"Dünyanın ilk yalanını nağıllar söyləyib bizə..." - Ağacəfər HƏSƏNLİ

 

Zəif, güclü

 

Xaraba dünyada hara gedəsən,

hər yan biganəlik,

hanı abadlıq?

Cəhənnəmlik canım buz baltasıdı,

üfüqün sökülən danı - azadlıq.

 

Ağrıyan dişlərim it sümüyüdü,

tərpədir çənəmdə əzalarımı.

Mənim də ürəyim daşdı, dinmirəm,

yola vermək üçün qəzalarımı.

 

"Mənə yola vermək" qalır, qardaşım,

öz cahil ömrümü dala salıram.

Məndən xəbərsizdi yəqin, başdaşım,

canımı yanına yola salıram.

 

Getmir, tərk eləmir məni, ay lələ,

yaşamaq istəyir, üz var, onda da.

Mən heç gözləmirdim bu kəraməti,

bilməzdim, bükməyə diz var, onda da.

 

Mən hardan gəlirdim, hara gedirəm,

bu düstur bir sirdi, izah olunmaz.

Hamını danlayıb islah edirəm,

təkcə özümmüşəm islaholunmaz.

 

Lənət qapısıdı - məbəd qapısı

çırpsan, peşimansan, çırpmasan, suçlu.

Düz cavab istəyir indi hamısı: -

kim kimdən zəifdi, kim kimdən güclü?

 

 

Dad

 

Yağışlar - ağzının suyu,

axır ki, qantəpər dadsın.

Bulağa, arxa, gur çaya -

axır ki, qantəpər, dadsın.

 

Göy yorğun-arğın gərnəşir,

ağ yorğanında gör nəşin...

Yanır çırağı günəşin

istisini çəpər dadsın.

 

Ağaclar tövbəyə durar,

özünə güzəran qurar.

Fəsillər növbəyə durar -

yanağından öpər, dadsın.

 

Həmişə aldadır zənnim,

zirvəyə dirənib sinnim.

Dərdindən ölürəm sənin -

qoyma ağzım zəhər dadsın!

 

 

Evimin küçə lampası

 

Məftunam ağappaq təbəssümünə,

zülmət qaranlıqda işıq saçırsan.

Sən həyət-bacaya gündüz nümunə -

sən axşam düşəndə işıq açırsan...

 

Bədirlənən Ayın yavan kölgəsi,

gizlədir sirr dolu fəzilətini.

Sənin işığının əlvan kölgəsi

örtür qaranlığın xəcalətini.

 

Dirəkdən hamıya gözmü qoyursan,

yoxdur bir kimsəyə göz ağartmağın.

Vaxtın dərisini müftə soyursan,

nəzərə də çarpmır üz ağartmağın.

 

Mərhəm işığına sözüm boyanır,

mən özüm hazıra hər vaxt nazirəm.

Bahar çağlarında təbim oyanır,

altında oturub şeir yazıram.

 

Küçə lampasının nur işığında

ocaq tüstülənir, heyvan kəsilir.

Yuxarıdan baxır gur işığına -

ulduzlar hamısı heyran kəsilir.

 

Məftillər torpaqtək işıq becərir,

əkinə-biçinə yüz rəng qatırsan.

Sən oyaq qalırsan bütün gecəni,

günəş doğan kimi tirtap yatırsan.

 

***

Turşəng üzlü yamacım, yemişanın bal dadır,

günəş dəyirman daşı, göydə valın oxudur.

Cidanımı gizlədir, baş açmıram, çuvalda? -

uçan naməlum obyekt gözümüzü qorxudur.

 

Dolaşmır balağıma itburnunun tikanı,

gəlin qaya dumanda sırğasını itirib.

Hər yay qurmaq istərkən çöldə çadır məkanı,

qara pişik asqırıb, ya dalımca it hürüb.

 

Çinar nəvazişini göstərərkən "getmə, qal",

gərmic əssin qəfildən, qara çəni oyatsın.

Ziyarətgah dağların ətəyində namaz qıl -

üç gün-üç gecə yatsan, qıymaz səni

                                                  oyatsın.

 

Kimə mane olurdu Zuvanddakı dərəlik,

Allah kəssin, qardaşım, bu namərd bazarlığı.

Gördüyüm yaşıl orman, dolaşdığım pöhrəlik,

ölmüş xatirələrin qardaşlıq məzarlığı.

 

Bu nisyə yaz yağmuru boz üzünü çevirir,

vahimədən xoflanan qayalar tit-tir əsir.

Mirvari yağış nuru qaranlığı devirib,

qövsi-quzeh lentini dərzi təbiət kəsir.

 

 

***

Həkim baxdı, qərar verdi:

"iki saat ömrü qalıb" .

İlahi, ölüb bu adam,

gözlərinin nuru qalıb.

 

Biləyindən sarğı qopur,

yanğısı cisminə hopur.

İçində qasırğa qopur,

sifəti qupquru qalıb.

