Zəfər Nəğmələri - Lirik poemadan parça - Şahnaz ŞAHİN

 

 

Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır.

 

Sevinir hər çiçək, hər yarpaq, hər gül,

Bu qaya səsləyir, o dağ çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır.

 

Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Aparır qan izi üzü Şuşaya,

Didilmiş bədənlər, başlar çağırır.

 

Ağrı-ağrı kəsir ağrılarım da,

Gözlərdə çırtlayan yaşlar çağırır.

O daş yaddaşına qurban olduğum,

Dərələr əl edir, daşlar çağırır.

 

Səngərdən səngərə qonur quş kimi,

Müzəffər ordunun qalib əsgəri.

Başının üstündə üçrəngli bayraq,

Yıxır sərhədləri, aşır sədləri.

 

İnsantək dil açır hər cığır, hər iz,

Cəngi haraylayır, Segah çağırır.

Get, sənə, igidim, uğurlar olsun,

Səni o müqəddəs sabah çağırır...

 

***

Xeyir-dua ver, ana,

Yetişdi qisas anı.

Tökməyə düşmən qanın,

Qarabağa gedirəm.

 

Gözləməkdən usandıq,

Ta keçsin bu üzüntü...

Haqqın əlindən tutub,

Qarabağa gedirəm.

 

Yurdum yuxuma girir,

Qisas deyib səsləyir.

Cihad bizi gözləyir,

Qarabağa gedirəm.

 

Füzuli, Ağdam, Laçın,

Şuşa yolmasın saçın.

Çək dumandan çalmanı,

Qarabağa gedirəm.

 

Ordum yenilməz, mətin,

Dünya görsün qüdrətin.

Qana qandı niyyətim,

Qarabağa gedirəm.

 

Bu son döyüş, son dava...

Qarabağ alınacaq!

Dünya türkün olubdu,

Yenə "türkün olacaq"...

Xeyir-dua ver, Ana,

Qarabağa gedirəm!..

 

***

Bu da bir cürə ağrıdı..,

Çıxıb canımdan gedir,

Gedir əsgərliyə.

 

Qanımın qatı təzyiqi də

Bu sabah yerindən hövlnak qalxıb

Getdi əsgərliyə.

 

Dünən qonşu kəndə şəhid gəldi,

Qəzəbim bir az da körükləndi,

Mindi köhlən atın,

Sürdü əsgərliyə.

 

Dünənki uşaqlar,

Bığıburma igid oldu.

Dədələrdən, babalardan

Yetərincə öyüd aldı,

Aldı, getdi əsgərliyə.

 

Getdi dostum, getdi qonşum,

Neçə uzaq, yaxın tanışım.

Sanki kəndin tən yarısı

Getdi əsgərliyə.

 

Ordumuz da Allah versin,

Yeri yerindən oynadır.

Damarda qanı coşdurur,

Ağlı başından oynadır.

 

Hər gün qalib ordumuzdan,

Zəfər üstdən zəfər gəlir.

Əsir yurdlar azad olur,

Ürəklərə fərəh gəlir.

 

Murdar çəkmələr altından,

Canı qurtarır torpağın...

Rəngi açılır torpağın...

Başı ucalır torpağın..

 

Azərbaycan bayrağını

Qaldırır başı üstünə.

Çəkir şəhid balasının,

Mübarək nəşi üstünə...

 

Döyüşlərə şirtək girir,

Yurdumun cəsur əsgəri.

Bir hücumla qalaqlanır,

Leş üstə düşmən leşləri.

 

El-el, mahal-mahal gəzir,

Adı şanlı Ordumuzun.

Tarixi təzədən yazır,

Addımları Ordumuzun...

***

Ağır istehkamları,

Yarıb keçir ordumuz.

Düşməni biçib yerə

Sərib keçir ordumuz.

 

Dronlar ölüm hökmü

Oxuyur göydən yerə.

Canına qorxu düşür,

Ürəyinə vəlvələ.

 

Atıb qaçır hər şeyi

Silah-sursat.., texnika...

Meydanda düşüb qalır

Boş cəsarət, boş papaq...

 

Bir atışla Bayrakdar

Yüz canı birdən alır.

Bir bölüyün yerində

İri bir çala qalır.

 

Bu Mübariz, bu Fərid,

Bu Poladın qisası.

Azərbaycan əsgəri

Tarix yazır, qısası!..

 

Kefi kök, damağı çağ,

Ruhu yüksək əsgərim.

Qəlbi nifrətlə dolu

Haqqa söykək əsgərim

 

Döyüşlərə şir kimi,

Pələng kimi atılır.

