"Bir gün də görüşək ayrı şəhərdə, bilirsən, təkrarı sevmir tənhalar..." - Şeirlər - Qədiməli ƏHMƏD

 

Görüşək

 

Bir gün də görüşək ayrı şəhərdə,

dəyişək ən yaxın məsafələri.

Ayrı ümid ilə,

ayrı həvəslə

üz-üzə gələndə bir yad otaqda,

göz gözdə isinsin, dodaq dodaqda.

 

Bir gün də görüşək ayrı şəhərdə,

düşməsin o yerə tanış baxışlar...

Bulud nəfəsimdən qopan yağışlar

islatsın saçının ləçəklərini.

 

Keçək küləyindən, yağışlarından,

keçək nağıl kimi sevdalarından...

Sönsün bir gecəlik

küçə nişanları,

yol fənərləri,

utancaq gözlərə düşməsin işıq.

Bir də unudulsun "sevirəm" sözü,

Ayın da baxışı bir az qarışıq...

 

Bir gün də görüşək ayrı şəhərdə,

orda sabahlara uzanan yol var.

Bir gün də görüşək ayrı şəhərdə,

bilirsən, təkrarı sevmir tənhalar...

 

 

***

 

I

 

İndi sən

özündən çıxıb gedən adam

vaxta vaxtsız aldanan...

 

Belə çıxıb gedən

içində yoxdur, demək.

duyursan,

nə yaxınlar,

nə uzaqlar var daha.

əllərin uçmur göyə,

yol bağlanıb Allaha...

 

Özündən çıxıb gedən

geri qayıda bilmir

addım-addım getdiyi,

unutduğu yolları.

 

İndi sən

özündən çıxıb gedən,

özünə yad nəfəssən,

bayquşlar bəy quş olub

yuva qurmaq istəyir

sənin hücrələrində...

 

II

 

İndi sən unudursan

unutmayanlarını,

uduzursan yollara...

Susa bildiklərin də

hər kəsin nəzərindən

gizlətdiyin həyatmış.

 

Bir qatar uzaqlaşır,

bir qatarsa qayıdır...

gedənə sərnişinsən,

qayıdana ayrılıq.

 

Hələ də bir axın var

yolların sinəsində,

dəmir relslər bənd edir

neçə yorğun baxışı.

 

Bir də kəndlər,

şəhərlər sükutun qucağında.

arzular, düşüncələr

ölüm üçbucağında...

gəlir astanalardan

covidin ayaq səsi.

 

Yenə ağrı içində

oynayır gedən qatar.

ömür yolda bitirsə,

qəzadı ayrılıqlar...

 

 

***

Sənin sahillərin necə də gözəl,

Suların təmizdi baxışlarıntək.

Məni əllərimdən sevməyə başla,

Sonra dəniz kimi öz qoynuna çək,

Dağılsın üstümə qırçın saçların...

 

Sonra da isinim dodaqlarınla,

İsti qucağında ovuna bilim.

Sevən gözlərinin dərinliyindən

Səninçün yenidən doğula bilim.

 

Sənin baxışların sevda rəsmidi,

Tanrı sevgi ilə çəkib, solmasın.

Sənin gözəlliyin dəniz saflığı,

Dünya gözəllikdən xali olmasın.

 

 

Əmanət

 

Sınağından çıxa bildik illərin,

Zaman keçir, yollar qalır əmanət.

Anaların saçlarında dumanlı

Şırım açan tellər qalır əmanət.

 

Qapıb gedən, talayan da yad oldu,

Ağrı-acı ürəklərdə od oldu,

Şəhid adı ən müqəddəs ad oldu,

Məzarında güllər qalır əmanət.

 

İllər ötüb vaxt dönsə də bahara,

Ürəklərdə sağalmayır hər yara,

Yuvasına qayıtmayan yollara

Sınıb düşən əllər qalır əmanət.

 

Yazısında yazılıbmış bu qəmi...

ümidləri gözlərində bitənin.

Sinəsindən sular keçdi vətənin,

Dalğalanan sellər qalır əmanət.

 

 

***

Bir qərib gecəyə də

qapını açır şəhər,

nə bircə hənir gəlir,

nə bir quş səkir.

Tənhalıq şəklində durur ağaclar,

bu gecə hər nə var

qəriblik çəkir...

 

 

Oxusan

 

Nədən solub bu çiçəklər, bilirsən,

Üşüyürsən bir dekabr gecəsi.

Pəncərəndən boylananda görürsən

Kimsəsizdi sevənlərin küçəsi.

 

Sərçələr də yuvalarda kiriyib,

Gözlərindən yuxu qaçır acından.

Bu dekabr gecəsinə qar yağıb,

Küçənizdə qış başlayıb saçından.

 

Baxırsan ki, bir isticə nəfəs yox,

Əllərini qucağında isidə.

Saçlarını qarışdıra bir qadın,

Bir ömürlük qızınasan, bəs edə.

 

Nədən solub bu çiçəklər, bilirsən,

Bir ümidə söykənirsən  axı sən...

Uzaq illər yaddaşına yol gələr,

O qadının gözlərini oxusan...

 

 

Son addım

 

Son addım atılar kimsəsizliyə...

Burda sona çatan dəqiqələr də

vaxtın yaddaşında xatirələrdi...

 

Keçər bu gecə

səssiz-səmirsiz,

sənsə bir ömürlük üşüyəcəksən.

Son addım atılar kimsəsizliyə,

Soyuq divarlar da barmaqlıq kimi

sıxar vücudunu,

susub baxarsan.

 

Baxışın asılar pəncərələrdən,

Çərçivəyə qonan o quşcuğaz da

görərsən, tənhadı lap sənin kimi.

 

Axşamdan yağan qar saçların kimi

örtər qubarını yolun, bərənin,

Baxarsan, yerin də üzü ağarmış.

Duyarsan,

Tanrının baxışı altda

bir ömrü yollarda qoymaq da varmış.

 

Son addım atılar kimsəsizliyə,

içində ağrısı bitməz yolların...

 

 

Əsarətin qorxusu

 

Gözlərində

əsarətin qorxusu...

Viranə bayquşları

hardan gəlir hara, bax.

Hücrələrin qaranlıq,

ocaqlar sönmədədi,

Uzaqlardan

üstünə gələn soyuq qara bax.

 

Ordan gələn gecənin

adını illər bilir,

Örtür zülmətlərilə

ağ günlərin üzünü.

 

Əsarətin qorxusu

candan çıxan can deyil.

Qaranlığa ulayan

qurd deyil, yalquzaqdı...

 

Unudulamır heç nə,

lənətlənmiş gecələr

ötüb-keçir birbəbir.

Ölməklə,

öldürməklə

bir yerə sığmır səbir.

 

Hələ də gözlərində

əsarətin qorxusu...

 

 

Gözlərinin sualı

 

İllər keçdi, nağıllaşdı uzaqlar,

Xəyal qurub yol da gedən qadına.

Bu şəhərdə nə sən varsan, nə də mən,

Ayrılıq var ikimizin adına.

 

Unutmadım o son yazan gecəni,

Qəfil düşən son nidası yadımda.

Gözlərimdə xəyal oldu arzular,

Sükutunun əlvidası yadımda.

 

Səndən qalan xatirələr köhnəlib,

Bu şəhərin yaddaşında boyatdı.

Qayıdanda axı niyə içimdə

Yatıb qalan ağrıları oyatdın?

 

Gerçəkdimi, yalandımı, bilmirəm,

Nə söyləyir gözlərinin sualı?

Bu şəhərə şair kimi gəlibsən,

Ya başqadı gəlişinin xəyalı?..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!