Rəqslə imza
Müharibəyə gedən yolda yolüstü
rəqs edən şəhid Fədailin xatirəsinə
Onu görən inanmazdı
döyüşə gedir bu kefnən,
Şübhələnib deyərdilər -
görüşə gedir bu kefnən.
Çağırmışdılar elə bil,
yol almışdı Çənlibelə.
Təzə dil açan bülbültək
nəğmə idi könlü belə.
İllərin tamarzısıdı,
Vətən buyruğa göndərsin.
Bağdan, bağçadan ayırsın
yaraqla dağa göndərsin!
Bəlkə niyyət eyləyibdi,
niyyəti hasil olubdu,
Bu gün göydəndüşmə kimi
Allahdan nazil olubdu,
Parladı bir qılınc kimi,
gün altında qəmzə qaldı.
Ana torpağın üstündə
rəqsi ondan imza qaldı.
Borc
Şəhidin dilindən
Sevgisinə yetişmədiyim qız,
Ardınca qarabaqara
yolların dabanını çıxartmaq
boynumun borcu idi...
Daş qalalar bürcüynən,
şəhid ömrü borcuynan deyilər.
Şəhid nağılı acı nağıldı -
Keçmiş qranit daş kimi ağırdı,
gələcək boyunbağı kimi dağıldı.
Borc borcun üstünə mindi,
borc borcun üstünə yığıldı.
Dərdini döşəsən, yer çatmaz,
yük vursan Devi - çəkməz,
Şəhidin ehsanından
acın da təbi çəkməz.
Yəqin, anan mənə eyib tutacaqdı, -
səni cırnatmaq üçün
ən yaxşı halda meymuna oxşadacaqdı,
amma çayı
hansı mürəbbə ilə xoşladığımı da soruşacaqdı.
Səni sıxmalı sinəmə avtomatı sıxdım,
Görüşünə çıxmalı yerdə
quş qatarıynan gələn güllə qabağına çıxdım.
Bu döyüşdü - kim öldü, kim yaralı çıxdı,
Ürəyimdə çırtlamayan sevgi başda idi,
amma Vətən ondan irəli çıxdı.
Sevgimi sanballamadım,
bahasını yaşamadım...
Sinəm bazar yeri -
sevgim bazarda müftə qaldı,
Zifaf gecəsi
üstümüzə örtüləcək yorğan yükdə qaldı.
Söz sözü çəkib gətirir,
söz dolanmadığı künc qoymur,
Sevgisinə yetişmədiyim,
adını bilmədiyim qız,
sənə olan borc məni
qəbirdə də dinc qoymur.
Müharibə
Müharibə qəribədir
Hər kəs öz vəznində olur, -
Hər gedən bir işə gedir.
Kimi şəkil çəkdirməyə,
Kimisi döyüşə gedir.
Şirinlik
Torpağı alacağımızı
əvvəldən bilirdilər,
Oğul doğulduğumuzda
şəhidlik bahası
şirinlik alırdılar.
Təkliyin estetikası
Yığışıb dağ arxasına aşan
günəştək batmaqdı təklik.
Doğmalara zəng daha çox
özünü xatırlatmaqdı təklik.
Evin bir açarı da çöldə olar -
"Yataram ayılmaram" qorxusu
canında nəbz kimi atar,
Qapının dalını vurmaz,
bağlayar açarı çıxarıb yatar.
Təklik ağrısından yana
nə etsən gücsüz olur, bivec çıxır,
Təkliyin bir üstünlüyü var
ölüm xəbəri gec çıxır.
Sonra
Yaz yağışı gün gətirir,
qış küləyi sazaq...
Qulaqlara qurğuşun! -
sevgi ayrılıqdan sonra əzab.
Faraş ölümlər
Ölüm kağız pul kimi düşdü dəyərdən,
Əzrayılın gəlişi arımıza gələr...
Ağlıkəsməz uşaq əlində açılan
havayı güllə karımıza gələr.
Uşaq bağışlanar, biz də onları
ölümlə faraş tanış etdiyimizin
bədəlini verərdik.
