Bu günlərçin
yaşamağa dəyərmiş
Nələr oldu... araşdırdım, izlədim,
Vətən dedim, zəfər günün gözlədim...
Tanrı mənə möhlət versin, istədim...
Yox, bilməzdim ömrüm hara qədərmiş,
Bu günlərçin yaşamağa dəyərmiş...
Şəhidimiz neçə evdən, bölgədən...
Qazi, əsgər - şəhidliyə yol gedən...
Sizlə nəfəs alır billəm, bu Vətən,
Sizlə birgə nəfəs almaq zəfərmiş! -
Bu günlərçin yaşamağa dəyərmiş...
Ərənlərlə, igidlərlə söhbətim -
Vətən deyən oğullarmış sərvətim!..
Ömrə-günə artdı bir az hörmətim -
Ta deməyim bu ömür-gün hədərmiş,
Bu günlərçin yaşamağa dəyərmiş...
Dalanlarda yad oyunlar, havalar -
Xalq birliyin pozmaq üçün çabalar...
Birlik udur! - gözəl demiş babalar,
Birliyimiz alınmayan səngərmiş,
Bu günlərçin yaşamağa dəyərmiş...
Düşmən bilməz - alacaqdır öz payın,
Bəlkə satqın ünsürlərə arxayın?..
Pozammadı xalqımızın harayın...
Arxalı şər orduma baş əyərmiş...
Bu günlərçin yaşamağa dəyərmiş...
Haqq alınsın! - deyib ordum, güc edib,
Yağıların niyyətini puç edib!..
Siramızdan neçə dərdlim... köç edib
O ruhları şad edən bu xəbərmiş!..
Bu günlərçin yaşamağa dəyərmiş...
Yurd sevinsin, yol sevinsin, sevin sən,
Xoş niyyətlim, yurda dönən xeyirsən!..
Tələsirsən, vaxt gec gedir, - deyirsən...
Ölçülüdü, biçilidi bax, hər iş...
Bu günlərçin yaşamağa dəyərmiş...
Qayıdış var - o zaman var, o gün var,
Addım-addım açılacaq düyün var...
Abadlığı görsəm necə xoş olar:
Abad olan yurd yerləri - yüksəliş!..
Bu günlərçin yaşamağa dəyərmiş...
Qaldı bu sevginin ətəklərində
Şəhidimiz Ruhin Xəlilova ithaf...
Vətən, ata, ana - yenə bir yerdə,
Yenə də birləşib, bütünləşdilər...
Verib övladını Vətən yolunda,
Atalar, analar Vətənləşdilər!..
Doldu gözümüzə acı xəbərlər...
Önləmək mümkünmü dərdi, kədəri...
Məni də ruha çevrəçəkmiş,
Vətənin müqəddəs Ruhinləri...
O sakit, təmkinli həyatın, bildim,
Özəyi- Vətənmiş, özü - Vətənmiş...
Bir evdən, beşikdən gələn o yolun -
Görünən-görünməz izi Vətənmiş!..
Sakit, təmkinliydi, oğlum danışdı,
Nə yaxşı onunla birik, bir-, dedik...
Bizdən fərqli idi, hər kəlməsiylə...
Biz ona güvəndik, komandir!-,dedik...
Ata da, ana da duydu: qəlbimdən
Qarışıq hissləri silmişəm, - dedin...
Rahat iş yerinlə sağollaşaraq,
Salam, doğma yurdum, gəlmişəm, - dedin...
Könüllü döyüşə gedənlər cəsur,
Yad əllər onlara yetişməz oldu...
Vətənin səsini eşidən oğul,
Bəlkə çox səsləri eşitməz oldu...
Döyüşdə şəhidi, yaralıları
Hər vaxt çıxarmağa can atırdın sən...
Sən belə ürəyin sahibi idin,
Yağı utanaydı şər əməlindən...
İgid oğulların Vətən sevgisi
Gör nə yüksəklikdə, gör nə dərində...
Arzular, istəklər, xəyallar qaldı,
Qaldı bu sevginin ətəklərində...
Bu vətənin sahibi
Şəhidimiz Elxan Hüseynovun
xatirəsinə ithaf
Bu Vətənin sahibi
Şəhidlərdi... əsas var! -
Tarixləri keçərək
Bugünə gəldi onlar...
Şəhidlik - yeni həyat,
Toparlandıq, gərildik.
Onlar ilə var olduq,
Onlar ilə dirildik!
İgidlər vətən deyib,
Dərələrdən keçdilər,
Zirvələrə çatdılar.
Yenməsin, yenilməsin
Vətən üçün, xalq üçün
Bir zirvə yaratdılar.
Onlar çatdı, yetişdi
Gör hansı əhdə, vədə...
Analar o vüqarda,
Atalar o zirvədə...
Bizə də yer verdilər,
Bu yer sizindi deyə.
Biz də qalxdıq onlarla
Gör hansı yüksəkliyə...
Sən yurda dönüşə bax -
Nağıllardan adlayıb,
Dastanlardan keçdilər...
Dönüb çaya, bulağa,
Dönüb dağa gəldilər...
Oğurlanan tarixi,
Oğurlanan qüruru
Qaytarmağa gəldilər.
Tarixin yaddaşına
Səpdilər qızıl dəni.
Yaddaşda vardı, yenə
Qəhrəmanlar yurduna
Çevirdilər Vətəni.
Borcumuz nə qədərdi
De, şəhid gedənlərə?..
Bizi şanlı bir yurdun
Övladı edənlərə..
