XATİRƏ DAĞLAR
Hanı güclü nəfəs, o tutarlı əl?..
Qayalar salardı bərkinə məni.
Atılıb minərdim belinə əvvəl
İndi təpə almaz tərkinə məni;
Nə Güllüsiyarın çəməni bilər,
Nə Şeykəm çağırar ərkinə məni.
***
Bir də çıxım gedim Uzunquşuna,
Sürəklər, növbələr yada düşəydi.
Gedib dirənəydim dağ yoxuşuna,
Etdiyim tövbələr yada düşəydi.
***
Kaş bir də keçəydim Yelligədikdən,
Bir soraq biləydim bala əlikdən...
Sinəm nişangahdı, könlüm mələrdi...
Ordayam, burdayam, hələ bilmirəm
Bu da söz üstündə gəzişmələrdi.
***
Can candan can alsın, nəfəs nəfəsdən,
Yolum Qızqayadan keçəydi qəsdən.
Heyrətə gələydim ilahi səsdən -
İsgəndər quşları oxuyaydılar,
Sübhə səs çələngi toxuyaydılar.
***
O da ocağımız, Baba dağımız,
Yolunda qançırdır əl-ayağımız.
"Babanın yolları daşdır,
Çəkdiyimiz cəfa xoşdur,
Babam hey! Babam hey!..."
Özünü Həzrətə hədəf tutanlar,
Məzarı büllura tərəf tutanlar,
"Canımı bu yolda al" deyənlərə
Salavat çevirib Salavatgahdan
Qoşulaydım əhli-hal deyənlərə.
***
Çözürəm xatirə oyaqlarımı -
Babadan enirdik,
Küləkdöyəndə
Külək yandırmışdı dodaqlarımı...
Axır ki çəkinə-çəkinə məni
Aldı Qızdar xala tərkinə məni.
Atı məhmizləyib "dəh-dəh" - deyəndə
Qamçıya tutmuşdu ayaqlarımı...
Saldım ayağımı tərlik altına
Yenə də yandırdı oynaqlarımı -
O qamçı ağrısı qalıb yadımda,
Ayğırın sağrısı qalıb yadımda.
***
Quzey dağım, qarın belə bol olsun,
Yay ayları çayın dolhadol olsun.
Ömürdən-ömürə yolun yol olsun,
Aparsın bizi də gələcəklərə,
Hələ görmədiyim görəcəklərə.
***
Əsəd qayasıyla Havaxan durur,
Göylərdə keçidi-dar heyvan durur.
Keçənin önündə imtahan durur,
Biri keçim deyir, biri keçməyim.
Diri bulağından içim-içməyim?
***
Dağlar əfsanədir, dağlar nağıldı...
Şimşəyi çaxıldı, göyü sağıldı.
Zanqının, Bığırın evi dağıldı...
Hərə bir tərəfə güzar eylədi
İnsanı insandan bezar eylədi.
***
Peşnodan yuxarı qızıl qayası
Üzündə ağ cuna gəlin həyası.
Süzülür buluddan ayın ziyası -
Çaylar qaranlıqda bəyaz küçələr
Dağlar nə qəribə olur gecələr.
***
Ruhumda şairlik təbi olaydı
Daşımda ildırım zərbi olaydı.
Yenə mən olaydım, Nəbi olaydı -
Bir gedib çıxaydıq Toğludərəyə
Düşəydik dağkəli olan bərəyə.
***
O dərin dərədə sürü yatanda,
Sürüyə gözətçi fiti çatanda,
Elə bil dağ-dərə qopdu yerindən
Dağkəli sürüsü atıldı birdən
Yel kimi keçdilər aşırma dağdan
Nəbi də bir güllə atdı uzaqdan...
Sonra səs yayıldı:
- Kəllər hardadır?!.
Mən qaldım söylüyə-söylüyə:
- Gəl çıx!
Kəlləri salmışam töylüyə
- Gəl çıx!
Elə o günlər də keçdi yel kimi
Xatirə xəyallar incəlir hələ
O kəllər tövlədə dincəlir hələ.
***
Seyfəddin kişinin zarafatları,
Alın qırışları qaya çatları.
Onun əmrindəydi kolxoz atları
Hərəmiz birinə minib gedəydik,
Alçalı taladan enib gedəydik -
Xalidlə çox oldum dağ səfərində,
İndi fikrim gəzər həndəvərində.
