Şeirlər - Muxtar QASIMZADƏ

 

Yaşıdlarıma

 

İllər ötdü, bu da yetmiş -

Necə gəldi, necə getdi...

Yoxsa həyat yuxu imiş?

Gecə gəldi, gecə getdi.

 

Xəyal kimi, duman kimi,

Yada salar kimlər kimi?

Ələdikcə xatirəmi

Şirin qaldı, acı getdi.

 

Sanma ömür-gün bütündü,

Biri gecə, biri gündü,

Bizə düşən yarı gündü,

O da işə-gücə getdi.

 

Şair, səfər xoş səfərdi,

Dərd eləmə nə xəbərdi,

Qoy desinlər bəxtəvərdi,

Son mənzilə qoca getdi.

 

 

Olmasın

 

Dağlar qoşa dayansın,

Quşlar qoşa uçsunlar.

Ulduzlar qoşa yansın,

Güllər qoşa açsınlar.

Sevənlər qoşa gəzib,

Qoşaca qarısınlar.

Əllər də qoşa olsun

Bir işə yarısınlar.

İkilikdə gözəldir,

Ucalıqdır bu həyat.

Zirvələrə qaldırar,

Qartalı qoşa qanad.

Dünyanı belə görək

İnsan qəlbi dolmasın.

Sərhədləri götürək,

Vətən iki olmasın.

 

 

Vətən sevgisi

 

Vurul bu torpağa min bir baxışla,

Müqəddəs duyğunla qəlbi naxışla.

Vətəndaş olursan, vətəndaşlığa

Sənə zəmanətdir Vətən sevgisi.

 

Qorunub həmişə Yer kürəsində,

Yaşayır hər kəsin öz nəfəsində.

Ürəyin məhəbbət xəritəsində,

Ən böyük dövlətdir Vətən sevgisi.

 

 

Dağlar

 

At səyirdim dumanına,

Tərsə düşsün yolum, dağlar.

Yatım kəhər yalmanına,

Hey qarışsın halım, dağlar.

 

Diləyinə, muradına,

Qayaların qanadına, -

Əl çatmayan buluduna,

Yol ver, çatsın əlim, dağlar.

 

Çiçək yağsın dolayından,

Səngərindən, sarayından.

Yükünü tut gül tayından,

Keyfini çək, gəlim dağlar.

 

Gəzə-gəzə yaylağını,

Qoy yandırım çırağını.

Dərə-dərə otağını,

Doğma evim bilim, dağlar.

 

Vurulmuşam bu çağına,

Yüz yol gəlim ayağına.

Dönüm oba uşağına,

Qucağında qalım, dağlar.

 

 

Qönçə

 

Qönçə fikirdi hələ,

Oyanıb açılacaq.

Ləçəyi pilə-pilə,

Teli tel-tel olacaq.

 

Qönçə fikirdi hələ,

Sehrdi, sirdi hələ,

Camalına su çilə,

Hayıl-mayıl olacaq.

 

Qönçə fikirdi, fikir,

Günəşdən şölə çəkir.

Od içir, şirə çəkir,

Dodağı bal olacaq.

 

Qönçə qönçədir hələ,

Zərif, incədir hələ,

Göydür-göyçədir hələ,

Allanıb al olacaq.

 

Qönçə körpədi, körpə

Əzizlə öpə-öpə.

Donunu pörtə-pörtə

Soyunub gül olacaq.

 

Qönçə xumardı, şəndi,

Başı dumandı, çəndi,

Dərən, kama yetəndi,

Nakam, bülbül olacaq.

 

 

Ordubadda

çinar gördüm...

 

Bir çinar oynayır bulaq başında,

Çalır havasını yaz küləkləri.

Təzə gəlin kimi duvaq başında,

Açılıb yanlara ağ biləkləri.

 

Sakit dayananda əli titrəyir,

Möcüzə göstərir, sanki rəqsdə.

Əyilir, yıxılır, beli titrəyir

Ağac görməmişdim belə həvəsdə.

 

Günəş əl gəzdirir zərif döşündə,

Şehli nəfəsini küləklər udur.

Bəyaz sinəsinə işıq düşəndə,

Yarpaq - əllərini üzünə tutur.

 

Bu sevda olmasın canını üzən,

Bu halı gül açan yaza oxşayır.

Mağar ortasında naz ilə süzən

Bir boylu-buxunlu qıza oxşayır.

 

Bir çinar oynayır bulaq başında,

Sular camalına ayna tutubdu.

Süzür gəlin kimi duvaq başında,

Ağac olduğunu lap unudubdu.

 

 

Qızlar bulağı

 

Qaya pilləkəndən enib gəlirəm

Yanında qalmağa, Qızlar bulağı.

Bir həzin nəğməyə dönüb gəlirəm,

Mən sənin olmağa, Qızlar bulağı.

 

Yüz ildir, min ildir saçın qurumur,

Yaşıl səltənətin, tacın qurumur.

Buludlar quruyur, damcın qurumur,

Düşmüşəm marağa, Qızlar bulağı.

 

Payız da yaşılsan, qış da yaşılsan,

Sən mamır qanadlı tovuz quşusan,

Sevən ürəklərə elçi daşısan -

Xəyala dalmağa, Qızlar bulağı.

 

Bir vaxtı həsrət idin səsə, şənliyə

Yəqin, son qoymusan indi təkliyə.

Gəlmişəm, telinə sığal çəkməyə,

Könlünü almağa, Qızlar bulağı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!