Əsgərin
məktubu
Qanadından vurulan bulud,
bu dağın arxasında yağışa döndü, çilik-çilik...
Qanadından vurulan ümid,
şəhid olan əsgərin məktubudur,
Çatmadı anasına...
Ölüm tənhalığın simfoniyasıdır
Tək otaqda kar Bethovenin barmaqlarında səslənir
Titrəyir Dalinin əllərində...
Qanadından vurulan pianodur səsin
Son iniltilərini duyuram həzin-həzin
Bu gecə şərabı xatirələrin ovucunda içmək arzusu ilə Tanrını çağırıram...
Fotolar xatirələri yaşatmağa məhkum
Güzgülər kainatı göstərməyə
Bax, bu boyda zindanı sürüyürəm arxamca
Quantanamodan böyük
Körpə əllərindən kiçik...
İntiharı balinalar öyrətdi bizə
İnsanlar sükutu...
Tanrılar yalqızlığı...
Qanadından vuruldu fotolar hamıdan gizlin
Qanadından vuruldu güzgülər...
Balinalar...
Ümid... Qanadından vuruldu!
Əsgərin məktubu çatmadı anasına...
Uğrunda ölmədiyim qadınlar
Sirlidir,
şimşəklər təki vahiməli və qəribə, bir anda baş verir, işığı sərt, səsi gur...
Hündür binaların liftinə minərkən keçirdiyim hissləri verir,
ürəyimin döyüntüsünü gecə barların ritminə tənzimləyir
Gözlərin...
Gözlərini deyirəm...
Hələ uğrunda ölmədiyim qadınlar var bu şəhərdə
Gecəni özünü romanlarda oxşadan, günəbaxan geyimində olan...
Eyvanlarına çörək doğrayanlar...
Əlçatmayan qadınların ətri də fərqli olur
Bunu soyuq bir qış günü öyrəndim
Piyada keçidində yanımdan keçən qadının paltosundan...
Bükülüb kölgəsinə döndüm o zamandan
17 yaşımı büküb çantasına qoyduğum qızdan başlandı gözümdəki kainat
Güzgüyə baxdığımda fərqli bir oğlan gördüyüm gündən...
Ağlıma ilk dəfə şübhələndiyimdən başlandı hər şey.
Mən həmin mən deyil,
Daha o getdi burdan, bu evdə həmin insan,
bu nömrədən həmin oğlan daha danışmır, demişdim ona.
Mən həmin mən deyiləm....
Hələ uğrunda ölmədiyim qadınlar var bu şəhərdə
Kağız ətirli, qəzetlərdə şeir axtarışından yorulmayanlar
Sərv təki hündür, ürəyinin oduna sığınmadığım qadınlar var hələ də...
Nə bilim, bəlkə bu binanın hansısa mərtəbəsində,
Bəlkə də avtobusda üzləşdiyim,
Ya keçiddəki işə tələsəndir, nə bilim...
***
Öz əlindən yorulmuş mən
Sayı-hesabı itirənəm.
Sevəndə beş adamın yerinə sevən,
Darıxanda min adamın yerinə darıxanam.
Öz əllindən yorulmuş mən,
əllərini gedən kəsin qucağında itirənəm.
Səsini əzbərlədiyimlər,
səssizliyə buraxdılar məni...
Gözlərini əzbərlədiyimlər,
Kor etdilər...
Kor etdilər məni.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!