***
Nə bilim mən belə huşa getmişəm,
Söykənib mamırlı daşa, getmişəm.
Mənə bu bərədən məkan olmadı;
Keçdi şimşək kimi cüyür təkəsi,
Tüfəng qaldırmağa imkan olmadı...
Çatıb sürəkçilər keçdi yanımdan,
Utanc bir gizilti keçdi canımdan...
Yenə mamırlı daş yanım olaydı,
Elə giziltili canım olaydı.
***
Ovçu Ağarıza haman olardı,
Danlardı ovçunu naşı görəndə.
Özü atıb özü peşman olardı,
Maralın gözündə yaşı görəndə.
O da sızlayardı gözündə yaşlar: -
"Mən də ovçuluğu atdım qardaşlar"
Amma bərələrdə yenə yatardı,
Yenə gözləyərdi, yenə atardı...
***
Sarı əminin də gələrdi səsi,
Hər nəhəng ağacda bir nişanəsi -
Əlində üçatlan dövləti-varı
Dağlara qalxmağa tabı da vardı:
"Burda canavarı mən öldürmüşəm" -
Əminin bir atım gapı da vardı
Təki o söhbətlər, gaplar olaydı,
Dizimdə əvvəlki tablar olaydı.
***
İrzanın gülləsi çıxanda boşa,
Bir az pərt olardı gedərdi huşa:
"Mən də bir ovçuyam, bilmirəm bəyəm"?
Ona tanış idi hər kol, hər kaha -
Ovu barmağımla göstərəcəyəm -
Amma barmağımı atmayasız ha...
Eh, təki gülləsi çıxaydı boşa
Bizimlə Zarata gedəydi qoşa...
***
Axır xahişidi, lap son xahişi -
Hə, bir də baxdılar ağır halına.
Ölüm yatağında Şıxvələd kişi,
Onu çıxartdılar yaylaq yoluna.
Yığıldı başına doğması-yadı...
Dedi: - Bu yataqdan baxın dağlara
Burdan baxılanda dağlar başqadı... -
Keçdiyi yollara baxdı yenidən,
Yaşı saqqalından süzüldü dən-dən;
Üzünü yollara döndərdi getdi,
Ruhunu dağlara göndərdi getdi...
***
Sən ey qoca dünya, dağlar səninmi?
O çayı oyaqlar çağlar səninmi?
Məni də göylərə bağlar, səninmi?
Çünki ilham payın fələkdən gəlir
Keçib min xəlbirdən, ələkdən gəlir.
***
Görən o dad damaqlarda qalırmı?
Görən o iz ovlaqlarda qalırmı?..
Ovlaqda ov əti daş arasında,
Piyi cızıldardı daş parasında -
Can əti - hər üzü məxmər kimiydi -
Adamın yeməyə heyfi gəlirdi;
Ovlayan kim idi, yeyən kim idi?..
Hazırına çoban Seyfi gəlirdi -
Alırdı, içirdi, yeyib gedirdi,
Kimlərdən kimlərə deyib gedirdi...
***
Yenə Ağcabərə -
Dərələr duman...
Üstündə iki göl - əksi asiman...
Başı Qara qaya, ayağı zindan
Çiyin-çiyinədir neçə pəhləvan
Şahdağı qoynunda Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şahdağı...
HEYiF O ƏVVƏLKİ BƏNÖVŞƏLƏRDƏN
Elə bil torpağın heyi qalmayıb,
Daha bənövşənin iyi qalmayıb,
Heyif o əvvəlki bənövşələrdən.
Bütövlər, nəhənglər, palıdlar gedib,
Villalar boylanır göy meşələrdən.
Köhnə arx yerində kollanıb otlar,
Quşu yuvasında boğur yenotlar.
Qırqovul perikdir bu guşələrdən
Alaq otu kimi yeyir torpağı,
Aman, bu yapışqan pişpişələrdən.
Şeirimiz bazarda gözləyir, baxır,
Şahpalıdın təzə azarı ağır.
Daha kövşə çıxmaz bu kövşələrdən
Heyif, ətirşahlar ətir paylamaz,
Nar dadı çəkilib güleyşələrdən.