 

Rüzigar sovurdu külü,

dedim: "sən diri, mən ölü".

Ağaca bir bax, "mən ölüm" -

budağında qumru qalıb.

 

Qaranquşlar havalanıb,

səngimir ki, davaları...

Ötənilki yuvaları,

damda yumru-yumru qalıb.

 

Bu dərdin buraxın başın,

neçədir bulağın yaşı?

Dünəndən bulanıq yaşı

səhərəcən duru qalıb.

 

 

Körpü

 

Könlünə, gözünə heyrət otura,

təravət yayıla gül körpüsündə.

Mələklər Allahın üzünə dura,

namazın qılasan Qıl körpüsündə.

 

Doğulan anımdan qəmlə tanışam,

fəryad çəkən neyəm, sarı qamışam.

Nə sən söz deyəsən, nə mən danışam -

ilişək, dil tapaq, dil körpüsündə.

 

Yolu bərk çapıram, vurğun yorğayam

fitnələrə uymuş yorğun darğayam.

Ömrünü-gününü elə qarğıyam,

qaça bilməyəsən il körpüsündən.

 

Zülmətə qərq olmuş uzun küçəsən,

yaxşını-yamanı gərək seçəsən...

Sənə acıyıram, necə keçəsən -

qaranlıq gecənin zil körpüsündən.

 

Məlhəm də hər candan bəla çıxarmır,

batır barmağını bala, çıxarmır.

Lələm, ala qarğa bala çıxarmır

Allahın saldığı "Ol" körpüsündə.

 

 

İçəri

 

Dərdimin qapısından

biri girdi içəri.

Key kimiydi, yer verdim,

diri girdi içəri.

 

Qələmi lələk idi,

belində bələk idi...

Deyəsən, mələk idi -

pəri girdi içəri.

 

Bir xoş, bəxtəvər anda,

sifəti qan-tər anda.

Özünü çatdıranda -

şəri girdi içəri.

 

Heç dodağı qaçmamış,

söz deməyə acmamış...

Mən ağzımı açmamış

əri girdi içəri.

 

 

Körpə gilənar ağacı

 

Körpə tumurcuqsan, qabarır köksün,

səni dindirirəm, qaçır dodağın.

Sürətlə aşağı işləyir kökün,

yuxarı dartınır şivin, budağın.

 

Sən duran tərəfə yel çəkir qamçı,

bir qarış boyunla çiçək açırsan.

Böyük ağacların dalağı sancır,

boylana-boylana gerçək açırsan.

 

Nə deyim bağbanın bu dəst-xəttinə,

namnazik gövdəni yırğalayıram.

Tənbəllik etməyib, sənin xətrinə

bütün ağacları sığallayıram.

 

Çiçək tökə-tökə kirpik çalırsan,

yuxarıdan baxma müdrik yaşıma...

Sən elə yerini şirin salırsan

ağaclar and içir sənin başına.

 

Gilənar soyadlım, aç qulağını,

ərköyün körpəmsən, əzizləyirəm.

İndi həzm edirəm şıltaqlığını,

sabah axı səndən bar gözləyirəm.

 

Mərhəmət

 

Canını qoymağa yer tapmır sərt qış

könlünü yumşaldıb yaz mərhəməti.

Oyatmağa qıymır kürt yatan quşu -

bəyaz çiçəklərin naz mərhəməti.

 

Çəpərə dırmaşan sərçələr "dəli",

şimşək işığından hürküb dağ kəli...

Uzanıb küləyin səxavət əli -

basıb bağça-bağı toz mərhəməti.

 

Qızartı var üfüqlərin qaşında,

nəmişlik gərnəşir yamac daşında.

Qoz sındırıb ağacların başında,

"vardır qarğa məndə qoz" mərhəməti.

 

Həmişə haqlının haqqın yeyirlər,

abırsız-abırsız ağzın əyirlər.

"Dinin yarısıdı insaf" deyirlər,

tərs yuxu səmtinə yoz mərhəməti.

 

 

Yalan, doğru

 

Duyğuların boz atları,

çapır, çapır haqqa doğru.

Bu cahanda doğru-yalan,

bu cahanda hoqqa-doğru.

 

Dünyanın ilk yalanını,

nağıllar söyləyib bizə.

Şirinlik bizi aldadıb,

noğullar söyləyib bizə.

 

Aldanmışıq asta-asta,

küpəgirən qarılara.

Zümzümələr yorub bizi,

qoşulmuşuq arılara.

 

Özümüzü aldadırıq,

talandan qaça bilmirik.

Başımızı açan kimi,

yalandan qaça bilmirik.

 

 

Təzad

 

Təkəri yeyilmiş zamanla

qol-qola haracan getməli -

qibləyə doğrumu?

Ya əks tərəfə -

bir yeni tayfaya,

qəbiləyə doğrumu?

 

Çarığım yırtılıb,

çırağım sönüb.

Çomağım əlimdən düşüb,

yamağım belimdən düşüb,

necə qurtarım zülümdən?