Azər bəy Məcid oğluna
Azdan-çoxdan tanıyıram,
seçirəm adam safını.
Əlimdə bir şeir payı -
gəlib döyərəm qapını.
Ağrıya üz turşutmarsan,
"Xoş gəldin!" də eyləyərsən.
Xeyirə qanad taxarsan,
şəri yoldan əyləyərsən.
Xeyir-bərəkət olarmı,
küləklər sərt əsən yerdə?!
Dostlar səni xatırlayar
düz əyrini kəsən yerdə.
Zaman amansız hökm etdi, -
kim ayırar suyu undan?!
Ot kökü üstündə bitər,
bəylik yağır suyumundan.
Bəy oğlu, bəy yadigarı,
sən bəy yurdu, bəy yerisən...
Bu günlə dünən arası,
keçmişdən üzü bərisən.
Öz aləmin, öz halın var,
ayrı halla uyuşmadın.
Həmişə dağ ətirlisən,
sən ətrini dəyişmədin.
Yaddaşında bir uşaq var, -
uşaqların ən şuluğu...
Bənna daş üstə daş qoyar,
sən üst-üstə yaxşılığı.
Sələflərdən qalma miras -
lap bir az da boyad olsun!
Bəylik bəyliyə mindikcə
bəylərin ruhu şad olsun!
Mir Hadi oğlu Salmana
İlahinin qaydasıdı -
Qalxar, enər pilləkənlər...
Hamını heyrətdə qoyar
Daş üstündə gül əkənlər.
Seyid kimi mərhəmətdən
Ucaldıb qala salmısan,
Qaranlığa düşən olsa,
İşığa yola salmısan.
Hər adamın işi deyil
Qürbətdə ad-san qazanmaq.
Gül çox olar, tez seçilər
Arasında qara zanbaq.
Bayram olanda dost-tanış
Sənin başına cəm olar.
El-obadan kim buyursa,
Müşkülünə əncam olar.
Səni tanıyan tanıyar,
Səni bilən bilər, kişi.
Kim ki faniyə bağlanmaz,
Sənin kimi gülər, kişi.
Sevgi sualları
Halına yanmaq yasaqdı,
Oduna necə?!
Yanına gələ bilmirəm,
Yadına necə?!
Bu nəğmə belə oxunmaz,
Bu xalı belə toxunmaz.
Üzünə dodaq toxunmaz,
Adına necə?!
Zəhmindən qorxu damandı,
Kərəm sahibi, amandı!
Eşq yaşlı kişiyə mandı,
Qadına necə?!
Ürək öldürən
Ey ürək öldürən,
dəniz eşqi qorundan keçirirsən,
Beş günlük qonağı
gen dünyanın darından keçirirsən.
Bu eşq qu nəğməsi,
yaşılın sarıya çalan rəngidi,
Buyruqdu, yazıdı -
hər payız yaşıl sarıda səngidi.
Heç qulaq verdinmi
sarıda yaşılın nəğməsi bitir?!
Ey ürək öldürən,
gəl, ürəkdə səndən qalanı götür.
Şadlıq
Eşitdim ki, darıxmısan -
mənim üçün - çox sevindim!
(Yalandısa, gerçək olsun!)
Güzgü qabağına keçdim,
Baxana qəşəng göz basdım,
Dedim: - Qalmaz daha dərdin?!
Üzbəsurət təbrik etdim,
Gözaydınlığı da verdim.
Təklik
Təkliyin hüznü
ölüm hüznü kimi 40 gün çəkir.
Bir olduğun bağlar qırılır -
birdən təkə çıxırsan,
Yolun qəfil diklənir,
elə bil yer əkəndə
boşdan bərkə çıxırsan.
Köhnə tərzindən soyuyursan,
yaydan qışa ağac kimi -
yolüstü yarpaq tökürsən,
Payız yarpaq üçün marığa durur...
Bükülmüş yarpaqlarda xatirələr
səndən qopur qırağa durur.
Dəyişirsən get-gedə
qədərlə barışırsan,
Qışdan yaya yazın yarpaqlarıyla
yeniyə alışırsan!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!