Şəhid
Görəsən, oyansan, nə eşidərsən...
Gözlərin yumulanda
Güllə uğultusuydu,
Güllə səsiydi
İlk eşidilən.
Gördüyün nə idi, gözlərin bağlananda,
Yəqin ki, qan...
Qan idi səni isidən.
Bir də dostların səsi,
Səni çağırırdılar,
Uşaq kimi ağlayırdılar,
Yaranı bağlayırdılar.
Bu şəkillərlə kilidləndi gözlərin.
Bu səslərlə susdu qulaqların,
Su kəlməsiylə
Tərpəndi dodaqların.
İndi bu saat gözlərini açsan
Nəyi xatırlarsan,
Nəyi görərsən?
Bu dünyadan görəsən,
Nə qalıb yadında?
Bu vətən...
Bu bulağın başı gözəl,
Daşı gözəl -
Qonaqlı, qaralı...
Bu torpağın sünbülləri,
Dadlı, daraqlı,
Ölkə soraqlı...
Bulaq da özümüzə oxşayıb,
Qonaq da, qara da,
Sünbül də,
Al saçını dara da.
Göydən gəlib,
Dildən gəlib,
Eldən gəlib
Bu vətənin oğulları.
Bu vətənin oğulların
Harda görsəniz
Tanıyarsınız.
Köksündə güllə nişanı,
Günəşüzlü,
Günəş gözlü,
Ağbəniz,
Qarabuğdayı,
Qarayanız...
Gül arabası
Bizim bir partamız vardı,
Üstündə yazılar,
Qollar
İmzalar,
Adlar...
Görən neylədilər o partanı,
Ocaqda yandırdılar, yoxsa
Divara vurdular,
Ya yola basdırdılar,
Ya da bir balaca uşağa
Araba düzəltdilər.
Onun üstündə mürəkkəblər
Barmaq, əl
Şəkilləri,
Ox işarələri,
Sevir, sevmir kəlmələri
Hara sığındılar
Vaxt sazağında.
Qonşumuz
Məhəmmədəlinin
Nəvəsi o günü
Bir araba qurumuş gülləri
Zibilliyə aparırdı,
Arabanın qulpunda
Adımız atılıb-düşürdü
Deyəsən, tanımışdı məni.
Təzad
Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?
olum və ölüm kimi.
Və yaxud
Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.
Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan
həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.
Üçün...
Sözümün bitdiyi an,
Şimşək paltarımı geyindim əynimə
Düşmənin başı üstə
çaxmaq üçün.
Sözümün bitdiyi an,
Bir igid əsgərin cəsarətinə söykəndim,
Burnumun ucunda göynəyən
vətən adlı anama
qovuşmaq üçün...
Nağıl dünya
Qəfil bir səs bata sükuta nola,
Vüsalın dan yeri gözdən sökülə.
Nə ola, göylərdən nağıllar yağa,
Çırpsaq, üstümüzə nağıl tökülə.
Bu günün, gecənin səbri çatlaya,
Saçların gecətək yata sinəmdə.
Divlər, əjdahalar üstümə gələ,
Nola öldürəm də, nola öləm də...
Ağ qoçun belində çıxam dünyaya,
Quşun qanadında yetişəm sənə.
Qəlbim həsrətinlə bacarmayanda,
Nə ola, bu dünya nağıla dönə.
Qum qəsrində
Qum dənəciklərinin arasındakı
Məsafələrdə
Zaman duruxur.
Bir anlıq dayanır, durur.
Sonra vurnuxur.
Barmaqların arasından
Papiros çıxan kimi
Qəflətən çıxır.
Bax, beləcə gedir vaxt.
Qum dənəciklərinin
Ulduzlarında
Günəş çiliklənir.
Götürsən əlinə
Bir ovuc qum...
barmaqların arasında
elə süzülür,
yenə də hər şey qabaqkı kimi
yan-yana
olduğu kimi düzülür.
Düşünsən,
Hər qum dənəsi
Bir beyincikdi...
Axtarsan, yaşayır bu beyincikdə
Qan damcısı,
At qamçısı
Dəvə dabanı,
Bir qadının
Yalın ayağı,
Qaçanda yıxılan
Bir uşağın
Ana deyən dodağı.
Yenə Qum dənəciklərinin arasında
vaxtın ilişən ayağı.
Qarışqasayağı...
Gedin deyin
Gedin deyin o quşlara,
Çıxıb getsin bu yerlərdən.
Ərəb ətri gəlir daha,
Quş axtaran güllələrdən.
Gedin deyin əllərində,
Yuva tutan söyüdlərə.
Bağlasınlar yuvaları
Qərbə uçan küləklərə.
Gedin deyin uşaqlara,
Daha gəlməyəcək quşlar.
Göydə quşu gəzə-gəzə,
Quşa dönəcək uşaqlar.
Hey
Gecə-gündüz dartınır,
Böyüməyə quzu hey.
Muğan düzündə otu,
Naxçıvanda duzu hey.
Quzunu otu dartır,
İgidi atı dartır.
Sözü qanadı dartır,
Göy üzü də gözü hey.
Torpağı ağ gözləyir,
Damağı çağ gözləyir.
Çölləri dağ gözləyir,
Dağlar gözlər düzü hey.
Məni bir od qaldırır,
Qanad-qanad qaldırır,
Atı bulud qaldırır,
At qaldırır tozu hey.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!