Qurşağım yox bağlamağa.

Bal dadır vaxtın zəqqumu,

qazan asdım buğlamağa.

 

Bir zəlzələ titrəyişi

yerin doqquz qatından

əsdirir qarışqanı.

Bütün sürüşkən iqlimlər

millətlərin qarışıq qanı.

 

Kimi çəkirdi xaç suyu,

başına yekə daş düşdü.

Kirpiyini sıxdı göyüm,

ulduz boyda yaş düşdü.

 

 

Nisyə dəftəri

 

Bəzən yağmasam da, guruldayıram,

qarı düşmənimə "xox" gəlmək üçün.

Yeyib-içmirəm ki, çəki artıram,

ağır otururam, tox gəlmək üçün.

 

Yaradan uzaqdan baxır çəpəki,

atır sümüyümü, yeyir ətimi.

Yağmurum üzümü isladan təki

islatmır canımın məmləkətini.

 

Hərdənbir göz qoyur darıxmağıma,

rəhmi hədiyyətək tökür başımdan.

Ümidim qalmayır sağ çıxmağıma,

səhəri qapıtək açır qarşımda...

 

Ha dil tök ölümə, "qəmişini çək",

xatırlayan Odur sonda andımı.

Yəqin ki, xəlvətcə müfəttiş mələk -

nisyə dəftərinə salıb adımı.

 

 

Məsləhət

 

Şovinist erməni cəlladına

 

Ay kələkbaz, əməlinə baxıb yan,

kürəyinə saplanıb hərb bıçağın.

Orda-burda için-için yaxıl-yan,

qaytarıram istisini ocağın...

 

Erkən-erkən qeybə çıxıb şənliyin,

həll olunub dəftərimdə tənliyin.

İndilərdə elə düşüb mənliyin,

ayağımın altındadır bayrağın...

 

Hanı Cıdır düzündəki o cəh-cəh,

o təmtəraq, o düşkünlük, o bəh-bəh?

Nə dostun var, nə düşmənin, ay əbləh -

yəqin, yenə sancır xəstə dalağın.

 

Qoy düşməsin əynində dar şalvar ki,

daz başına bağlamağa şal var ki.

Utanmasan, oynamağa nə var ki...

Yasa dönüb toy-düyünün, növrağın.

 

Qara keşiş qoy uydursun nağlını,

peçin qala, həyət-baca bağlıdı.

İç, aparsın yerdə qalan ağlını -

zirzəmində tükənməz tut arağın.

 

Niyə girdin gor qonşunun haqqına,

döy başına, onu-bunu ha qına.

Avropada ağlasınlar halına,

dolaşanda ayağına balağın.

 

Ormanımda perikdirdin tərlanı,

sakitlikmiş dağın-düzün dərmanı.

İrəvanda becərməsən tarlanı,

basar mənfur millətini alağın.

 

 

Sözün ömrü

 

Nə çatır hövsələm, nə qalıb tabım,

neynirəm qismətin uzun ömrünü.

Şeir yazmıram ki, şan-şöhrət tapım,

yazıram, uzadım sözün ömrünü.

 

Diksinir ilhamım, səksənir təbim,

karvan misralarım ruhlara təlqin.

Tamaşaburanı olardım yəqin,

nurlandırmasaydım gözün ömrünü.

 

Kirəmit üstündə bitən mamıram,

bu islaq təknəmdə döndüm xamıra...

Damda səbrim yoxdu, yerə damıram,

hər qış əridirəm buzun ömrünü.

 

Tutduğun balığı dur dəryaya at,

hökm xaliqindir, sənin olur ad.

Şitini-şorunu çıxarır həyat -

qeyrətə mindirir duzun ömrünü.

 

Gərilmiş məftildim, axır yığıldım,

vuruldum, bölündüm, sonda çıxıldım.

Gur ocaq daşıydım: yandım-yaxıldım,

saxladım qor altda közün ömrünü.

 

 

Gördüm

 

Ötdü payız, dolandı qış,

allı-güllü yazı gördüm.

Mən yazıya başlamamış

alnımda bir yazı gördüm.

 

"Canın sudu, iç özünü,

nizamla, ölç-biç özünü".

Həyat açdı iç üzünü -

çox özündənrazı gördüm.

 

Mən qisas aldım dözümdən,

heç nə çıxmadı yozumdan.

Çaylar lap düşdü gözümdən -

bulanıq Arazı gördüm.

 

Vətən! Eşqindən doymadım,

yad eldə qapı döymədim.

Hər cəfəng sözə uymadım -

neçə nağılbazı gördüm.

 

Səni min bir yerdə öydüm,

qan-yaş tökdüm, gözüm oydum.

Uğrunda can qurban qoydum,

hansı imtiyazı gördüm?

 

Fərqi varmı, toxdum-acdım,

sənə ürəyimi açdım...

İt hürən tərəfə qaçdım,

qənşərimdə tazı gördüm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!