimir
Qar yağanda bağçadan
Qaçırıq evə sarı.
Saçımıza yağan qar,
İsti duycaq əriyir.
Deyirəm ki, görəsən,
Bu nə sirdir, bu nə sirr,
Babamın saçlarına
Yağan qarlar ərimir.
Pöhrələr
Yamancana sozalmışdı,
Xan çinarın pöhrələri.
Su içəntək açıldılar,
Pöhrələrin çöhrələri.
Yağır yağış
Narın-narın
Yağır yağış.
Gölməçəyə
Salır naxış.
Ayandı
Rəqs eyləyən bir qıza,
Dovşan, dedim, dayandı.
Maskasını soyundu,
Dedi, adım Ayandı.
Qumrudu
- Budağa qonub baxan,
O quş necə yumrudu.
- Tanımadın, ay Araz,
Onun adı Qumrudu.
Nar çiçəyi
Hər ağacın, hər kolun.
Özünün var çiçəyi.
Mənə daha xoş gəlir,
Bağçada nar çiçəyi.
Kolların budaqları,
Al-qırmızı bələnib.
Çiçəklərin üstünə
Mirvari şeh ələnib.
Günəşdən nur əmərək,
Onlar bara dolacaq.
Çiçəklərim payızda
Gulöyşə nar olacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!