Güllü misralar
Gəzirəm şeirimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.
Gül elə soyunur ləçəklərini, -
Arılar üzünü yana çevirir.
Nərgizlər məst olub öz qoxusundan,
Hər naxış üstünə yüz ilmə düşüb.
Bir arı oyanıb qış yuxusundan
Bir gülün canına üşütmə düşüb.
Sünbüllər tellənir meh tumarıyla,
Lalələr bir yanda özünü çəkir.
Ərköyün kəpənək işlək arıyla
İkisi bir gülün nazını çəkir.
Elə bil, çəməndə toy-düyün olub,
Heyrətim güllərin gözündən öpür.
Arılar o qədər ərköyün olub
Qönçə açılmamış üzündən öpür.
Bir ləçək üstündə arı izləri,
Bir ləçək altında xəzəl görünür.
Gözümdən çəkilmir şehli gözləri,
Güllər ağlayanda gözəl görünür.
Baxdım, bu gül yolu, bu çiçək yolu,
Düşüb ölə bilsəm bəsdimi, burda?!
Üstdə arı yolu, kəpənək yolu,
Yol basıb güllərin üstünü, burda...
Yol azan kəpənək tüldən yapışır,
Kəpənək günahı yuyulan deyil.
Güllər bir-birini öpüb yatışır, -
Güllər bu yuxudan ayılan deyil...
Yaşıl göz yaşında islanan tənək,
Özünü ağlayan dilə dönəcək.
Gülün yarpağında ölən kəpənək
Yarpağın üstündə gülə dönəcək...
Bənövşə gözündə nazlı bir giley,
Sıxdım bir laləni,
gördüm qan çıxır.
Şairlik adında nə varsa hər şey
Süzülüb bu axşam canımdan çıxır.
Gül gülə ötürər, sünbül sünbülə,
Yaşıl heydən salar, al vurar məni.
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni...
İki gül
Qərənfil şəhid qanı,
Xarıbülbül göz yaşı,
İki güllə yazıldı Vətənin qan yaddaşı...
***
Qönçə-qönçə güllənən qızıl qaşlı sevginin, -
Üfüqlərdən boylanan eşq danıydı qərənfil.
Hər sevginin gəlişi çiçək günü, gül günü
İki sevən ürəyin peymanıydı qərənfil.
Qərənfil gül deyildi, - ilk sevginin gözündən
Süzülüb damla-damla düşən od dənəsiydi.
Beləcə boylanırdı sevənlərin üzündən
Həyalı duyğuların gizli baxış səsiydi.
Payızın boz çənində,
qışın bəyaz qarında,
Yanırdı Günəş olub hər fəsildə Qərənfil.
Alışırdı şam təki gəlin xonçalarında
Xoşbəxtlik aktı idi hər nəsildə Qərənfil.
Qərənfil bir qış günü yol alıb Şüvəlandan
Səpələndi Sibirdə Cavidin nəşi üstdə.
Göy yerə yelkən açdı, yer göyə havalandı
Vətən gül-gül parladı sözün Günəşi üstə.
Gəldi, gül kimi gəldi düz iyirmi yanvara,
Gəldi süngü başında, tankların lüləsində.
Rənginin al yerindən tutub çəkdilər dara
Güllələr çiçəklədi gözünün giləsində.
Hər ləçəyi boyandı günahsız axan qana,
Qoboy sədası üstə can xışladı Qərənfil.
Azadlıq meydanından Dağüstü xiyabana
Tabut-tabut güllənib yol başladı Qərənfil.
***
Canını çox üşütdü həsrət Xarıbülbülün
Ləçək-ləçək dilləri için-için sızladı.
Sudan duru gözləri aydan arı bülbülün
Naləsinin şehində ümid yeri buzladı.
Rəng alıb rəng qatırdı Tanrının bəstəsindən
Rəngi solan güllərin ölü qonşuluğunda.
Əsir düşən səslərin şikəst şikəstəsindən
Hallanırdı Turşsuyun şirin turşuluğunda.
Diksinib ahlarından ətrafdakı güllərin,
Çəkirdi ciyərinə tövşiyən yağışları.
Bağrının gül başında buğlanan nisgillərin
Üşənirdi nəmindən pərişan baxışları.
Açdı qırışlarını doğma əzan sədası,
Axdı ilahi səslər donan minarələrdən.
Qopardı mehvərindən "Dəmir yumruq" nidası
Qarabağ silkələndi alovlu nərələrdən.