Yerim harda olmalıydı, oldu da
Cəsur döyüşçü Sahib Allahverdiyevə
ithaf edirəm
Ürəkliydin, könüllüydün orduda
Dedin: gəldim, gəlsin zəfər qurdu da!..
Yerim harda olasıydı, oldu da -
Ordumuzun şanlı yürüş günündə!..
Siz - igidlər, Sahib, gerçək... yalan biz,
Döyüş günü sanki dilsiz olan biz...
Necə gözəl səslənibdi himnimiz -
İgidlərin sədasında, ünündə!..
Dan yerini bürüyür nur, bilirəm,
Sən sınmazsan, səni qürur bilirəm,
Hər sahibdən Sahib olmur, bilirəm,
Vətənimin Sahibləri yerində!..
Mən dağ desəm, Arazüstə Dirisən,
Sən sirsənsə - Atillanın sirrisən!..
Tarix yazan igidlərdən birisən,
Çaşqınlıq yox imanında, dinində!..
Dedin: təltif... yarı səsdi, yarı sim...
Təltif üçün vuruşurdu axı kim?..
Azad olan yurd yerlərim - təltifim,
İgid, bildim sevgin belə dərində...
Addımların - qələbəyə dönən iz,
Fikrin-arzun qarışıqsız, saf-təmiz!..
Dedin: dostlar, bizə qonaq gələrsiz,
Araz üstə, Xudafərin kəndində...
O yol bir əbədi
ömrə çevrildi
Şəhid baş leytenant Elçin Əzizova
ithaf edirəm
Döyüşə atıldın, önündə yollar,
Sevinc işığıyla gözlərin dolu...
İnamla, fəxrilə başladığın yol,
Oldu zəfər yolu, qələbə yolu!..
O yol bir əbədi ömürə çevrildi,
Qaldı yaddaşında aranın, dağın...
Dövlət sərhədini möhkəm edəcək,
Sərhəddə duracaq qəhrəmanlığın!..
Axı nə qazandı nankor qonşular? -
Yolunu kəsməyə can atan yağı...
Şəhidim, sən yenə öz yolundasan,
Sinənin üstündə Vətən bayrağı!..
Baban Baha kişi düşündü: "Gərək
"Alım qisasımı!.. Qisas!" - bir kəlmə....
Silaha sarıldı, o, yurdda qaldı...
O boyun əymədi ucuz ölümə!..
Evdə sazın vardı, çaldın eşqilə,
O saz ki ulumuz Qorquddan nişan...
Elin sazlı-sözlü məclislərində
Bilirəm, hər zaman xatırlanarsan!..
Döyüşə atıldın, önündə yollar,
Sevinc işığıyla gözlərin dolu...
İnamla, fəxrilə başladığın yol,
Oldu zəfər yolu, qələbə yolu!..
Ucasan, səninlə...
Az deyil, az deyil şər oyunları,
Bir adı fələkdi, bir adı dünya.
Olumla-ölümlə gəldi, gələntək
Dişini üstümə qıcadı dünya.
Namərdi sayımsız, mərdi az deyil,
Köksümə yığılan dərdi az deyil.
Girişi birsə də, məncə, az deyil,
Hər kəsə bir çıxış-bacadı dünya...
Musa, nə haldasan ahıl çağında,
Ömrün nur təşnəsi, gün sorağında...
Alçaqlar boğular alçaqlığında...
Ucasan, səninlə ucadı dünya!..
Ömrü vətən olan
Qınayan az deyil kimisə yenə...
Özündən gözləyən, umanlar azdır.
Qapılar döyərik, ancaq arasaq
Bizə doğma olan ünvanlar azdır.
Yanıldıq, yanıltdıq gümanımızı,
Görək yaxşımızı, yamanımızı.
Bilsək yandırmazdıq imanımızı,
Yanğınlar çoxalır, imanlar azdır.
Haqqı de, boş yerə mərəkə açma,
İşıqsız bir dövrə, şəbəkə açma,
Hər addım meydandı, meydandan qaçma,
Sənəmi, mənəmi meydanlar azdır?..
Musa, halallıqla yansın hər ocaq,
Qayğıdan, fikirdən düşmədin uzaq...
Gördün, "Vətən" deyən az deyil, ancaq
Ömrü Vətən olan insanlar azdır...
Əzmin, qətiyyətin
yerli-yerində
Qazi Gülməmmədov Eldost Akif oğluna ithaf edirəm...
Keçdin Qarabağın od-alovundan,
Əzmin, qətiyyətin yerli-yerində.
Silahınla birgə, yoxuşlarda da
Tibbi çanta vardı çiyinlərində...
İrəli! - döyüşə şığıdın, igid,
Qanlı hücumların önündə durdun.
Neçə yaralıya ilk yardım etdin,
Neçə yaralıya xilaskar oldun...
Xalqın birliyinə qoşuldunuz siz-
Sahib, Zahir, Eldost... özəl bir gündə...
Yaralı çiyninə yaralı alıb...
O birlik- döyüşün qaynar yerində...
Sən Qazi oğlusan, sənin atan da
Qarabağ qəlpəsin daşıdı naçar...
Qazilər - bu adı ucuzlaşdırmaz,
Qazilər - ölümü heçə sayanlar...
Bu yurd igidlərin yurdudu, bəlli...
Nələri yaşatdın sən hünərində.
İgidlər yurdunun xilaskarıtək
Alqışın qazandın igidlərin də...
Keçdin Qarabağın od-alovundan,
Əzmin, qətiyyətin yerli-yerində.
Silahınla birgə, yoxuşlarda da
Tibbi çanta vardı çiyinlərində...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!