Söylə
Söylə,
bir-birimizə susayanda and içmirdikmi?
Söylə,
arzularımızdan əynimizə gələcək biçmirdikmi?
Söylə,
bizimlə yuxulamırdımı kimsəsiz işıq dirəkləri?
Söylə,
bizimlə bir döyünmürdümü,
səssiz sahillərdə qağayı ürəkləri?!
Söylə,
yuxuları kilsə divarlarında güllələmirdikmi?
Söylə, hər səhər dan ulduzunu
geyindirib biz bələmirdikmi?
Söylə, söylə özünə söylə,
Söylə, söylə özünü unudan adam.
Söylə, söylə yaddaşını udan adam!..
***
Ömrü kirayə verirəm,
bəs kim yaşamaq istəyər?
Kim istəyər ki, de, şair,
Kim ömrü yamaq istəyər?
...Ömür yamaq, bu gün yamaq!
Alın yazım da boz yumaq!
Yaxasındakı kirə bax,
Hamı ömrü ağ istəyər...
Bir ölüm gəz yarınmağa,
ümid olma qarımağa.
Ömrün saçın daramağa,
Qoca da daraq istəyər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!