Yetişdi imdadına xilas ruhlu əsgərim
Gül ətirli qanıyla öpdü Xarıbülbülü.
Qəzəbindən qan daman qisas ruhlu əsgərim
Gözünə məlhəm kimi təpdi Xarıbülbülü.
***
Qərənfil ta qan deyil,
Ah deyil Xarıbülbül,
Daha qəmin taxtında şah deyil Xarıbülbül,
Qərənfil gül bayrağı, Xarıbülbül aypara,
Qərənfili yozmayın ta İyirmi yanvara!
Qərənfil döyüş ruhu,
Xarıbülbül Qələbə
İki gül keşik çəkir bu müqəddəs qəlibə!
Xarıbülbül qayıtdı Şuşada gül yerinə,
Qərənfil də qayıtsın eşqin könül yerinə...
Qərənfil ta qan deyil, Xarıbülbül göz yaşı,
İki güldən boylanır Vətənin qan yaddaşı!..
Gözün aydın, Qarabağ!
Güman keçməz dağları,
Aşa-aşa qayıtdıq,
Yumruq kimi birləşib
Coşa-coşa qayıtdıq,
Biz Kəlbəcər-Kəlbəcər
Şuşa-Şuşa qayıtdıq,
Başın uca, üzün ağ,
Gözün aydın, Qarabağ!
Hər döyüşün başında
"Yurd yeri" var, "Cəngi" var,
Hər həmlədə ordumun
Nərəsi var, cəngi var,
Cəngavər oğulların
Şanlı zəfər rəngi var,
Gör nə deyir Lələdağ, -
Gözün aydın, Qarabağ!
Hər qazi bir qaladı, -
Bir qələbə örnəyi,
Şəhid-şəhid ovundu
Bu torpağın göynəyi,
Göydə mələklər öpdü
Neçə qanlı köynəyi,
Bu müqəddəs nura bax,
Gözün aydın, Qarabağ!
Vətəndi bu savaşın
Hər sirri, hər sehri də,
Bir atanın öyüdü,
Bir ananın mehri də,
Uçundu Göyçə-Göyçə
Zəngəzur da, Mehri də,
Silkələndi Ağrıdağ
Gözün aydın, Qarabağ!
Bir fırtına kükrədi
Qisas adlı limandan,
Yer əsdi, göy titrədi
Bu anddan, bu imandan,
Xalqın güvənc yeridi
Ta Ali Baş Komandan,
Dalğalan bayraq-bayraq,
Gözün aydın, Qarabağ!
Gözün aydın, Qarabağ!
Qara-qura şeir
qarışqalar, qarışqalar
qara daşın qara-qura qaşıdı,
qarışqalar qara daşı qarış-qarış qaşıdı.
qarışqalar, qarışqalar
qara qışın qaşovlanan qurşağı,
qarışqalar qar altında qara quşun başağı.
qarışqalar, qarışqalar
qara qışlar qarşısında naşıdı,
qarışqalar qara qışa quşbaşı qar daşıdı.
qarışqalar, qarışqalar
qara daşda qara quşun arşını,
quşatanda qara daşdı qara quşun qurşunu.
Təbrizə yağış yağır
Təbrizə yağış yağır,
Yuyur güllü otları.
Öpüşür bir-biriylə
Ürəyimin çatları.
Bu yağışlı gecənin
Qoxusu var, -
sapsarı.
Göylər çəkir canına
İslanan işıqları...
İslanan işıqların
Nəmdən keçir hər simi.
Gümanım pərişandı
Gülsüz "Gülüstan" kimi.
Urmu cadar-cadardı,
Yanır duz dağlarından.
Tanrı öpür gizlicə
Duzlu dodaqlarından.
Dolub Qarı körpüsü
Qəmin qara meyindən.
Acı çəkir Acı çay
Acı şirinliyindən...
Ümidim göy üzündən
Üzülür mələk-mələk.
Ovuldum ovum-ovum
Kəndovanın bağrıtək.
Şah gölü göz yaşının
Göllənir lal yerində.
Ovunuram ahımla
Dərdimin bal yerində.
Göy bulud göydən qərib
Ağ duman ağ tül üstə.
Yarpaq öpür yarpağı,
Gül sərilir gül üstə.
Təbrizə yağış yağır,
Yuyur güllü otları.
Öpüşür bir-biriylə
Ürəyimin çatları.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!