"Bütün ucalıqlar sənindi, Vətən!.." - Şeirlər - Musa ƏLƏKBƏRLİ

 

İndi sən hamınınsan

Ordumuzun Ali Baş Komandanı

cənab İlham Əliyevə

 

Ali Baş Komandanım,

İndi sən hamınınsan.

Rəssam fırçasınınsan,

Şair ilhamınınsan.

 

Bütün dünya eşidir

İndi qalib səsini.

Adına ünvanlayır

Bəstəkar bəstəsini.

 

İndi xalqın yanında

İki deyil bir sözün.

Qarabağdan başlayır

Ali sözün, pir sözün.

 

Adına məktub gəlir

Aranından, dağından.

Başı uca çıxırsan

Tarixin sınağından!

 

O məktubun hər biri

Qarabağa sevgidi.

Bu ağrı çox uzandı,

Bu döyüş çox ləngidi!

 

Otuz il sən çalışıb

Qalib ordu yetirdin.

Yağıların işini

Otuz günə bitirdin!

 

Yenilməz güc sahibi,

Məğrur bir sərkərdəsən.

Ən uca məqamdasan,

Ən möhtəşəm yerdəsən!

 

Sənin Qarabağ sevgin,

Sənin Vətən istəyin

Vurğusuna dönübdür

Yurdunda hər ürəyin!

 

Xalqın bir yumruq kimi

Cani-dildən birləşib.

Yerişi vüqarlanıb,

Addımı mətinləşib!

 

Vətənimdə hər kəsin

Sənə dikilib gözü.

Səndən gözləyir ancaq

Açıq sözü, şax sözü.

 

Bu torpaq başdan-başa

Qələbə soraqlıdı.

Bu gün sözün-söhbətin

Hər kəsə maraqlıdı!

 

İndi sən hamınınsan,

İndi hamı sənindi.

Sarsılmaz birliyimiz

Bu şanlı Vətənindi!

 

 

Şuşa sevinci

 

Ordumuz yazıbdır bu şanlı şeiri,

Məğrursan, qalibsən, sən indi, Vətən!

Şuşa ucalığın döndüsə geri,

Bütün ucalıqlar sənindi, Vətən!

 

 M.Ələkbərli

 

Nə yaxşı daşını atdı xiffətin,

Nə yaxşı çıxmadı boşa sevinci.

Böyük qələbəyə təşnə millətin

Kaş elə bu sayaq daşa sevinci!

 

Yerdən də, göydən də istənib gəlib,

Xarıbülbül ilə süslənib gəlib.

Xalqın göz yaşında islanıb gəlib,

Necə möhtəşəmdi Şuşa sevinci!!!

 

Şəhidim qanıyla endirib yerə,

Can verib, canıyla endirib yerə.

Bir Nuh tufanıyla endirib yerə,

Dönmüşdü əlçatmaz quşa sevinci.

 

Əsiri olmuşduq qəza-qədərin,

Ağrımız məlhəmsiz, yaramız dərin...

Əlində itmişdik dərdin, kədərin,

Vermişdik yuxuya, huşa sevinci.

 

Ağrı-acılara köksünü gərdi,

Qaniçən yağıya "toy tutdu" mərdi.

Otuz il qəlbində daşlaşdı dərdi,

Bu millət çalmadı daşa sevinci!

 

Mindi Ağatına xalqın nər oğlu,

İlham Heydər oğlu - o hünər oğlu.

Ərdoğan arxalı türkün ər oğlu

Sülh ilə gətirdi başa sevinci!!!

 

Nə dərdin, nə də bir məlalın olsun,

Bütövlük - şöhrətin, cəlalın olsun.

Ana südü kimi halalın olsun

Xalqım yaşadıqca yaşa sevinci!

 

 

Xudayar təsnifi

 

Xalqımızın şəhid oğlu

Xudayar Yusifzadənin xatirəsinə

 

Vətənin bağrından qopan nəğməsən,

Qanına, ruhuna hopan nəğməsən.

Öz şah amalını tapan nəğməsən,

Gəzəcək yurdunu nəğmən, Xudayar.

Hər gün kövrələcək, hər gün dolacaq,

Ağrıyla, göynəklə yadda qalacaq,

O cavan ömrünə rəğmən, Xudayar.

 

Bu təsnif zirvələr, dağlar təsnifi,

Allahın yanına çatdı bir əli.

Ağladan təsnifin, ağlar təsnifin

Könüllərə köçən nəğmə heykəli!..

 

Ölümsüz etdiyin nəğmədi ömrün,

Dinər zaman-zaman nəğmən, Xudayar.

Şimşək qırmancına çevrilər səsin

Döyər, döyəcləyər bizi budayar...

 

Onu özün kimi oxuyan hanı?

Adındı, səsindi, özündü nəğmən.

Vətəndi, Vətənin bir parçasıdı,

Vətən sevgisinə özüldü nəğmən!

Ölümsüz etmisən sən o nəğməni,

O nəğmə əbədi yaşadar səni!

 

Qoy məndən uzaqda göynəsin qələm,

Ocaqda qoymusan əlimi, oğul.

Nə desin, nə yazsın, neynəsin qələm,

Nəğmən öldürdüsə ölümü, oğul?!

 

Neçə ki Vətən var, Azərbaycan var,

Dinər pərdə-pərdə nəğmən, Xudayar.

Neçə ki mənim də canımda can var,

Səsindən alışar, odlanar sinəm.

Gözümdə göllənər bu qürurlu qəm,

O cavan ömrünə rəğmən, Xudayar!

 

Xudayar! - Vətənin qurbanı oğul,

Sən o təsnifinə ayrı rəng verdin.