Zəhmindən yer titrəyir,

Göylər öyür adını.

 

Şimşəktək çaxıb keçir..,

Təzim edir dağ-dərə.

Bir yol çəkir zəfərə,

Azərbaycan əsgəri!

 

***

Yaxına, uzağa mərmilər düşür,

Ölüm bu meydanda marığa durub.

Güllə yağış kimi tökülür yerə,

Neçə cavan ömrü yarıda qoyur.

 

Əl əldən yapışır, ürək ürəkdən,

Hər əsgər bir ordu, ordu bir əsgər.

Baxmayıb aldığı yaralarına,

Yenə də döyüşə atılır əsgər.

 

Keçilməz dağları qalxır inadla,

Bir əli qayada, biri tətikdə.

O qoç Koroğludur, başqa kim olar,

Belə şücaətdə, belə ürəkdə...

 

Qanla suvarılır, qanla yuyulur,

Qarabağ qan ilə alır dəstəmaz.

Bu haqq savaşıdır, qoy bilsin dünya,

Haqq yolun yolçusu peşiman olmaz...

 

***

Ey dahi Füzulinin adına olan şəhər,

Nadürüst əllər ilə hər şeyi talan şəhər.

Gecə-gündüz saç yolub yelə sovuran şəhər,

Sil gözünün yaşını, qalx ayağa, gəlmişik!

 

Göstər yaralarını, dünya görüb utansın,

Kor gözlərə işıq ver, bəlkə görüb utansın.

Talansın zülmün evi, evintək yağmalansın,

Udduq haqq savaşını, ver sadağa, gəlmişik!

 

Səni körpə uşaqtək böyüdərik, darıxma,

Soyumuş ocağını isidərik, darıxma.

Yenə birgə şadlanıb, sevinərik, darıxma,

Baxıb dönər qürurdan ürək dağa, gəlmişik!

 

İlahi özü yazıb türkə qalib qisməti,

İstiqbalı, zəfəri, bu şanı, bu şöhrəti.

Dağıldı zülmün evi, qurmağa mehr-ülfəti,

Doğma yurd-yuvamıza - Qarabağa gəlmişik!..

 

***

Qarı düşmən qəzəbini,

Hirsini qusur indi də.

Acığını ağaclardan,

Evlərdən çıxır indi də.

 

Soyur, talayır, sonra da

Evləri yandırıb çıxır.

Azərbaycan bədxahlara

Yenə də zirvədən baxır.

 

Nəyi varsa yığışdırır...

Köhnə, təzə paltarını,

Ucuz, nimdaş palazını...

Lap "unitaz"ını götürür,

Amma...

Körpəsini qoyub gedir!

 

Qəbirdən ölü çıxarır,

Ocaqdan külü götürür.

Qıymır Allahın itinə

Önündən yalı götürür...

Rədd olub gedir erməni!

 

Döyüş meydanında qalan,

Şəhidi vecinə deyil.

Etdiyi cinayətlərin,

Şahidi vecinə deyil.

 

Allahdan qorxusu yoxdu,

İçində ağrısı yoxdu.

Axtar, sözünün içində,

Bir kəlmə doğrusu yoxdu...

 

Asta-asta köks ötürüb,

Torpaq dikəldir belini.

Dodağı qaçır yolların,

Gözləri gülür çöllərin...

Dili açılır güllərin...

Rədd olub gedir erməni...       

 

***

Səsi gəlir qulağıma Şuşanın,

Könlü yara, qəlbi qırıq Şuşanın.

Damarında qaynar qanı coşanım -

Yürü Ordum, yürü Qurdum, Şuşaya!

 

Dağ başında çiçək açmış kimidi,

Bir əliylə göyü qucmuş kimidi.

Canımızın ruhu uçmuş kimidi,

Yürü Ordum, yürü Qurdum, Şuşaya!

 

Şəhidini al çiyninə sən yeri,

Yamaca yat, buludlarla tən yeri.

Addımların qoy titrətsin göy-yeri,

Yürü Ordum, yürü Qurdum, Şuşaya!

 

İgidlərin yağılardan öc alsın,

Üzümüzə şanlı sabah açılsın.

Məscidlərdən Azan səsi ucalsın,

Yürü ordum, yürü Qurdum, Şuşaya!

 

***

Sevgililər günü bir bəhanədir,

Tanrının ver günü sevirəm səni.

Gecə aydınlığı, günün dan üzü,

Axşamın toranı sevirəm səni.

 

Baxtımın qadasın alanı gəlib,

Bu Qaval daşının çalanı gəlib.

Araz qovuşdurub, Kürmü gətirib,

Kitabım, "Quran"ım, sevirəm səni.

