GÖZLƏDİYİM ADAM
Bəzən dərin-dərin susarsan cavabın tapdığın suallara.
Dodaqların gülümsəməyə zorlanar
Gözlərin qəlbini gizləməyə.
Qaçarsan doğrulardan,
Bildiklərindən,
Etirafın etmədiklərindən.
Ən böyük yalanı özünə söyləyir insan.
Oysa ki,
Hər gecə əcəltək, tutar yaxandan" təəssüflərin",
"Heyiflərin"
"Kaşkilərin".
Boğularsan ən dərinində bədəninin.
Ağlamağa utanar gözlərin...
Ürəyini aldadan gözlərin...
Beyninə yalan danışar ürəyin:
"Sevirmi məni?
-Hə, sevir..
Sevir, bilirəm.
...Sadəcə zaman gərək..."bəhanələr axtararsan qalmağa...
Bir kişi ürəyindəki qadın olmağa çox var,
Çox, əzizim, çox...
Yatağında dizlərin üşüyər onsuzluqdan.
Suallar verərsən Tanrına: "Bu qədər tənhamıdır insan?!"
Saçların sığalsız qalır.
Cehiz külqabın siqarsız...
Qonşu divardan gələn gecəyarı pıçıltısına
hirslənib söyürsən divar tikənləri.
Səninsə yatağında hələ də dil dəyməmiş bakirə sözlər...
günlərlə gözlərin iki dodağından
çıxan bir kəlmə sözünə baxacaq.
Zamanla bəyazlayacaq saçların
Əyiləcək qamətin.
Əsəndə əllərin ,
həyat oğurlayacaq gözəlliyini.
Baxassan yanında bir boşluq var, illərdi sahibi gəlməyən
Və bir qadın var aynada
Bir ömürdü sevilməyi gözləyən.
İTİRDİKLƏRİMƏ SAY
Hər gün bir az itiririk
Ümidlərdən,
Arzulardan.
Bəzən ən ucadan çırpılır yerə insan.
Xəyalların qanadı mavi
Gərçəklər bozumtul və kifli.
İndi daha çox böyümüşəm
Beynimin yaşı səksən
Ürəyim nənəmdən qoca.
Yenilirəm,
Yenilirəm qələbəyə can atdıqca.
Bir savaş var içimdə
Bir ölüm yaşanır əllərimdə adı "mən".
Qorxuram gecikməkdən
Hər gecə bir sual, ya bu son gecəmsə?!
ürkür yuxularım.
Baxışlarım sürüşür qızlarımın
üzündən çarəsiz ovuclarıma
Nə qədər zəifdir insan.
Hər günə bir gecədənqalma təlaşla,
Savaşıyla başlamaq
Nəyəsə və kiməsə xətir yaşamaq.
Kiralıq ömürlərin vergisini ödəməklə keçir
zaman qum saatından.
Mənsə dünən itirdiyim işimdən qalan,
asılqanda edam edilmiş
Və bir də geyilməyəcək müəllim formam kimi ölürəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!