Nağılda "Ələddin çırağı" keçdi,
Daha Fərhad-Şirin sınağı keçdi.
Canımız qurtardı o tişələrdən.
Gəlir dərd bolluğu, eşq kasadlığı,
Aşiq də naz çəkir görüşə hərdən.
Bəlkə də insanın ilk ayrılığı,
Mənafe oyunu, mülk ayrılığı -
Silahı şeytandan, gülləsi şərdən -
Xeyir Allahından şər allahları
Bütün intiqamı aldı bəşərdən.
Sən də insan oğlu, əlini saxla!
Sən Allah, şər-şeytan dilini saxla -
Qoy dünya qurtarsın əndişələrdən.
Çoxu şahquludur, xanquludular
Müslim doğulmazmı Aişələrdən?!
Bir meşə cığırı istər ayağım,
Üzümə su çilə, Soyuq bulağım.
Bir də nəşələnim bu nəşələrdən
Köhnə bulaqların şan torpağından
Sanki bal süzülür ağ rişələrdən.
Beləmi axacaq sular həmişə?!
Qoy mən də asılım həmişələrdən.
Gecələr bu yerə mələklər gələr
Yuyar saçlarını bulaq suyunda,
Torpağım, mənə də mərhəmət eylə
Ölək qucağında, qalaq suyunda.
Açın bulaqların şirin ağzını,
Açın hasarların darvazasını
Qoy bir nəfəs alsın dustaq meşəmiz.
İnsanın rəhmini qaytaraq geri,
Bənövşə fəhmini qaytaraq geri,
Qaytaraq dadını güleyşələrin,
Qaytaraq ətrini bənövşələrin.
SÖZÜ QAYIDANDA...
Dünyadan nakam getmiş cavan şairimiz Alim Məhərrəmliyə
Oxudum şeirini göynətdi məni,
Bir sarı sim üstə söylətdi məni.
Başqa aləmlərə, başqa hallara,
Başqa duyğulara öyrətdi məni.
Mən sənə şeirdən dərs dedim o vaxt,
Amma dərs deməyim lap nahaq imiş.
Sənin şeir duyğun, düşüncələrin
Mənim dediyimdən çox oyaq imiş.
Kimdən eşitmişdin ömür nağlını?
Bəs könlün nə idi - şeir qovluğu
Böyük qardaşına verdin ağlını,
Özünə götürdün dəlisovluğu.
Ayə, "dəli" oğlan,
dəlisov oğlan,
Nə gördün
özünə biganəlikdən?
Belə tənhalıqdan, pərvanəlikdən,
Qovulan ceyrandan,
qaçan əlikdən
nə gördün, bala?
Gizlində özünə dəydi ahların,
İtdi o məhəbbət nişangahların,
Ov keçdi bərədən,
aşdı gədikdən.
Kim getdi,
kim gəldi
murada yetdi?..
Əvvəl elə bildin
mələkdi dünya.
Yox, bala,
ələnən
ələkdi dünya.
Ələk ələndimi qurtardı getdi,
Ələkdə bir ovuc kəpəkdi dünya.
Ələnən ələklə neyləmək olar?
Bir ovuc kəpəklə neyləmək olar?
Heç kəs sevməz belə, sevilməz belə,
Sevgin də sonalar sonasıdır bil.
Sənin qələmində, sənin sözündə
Anan da analar anasıdır bil -
Deyəsən, bu mənim anamdır Vallah.
Sən də şərik çıxdın o göz yaşıma,
Şeir də yazmısan
"qara daşım"a -
Bilmədin ki, lap Arazı içsə də,
Anaların köynəyindən keçsə də
Öpdüyün yer isinib çat versə də,
Kainatın axsa dərya yaşları,
Göyərdə bilməz o qara daşları.
Bu qoca dünyanın öz havası var,
Dedin hər havayla oynamır adam -
Çiçəklər oynadı yaz havasına,
Subaylar oynadı qız havasına -
Sən də ki, oynadın
söz havasına -
Başında bir dəli sevda da vardı…
Uyub durnaların xoş nəvasına,
Oynada-oynada səni apardı.
Sözün qayıdanda, özün gəlmədin
Bəlkə qayıtmağa üzün gəlmədi.
