Azadlıq dedim - Şeir - Sabir RÜSTƏMXANLI

 

Azadlıq dedim

 

Meydan - şərəf, ləyaqət, yüz illərin həsrəti,

Qaranlıq zindanlardan baş qaldırmaq cürəti,

Əzilmiş bir millətin dirilən cəsarəti,

Yüzillərlə boğulan sözə azadlıq dedim,

Bu dağa, bu dənizə, düzə azadlıq dedim...

 

Səsimiz yatanları oyatdı yuxusundan,

Ayırdı ayrılara əyilmək duyğusundan,

Sıyrıldı sürgünlərin, ölümün qorxusundan,

Kişiliyə, mərdliyə, gücə azadlıq dedim,

Düşmənlərdən alınan öcə azadlıq dedim.

 

Qəddin düzəlsin, Vətən! Başını qaldır, ana!

Daha əsir olmarıq hər bəlaya, tufana,

Yayıldı gur səsimiz Şahdağdan Savalana

Parçalanmış Vətənə, yurda azadlıq dedim!

Üstünə tülkü gələn Qurda azadlıq dedim!

 

Qayıtsın Dünya boyu yürüyən çağlarımız,

Elə şöhrət gətirən şanlı soraqlarımız,

Sovrulsun tarix külü, yansın ocaqlarımız,

Bu dənizə, bu gölə, çaya azadlıq dedim,

Bayrağımdan asılmış Aya azadlıq dedim!

 

Yenə bahar nəfəsi can versin torpağıma,

Yüz ildə bir son olsun fəryadıma, ahıma,

Soyum, yolum, inancım qayıtsın bu çağıma,

Güneydə əsir olan elə azadlıq dedim,

Göyçəyə, Zəngəzura, Milə Azadlıq dedim!

 

Təbriz, Dərbənd, Borçalı, Kərkük, Urmi, Həmədan,

Gözlərdə eyni arzu, damarlarda eyni qan,

Nurlansın Bakımızın sönməz alovlarından,

Hər şəhərə, hər kəndə, köyə Azadlıq dedim,

Tanrı deyib sevdiyim Göyə Azadlıq dedim!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!