Ünüm ünlə,
sözüm dinlə, firəngistan!
Sənə salam var Firəngizdən!
Hə, düz eşitdin adın,
xalqın sevilən sənətçisi Firəngizdir
ağ alnını Şuşa torpağına qoyan bu qadın!
İllərini əlindən almısan,
ömründən nə az, nə çox,
otuz il çalmısan onun!
Bunu bilirsənmi,
ölüb yerə girirsənmi?
Gülnar oynamışdı qırx il öncə,
amma bu dəfə tamaşaçısı - Allah,
səhnəsi - Cıdır düzü!
Nə oynayır, nə də yapır,
oyunçusu, yapımçısı -
bu dəfə - zaman özü!
And olsun ki, bu qadın
qu desən, qulaq tutulan
qaranlıq gecələrdən
işıqlı səhərə gəlib!
Doğulduğu şəhərə gəlib
otuz ildən sonra
güllü bir may günü,
xarıbülbüllü toy günü…
Amma
deməyin ha
eləcə ziyarətdir!
Şəkillərə baxın bir -
birində qiyam var, birində rüku,
üçüncüdə səcdə.
Bu da bir ibadətdir!
Bu da bir ibadətdir!
Əzizinəm, Şuşadı,
Kəbə ilə qoşadı!
Başına dönək, Şuşa,
təvaf eləyək səni,
bəs, bu otuz ili sən
necə dözdün,
necə yaşadın?
Gəlin,
dəyişək təqvimləri,
əqrəbləri lap başa fırlayaq,
zamanı sıfırlayaq!
Tarixə gələcəkdən başlayaq,
şeytanı bu gündən daşlayaq,
lap elə bu zamandan!
Nuhun tufanı,
İsanın mövludu,
Məhəmmədin hicrəti yox,
Firəngizin öz alnını
şəhid qanı tökülən torpağa
basdığı andan!!!
Bəlkə də, şişirdirəm,
bəlkə də, yanılıram,
bu gün könlüm şüşədir.
Bu gün sözümün canı
fikrimin əvvəli-sonu
Şuşadır!
Allah,
sənə şükr olsun!
Şəhidlərimin adı
adın kimi zikr olsun!
Şəhid bacıları bacım,
anaları anam olsun!
İlbilgə xatun Mehriban,
Bilgə kağanımız İlham olsun!
Qazilərimizə ehtiram,
Dost ellərə salam olsun!
Sular axsın, durulsun,
göyərsin otlarımız,
ulaşsın qurdlarımız!
Kişnəsin alma gözlü
Qarabağ atlarımız!
Cıdır düzündə
bir şülən qurulsun!
Ötükəndəki kimi ət təpələnsin,
tökülsün qımızlar,
göl kimi çalxalansın,
dəniztək ləpələnsin!!!
Sonra dağ başında tütək üç tütün,
Çatsın el-aləmə ünümüz bütün!
Ozanlar ozanı Dədəm Qorqudla
Yazanlar yazanı Anar
dərə, təpə, düz gəlsinlər,
biri əlində qələm,
o biri qolça qopuz - gəlsinlər!
Boy boylasınlar,
soy soylasınlar,
qaynasınlar, daşsınlar,
düzüb qoşsunlar!
Səsimiz batıdan batıb, doğudan car olsun,
üzü görklü Məhəmməd Mustafa eşqinə,
Tanrı bizə yar olsun!
Və Cıdır düzü
xarıbülbüllərdən süzülən
bənövşə nurlarla dolsun!
Başını səcdədən qaldıran Firəngiz
görsün dörd yanı bənövşə,
dağı, ormanı bənövşə...
Üzü nur saçsın!
Bircə addım atıb,
vaxtın sınırların aşsın,
dönüb Xarıgülnar olsun...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!