Onun hər xalına, zənguləsinə

Qırılmaz, pozulmaz bir ahəng verdin.

 

O sənin balandır, çıxacaq önə,

Sənli yanğısını bölüşəcəkdir.

Vətən dara düşsə, hayqırıb yenə

Cəsur əsgər kimi döyüşəcəkdir!

 

 

Analar, şəhidlər...

 

Dərdin paylanıbdır obaya, elə,

Tarix bu yaranı unudan deyil.

Bu günün qələbə sevinci belə

Gözünün yaşını qurudan deyil.

 

Batdı gözlədiyin nişanı, toyu

Bir daha sən onu görməyəcəksən.

"Anan ölsün" deyib bir ömür boyu

Məzarı üstündə göynəyəcəksən.

 

Nələr çəkdiklərin Tanrıya bəlli,

Qaysağı yaranın dərini verməz.

Nə mahnı, nə şeir, heç bir təsəlli

Sənə öz oğlunun yerini verməz.

 

Qəlbiniz həsrətdən oda düşəndə

Gedin Qarabağa siz axın-axın.

O şəhid oğlunuz yada düşəndə

Murova boylanın, Şuşaya baxın.

 

Silinməz bu ağrı, bitməz bu səfər,

Yolun çox uzundur şəhidim, sənin.

İki min səkkiz yüz səksən bir nəfər

Şəhid anası var indi Vətənin.

 

Qəlbindən silinməz getməz bu kədər

Sizi zaman-zaman anacaq onlar.

Şəhid balasına yandığı qədər

Doğma Vətəninə yanacaq onlar.

 

İgidlər önünü kəsdilər şərin

Açıldı Vətənin qolu, qanadı.

İki min səkkiz yüz səksən bir nərin

İndi bir kəlmədə boy verir adı!

 

Şəhidlər - nur verən Günəşə, Aya,

Şəhidlər, tarixə dönən şəhidlər.

Şimşək yanğısıyla gəlib dünyaya,

Şimşək alovutək sönən şəhidlər!

 

Yarımçıq ömürlə bütöv getdiniz,

Bu yurdda Günəşlə, Ayla tənsiniz.

Siz canı Vətənə fəda etdiniz,

İndi hər biriniz bir Vətənsiniz.

 

Sizə ağı deyib öyən analar,

Qəlbimi yer-yerdən qanadır indi.

"Oğul, anan ölsün" deyən analar

Anamız Vətənə anadır indi!

 

 

Oğuldu

 

II Vətən müharibəsinin

bütün könüllülərinə

 

Qəlbinin hökmüylə getdi cəbhəyə

Döyüşü könüllü seçən oğuldu.

Əsirlikdə qalan torpağım deyə

Dünyada hər şeydən keçən oğuldu.

 

Bu həyat çəkmişdi neçə dağ ona,

Canından əzizdi bu torpaq ona.

Buta verilmişdi Qarabağ ona,

Haqqın badəsini içən oğuldu.

 

İllərlə yığılan qəzəbi, kini

Partladı köksündə bir mərmi kimi.

Gərək biz unudaq qibtə hissini

Küsənib deməyək "çeçen oğuldu".

 

Vətən harayına uçub gəlib o,

Bu yolu könüllü seçib gəlib o.

Polad köynəyindən keçib gəlib o,

Mübariz dərsini keçən oğuldu.

 

Önündə bu uca şərəfin, şanın,

Heyrətdən böyüdü gözü dünyanın.

Onu ağlamayın, qürurla anın,

Tarixdi, tarixə köçən oğuldu.

 

 

Sən elə o qızsan

 

Sən elə o qızsan, həminki qızsan

Yaxşı bir şeirdən tutulan, dolan

Şirin duyğuların heyranı olan...

 

Mən də o oğlanam coşan, çağlayan,

Sevgidən havalı həmin o dəli...

Deyə bilmədiyim sözün qurbanı,

Aça bilmədiyim sirrin heykəli...

 

Bir daş dözümüylə susub durmuşam,

Sonsuz xəyallardan saray qurmuşam.

Uzun ayrılığın içindən keçib

Sənsiz yarım əsrə yara vurmuşam.

 

Nə qədər tufanlar keçib başımdan,

Yollarım nə qədər yola qovuşub.

Ürək o ürəkdi, sevgi o sevgi,

Sadəcə, arada illər sovuşub.

 

İçində fırtına, gözündə bulud,

Ahıl bir qocanın şəkliyəm indi.

Zamanı bir anda geri fırlayan

O əski duyğular dindi, nə dindi!..

 

Sən elə o qızsan, həminki qızsan,

Gözlər o gözlərdi, istək o istək.

Üzündə bərq vuran o xoş təbəssüm

Məni odladısa hər zamankıtək

 

Deməli, dünyanın sonu gəlməyib,

Qönçə ümidlərin açılmağı var.

Qəlbimizdə donan ilahi hissin

Haçansa nur kimi saçılmağı var.

 

Səmti ayrı düşən qoşa çaylarıq,

Yelkənsiz qayığıq daşan dənizdə.

Tanrıya min şükür, illər ötsə də,

O ilahi hissi yaşadır bizdə.

 

Sən elə o qızsan, həminki qızsan,

Mən də o oğlanam, gördüyün oğlan.

Sənin həsrətinlə neçə yol ölən,

Sənin istəyinlə bir də doğulan!..

 

Hələ yazacağım o əsər qalıb,

Məncə bu etiraf qəbahət deyil.

Sevgim çiçək kimi təzətər qalıb,

Yaşa dolan mənəm, məhəbbət deyil!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!