Dövrandı, lap üzdən salıb üzünü,
Şairi vurdular, sözü əydilər;
Yenidən Yesenin asdı özünü
Təzədən Müşfiqi güllələdilər.
QUZEY
Nəmli xəzəlləri titrəyib əsən,
Taledən kölgəli, üstü çən quzey.
Həmişə gəlməyə qışı tələsən,
Həmişə baharı gecikən quzey.
Yəqin güneylərdən gəlir bu səda,
Yayılmış sabahın nuru aləmə.
Gəlmədi bu yayın günortası da,
Bu quzey doyunca bir günəş əmə.
Qabığı elə bil qara sürmədi,
Dibində qaralır otu, ələfi -
Bütün ömrü boyu günəş görmədi,
Quzey ağacının quzey tərəfi.
Yarıqaranlıqda açılmaz kefi,
Eh, üzü kölgəli yaşamaq çətin.
Quzey ağacının quzey tərəfi -
Doğmadı günəşi bu məmləkətin.
Qovuşur bədənim, donur kürəyim,
Bulud başım üstə dönüb tüstümə.
Quzey ağacına bənzər ürəyim,
İşığın kölgəsi düşür üstümə.
Doğmadı günəşi bu məmləkətin,
Biz başqa ümidlə çıxmışdıq yola,
İşıq kölgəsində yaşamaq çətin,
İşıq ola-ola, gün ola-ola.
Bir div nəfəsindən titrəyib əsən,
Əjdaha kölgəli, üstü çən mənəm.
Həmişə gəlməyə qışı tələsən,
Həmişə baharı gecikən mənəm.
MƏN Kİ…
Mən ki daha günəş ola bilmədim,
Mən ki daha ulduz ola bilmədim.
Hamının baxdığı, görə bildiyi
Göylərin tağında qala bilmədim.
Burda qalacağam,
mən elə burda,
Burda ocaq olub alışacağam,
Burda taleyimlə barışacağam,
Od-alov ömrünə qarışacağam.
Heç demirəm məni görələr haçan,
Bir isti yuvalı torpağı qucan
Dünyanın doğmalıq qolları varsa,
Doğma ocaqlara, yurdlara qarşı
İnsanın gedilən yolları varsa,
Mütləq o yol gəlib bura çıxacaq;
Nə qədər canda od, gözdə mehr var
Mütləq o gözlər də mənə baxacaq.
Torpaqda havayı daş qalan deyil,
Yaxşı tanıyıram mən bu dünyanı
Onun bir cığırı boş qalan deyil.
Aranı, yaylağı varsa bu elin,
İnsanın dağlarla söhbəti varsa,
Yol azan ümidin, üşüyən əlin
Yol tapıb isinmək niyyəti varsa,
O mütləq bu yerə gəlib çıxacaq;
Bilirəm havayı yanmır bu ocaq
Mütləq bu ocağa gəlməlidirlər.
Məndən də bir əhval bilməlidirlər.
Olsun üfüq boyu yatağı, yeri -
Mən daha nəhəng çay ola bilmədim
Burda qalacağam,
mən elə burda -
Burda bulaq olub qaynayacağam
Hərdən sırğa-sırğa damcılarımla
Burda çiçəklərlə oynayacağam.
Axtaran insanın hər addımbaşı
Böyüyən, kiçilən yolları varsa,
Duruluğa qarşı, saflığa qarşı
Dünyanın keçilən yolları varsa,
Mütləq o yol gəlib bura çıxacaq.
Yaxşı tanıyıram qaynar gözləri,
Qaynayan gözümə o göz baxacaq.
Mütləq sevgi yolu keçilməlidir,
İnsanın bir həsrət yanğısı varsa,
Mütləq bu sudan da içilməlidir.
Payızın ən kövrək çağına qarşı,
Meşəsinə qarşı, dağına qarşı,
Bənövşə boyuna, gül nəfəsinə,
Baharın yarpızlı arxına qarşı
yol gələn olsa,
Nə bilim, bir çəmən yaşıllıq üçün,
Ya da ki, minnətsiz yaxşılıq üçün
darıxan olsa,
O mütləq bu yerə gəlib çıxacaq;
Bilirəm havayı axmır bu bulaq.
Mütləq bu çeşməni görməlidirlər,
Bu ocağa salam verməlidirlər.
Musa YAQUB
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!