Şeirlər
Sənsizliyin gözündə intihar edir gülüş,
Düşüb son ümid kimi çırpılır yanağıma.
İçdikcə qədəh-qədəh həsrətini süzərək,
Bir ah qopur içimdən,sarılır dodağıma.
Yoxluğun qərar tutur özündə varlığımın,
Gecələr hər kirpikdə sınanda yuxularım.
Ölümə bənzəyirəm sarılanda hicrinə,
Soyuq baxışlarımda donanda yuxularım.
Bir cəhənnəm günəşi
boylanır pəncərəmdən,
Hər səhər sürünürəm bu qismətin iziylə.
"Mənim deyilsən" dərdi çevrilir fəryadıma,
Baxıram bu dünyaya sənsizliyin gözüylə.
Yoxluğun təkliyimlə qol boyundur hər gecə,
Dolaşır otağımı kimsəsiz bir səssizlik.
Yaşlanır varlığımda həsrətin də mənimlə,
Üşüyür qollarımda ağlayan bir sənsizlik...
BAĞIŞLA
Çırpıb ömrün üzünə,
Qapısın bu dünyanın.
Silib gözdən əksini,
Sənlə bağlı röyamın,
Qarışıram yağışla,
Mən ölürəm,bağışla!
Sarıldım bitmiş ruhla,
Asıldığım budağa.
Üzülüb yarpaq-yarpaq,
Qarışıram torpağa,
Tale məni qarğışlar,
Mən ölürəm,bağışla!
Qırıldı bir vaxt bərk-bərk,
Ümidimdə sarılan.
Susdu ürək içimdə,
Söndüm gözümdən solan
Son,ümidsiz baxışla,
Mən ölürəm,bağışla!
Qaraldı bəxtim,məndə
Yanıb qalmış kömürdən.
Buludlanıb dolmuşam,
Axıram bir ömürdən
Bir leysanlıq axışla,
Mən ölürəm,bağışla!
İçimə məhkum olan ,
Ruhum azaddır indi,
Ürəyimdə dayanan
İnan acı hicrindir.
Bir sancılıq doğuşla,
Mən ölürəm,bağışla!
Qanayıram durmadan,
Qırılan qanadımdan.
Götürüb hər nəyimi,
Çıxıram vücudundan,
Bir addımlıq çıxışla,
Mən ölürəm, bağışla!
Ürək cüt olsa da haçalanırıq,
Cisimdən ayrılıb parçalanırıq.
Başqa dodaqlarda hecalanırıq,
Ayrılıq nəğməsi,kədər şeiriyik.
Özgə bir ömürdən ruhuma əsdin,
Gözlərim baxmadı,həyata küsdü.
Dünyaya gəlməyə niyə tələsdin?
Biz eşqdən ölərkən hələ diriyik..
Ayrı yasdıqlarda təkliklə yanan,
Hər qırpıq kirpikdə yuxusu sınan.
Biz əks qatarlardan bir eşqə enən.,
Ayrı dünyaların sakinləriyik...
YENƏ YAĞIŞ YAĞIR....
Yenə yağış yağır,islanır şəhər,
Mənim ümidim tək yoxdur çətiri.
Yenə misralanmış içimdə qəhər,
Yazar gözlərimə hər bir sətiri...
Damlalar özünü atar buluddan ,
Çırpılar şəhərin küçələrinə.
Ümidsiz arzular çıxar vücuddan,
Bürünər ömrümün gecələrinə...
Yenə təbiətin intihar fəsli,
Titrəyən yarpaqlar küsər budağa.
Yenə kövrək şəhər hönkürtü səsli,
Payızın gözündən düşər torpağa..
Yenə payız dolu şəhərin gözü,
YENƏ kövrəlibdir payız ürəyi.
Tənha küçələrdə sürünər izim,
Sənsiz sətirlərdə payız göynəyir..
Sənin limanında mənsiz gəmilər,
Həsrət lövbərini salar ömrümə.
Mənim sahilimə ümid gömülər,
Düşər fırtınalar dəli könlümə.
Yaralı ürəyim kədər məskəni,
Qaçar limanına sevgim,sığınar.
Çılğın dalğaların ümid yelkəni,
Çırpılar bəxtimin qayalığına.
Ömrümə yan alan başqa qayığı,
Batırar ürəyim ən dərinində,
Özgə dalğalarda boğulan ruhum,
Çıxar sahilinə günün birində.
Aysel SƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!