 

Iki min yeddi yüz səksən üç dəfə,

Boynuna qol saldı bu böyük zəfər.

A doğma yurd yeri, a kənd, a şəhər,

A dağım, aranım, sevirəm səni.

 

Torpaqla danışım, suyla dərdləşim,

Düzənlə əlləşim, dağla behləşim.

Bir qaya döşündə qoy heykəlləşim,

Şuşam, can dərmanım, sevirəm səni!

 

***

Yağış yağır, islanır

Məzarın yaşdı, şəhid.

Burda necə yatmısan,

Yastığın daşdı, şəhid.

 

Cismindən şirə çəkib,

Çiçəkləyər torpağın.

Altında döşəyindi,

Üstündəsə yorğanın.

 

Üçrəngli bayrağının

Nuru düşüb üzünə.

Yenə səsləsə vətən,

Ellər gələr səsinə.

 

Yollanar döyüşlərə

Azadlıq carçıları.

Siz yenilməz ordunun

Şahidlik yolçuları.

 

Rahat ol, ta dinc uyu,

Qanın qalmadı yerdə.

Dönür köçkün ellərin,

O doğma, əziz yurda.

 

Dalğalanır vüqarla

Bayrağım Qarabağda.

Başlanır türk ellərin

Növrağı Qarabağda...

***

Ən gözəl şeiri sən yazdın,

Ali Baş Komandanım!..

Mübtədası, təyini, xəbəri öz yerində.

Azərbaycan əsgəri cəbhənin köz yerində

Düşmənlərin başına od ələyir davada...

 

Xalq dəmir yumruq kimi birləşmiş ətrafında,

Hər sözün bir qələbə, hər zəfərin söz sənin!

Gözləyir doğmasıtək hər saat hər kəs səni...

Hər əsgərin qəhrəman, Ordunsa şücaətli...

Dövlətinə sadiqdi, xalqına sədaqətli...

 

Nə yazsam sənə çıxır, nitqimə sən gəlirsən,

Sən elə Atatürkə, Heydərə tən gəlirsən.

Ha baxıram, hər dəfə mənə Vətən gəlirsən,

Başqa nə desəm azdı...

Ali Baş Komandanım!

 

Danışırsan inamla, susursan iftixarla,

Ətrafında ulu xalq dayanıbdı vüqarla.

Qürurla dalğalanır, bayrağımız qürurla...

Ta Qarabağda yazdı...

Ali Baş Komandanım!..

 

***

Qələbə yaraşır mənim xalqıma,

Yel vurub əsdirir qalib Bayrağı.

Açılır qanadı Azərbaycanın,

Geyinib, bəzənib bayramsayağı...

 

İki min yeddi yüz səksən üç igid,

İki min yeddi yüz səksən üç heyrət!

İki min yeddi yüz səksən üç oğul,

Torpağa can verdi, yurda fəxarət!..

 

Yenə öndə gedir qəhrəman Polad,

Sirli təbəssümü dodaqlarında.

Sağında, solunda cəm əsgərləri,

Fəxrlə addımlayır ali meydanda.

 

Baxır, iftixarla seyr edir İlham,

Ali Baş Komandan, Heydərin oğlu!..

Əsrin savaşını aparan kişi,

Yurdunu dünyaya tanıdan kişi...

 

Bir bax, dalğalanır mavi səmada,

Üçrəngli bayrağı Azərbaycanın.

Cənnət Qarabağda, ana yurdumda,

Başlanır növrağı Azərbaycanın!..

 

Qəhrəman Ordumuz düzülüb səf-səf,

Başını dik tutub nizamla keçir.

Düşmən bağrı yaran silah, texnika,

Qalib əsgərlərlə qol-boyun keçir.

 

Azadlıq meydanı qaynar bir ocaq..

Danışır aramla İlham Əliyev:

"Nə vaxt baş qaldırsa bilsin erməni,

Yenə də taleyi belə olacaq...".

 

Ərdoğan səsinə səs verir onun,

Azərbaycan özgür, Qarabağ azad!..

Kardeşiz, kardeşdir ölkələrimiz,

Birdir yollarımız, qoşadır bu ad...

 

Qəhrəman zabitlər, igid əsgərlər,

Bayram libasında keçir meydandan.

A qartal baxışlı, məğrur yerişli,

Özün Qarabağsan, Azərbaycansan!...

 

Ali Baş Komandan, yaşa, çox yaşa,

Ata vəsiyyətin yetirdin başa.

Qaytardı Şuşanı sahiblərinə,

Qəhrəman Ordumuz İlhamla qoşa...

 

Son


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!