Şeirlər - Qalib ŞƏFAHƏT

 

Boyda

 

Dərd kimdi ki, boyun əyim,

Köksümdəki bu qəm boyda.

Aç qəlbini süfrə elə

Dizim üstə, sinən boyda.

 

Yeni nəfəs, ün gələcək,

Nə gəlsə də tən gələcək.

Gözlə, yeni gün gələcək.

Bu gün boyda, dünən boyda.

 

Bu ömrün öz mayası var

Çınqılı var, qayası var.

Hər günün öz boyası var.

Ya sən boyda, ya mən boyda.

 

 

Gedim

 

Məni tez çatdırın son nəfəsimə,

Elə son kəlməmi eşidim gedim.

Elə son anda da, son məqamda da

Çəkib öz-özümün keşiyin gedim.

 

Qoy özüm eşidim vəsiyyətimi,

Elə özüm çəkim əziyyətimi,

Verib öz-özümə nəsiyyətimi,

Bilib tabutumu beşiyim gedim.

 

 Məndən nə qalacaq, nəyi aparım?

Üz tutub özümdən halalıq alım.

Ədəblə özümü qoy yola salım,

Deyib əlvida, ev-eşiyim, gedim.

 

***

Bu kafir dünyada

Adam çıxmır

heç nədən.

Ölçüləri

düz gəlmir, -

Ətəyi

gödək qalır.

Boynu

bədəninə yapışır.

Hamı olub

söyüş yiyəsi.

 

***

Səssizliyimi

başıma atmışam.

Gözlərim

qapalı qalıb.

Görməmək üçün

heç nəyi.

 

***

Əvvəl

yastığıma

düşəcək başım.

Sonra,

yatağımdan

düşəcək başım.

Vətən,

başın sağ olsun!

 

 

Gələcəm

 

Gözlə! Gözlə! Yolumu,

Darıxanda gələcəm.

Arzularım hürüküb,

Qorxanda gələcəm.

 

Darıxmaq öyrətmisən,

Qorxmaq öyrətmisən,

Karıxmaq öyrətmisən,

Karıxanda gələcəm.

 

Ürəyimə qəm köçüb,

Üstündən üryan keçib.

Güllər ətrini töküb,

Soluxanda gələcəm.

 

***

Nə o məni yandırmadı,

Nə də mən yandım

onun oduna.

Nə də şam kimi yandırmadım

onu odumda.

İndi mən yoxam,

Heykəl daşam daha.

Onun heykəlimin önünə

Qoyduğu şam

Sozala-sozala

Alışıb yanır oduma.

Yəqin, dözməyir,

Yoxluğuma.

Bir də ayrılığıma.

 

 

Analiz et

 

Çox narahatam,

Ömrüm, günüm dolaşıq düşüb,

Ömrüm, günüm qarışıq düşüb,

bəlkə də ömrümə,

yarı qaranlıq,

yarı işıq düşüb?

Ömürsüz, günsüz yaşayanla

Günaha yoluxmuşam

Günah daşıyıcısından.

Həkim!

Çox narahatam.

Analiz götur,

Analiz et ömrümü

Necə?

Nə vaxt?

Kim yoluxdurub məni?

Necə gəlib çıxmışam bu günümə?

Bəs niyə ölməmişəm?

 

 

İkimiz qalacağıq

 

Aramızdan küləklər də əsəcək,

Aramızdan çox zamanlar ötəcək

Çox sular bulanıb durulacaq,

Aramızda ikimiz qalacağıq.

İkimizin arasında

boşluq qalacaq.

O boşluq

dolub boşalacaq.

Yağış da yağacaq,

gün də çıxacaq

Təkcə ikimiz qalacağıq

İkimizin arasında.

Uçurum da olacaq,

fəlakət də qopacaq,

Şəhərlər də salınıb,

insanlarla dolub boşalacaq.

Təkcə ikimiz qalacağıq

o boşluqda,

ikimizin arasında.

Sən ərə də gedəcəksən,

mən də evlənəcəm vaxtım olsa.

uşaqlarımız bizə baxıb qürur duyacaq.

Bəlkə

qızın da oğluma vurulacaq.

Çox istəklər bir-birinə qovuşacaq

Təkcə aramızda

ikimiz qalacağıq...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!